hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

3 uşağı xəstəxanalıq edən qəza: “Qaz idarəsi boynundan atır” - FOTOLAR

3 uşağı xəstəxanalıq edən qəza: “Qaz idarəsi boynundan atır” - FOTOLAR

Dekabrın 1-i Goranboy rayonunun Kəpənəkçi kəndində Etibar Namazoğlu 42 A ünvanında partlayış baş verib. 

Partlayışa səbəb yeraltı qaz sızması olub. Hadisə nəticəsində ailənin 3 azyaşlı uşağı ciddi  xəsarət alıb. Məlumata görə, uşaqlardan birinin vəziyyəti hələ də ağır olaraq qalır. 

Məsələ ilə bağlı mənzilin sakini Əhmədova Mehbarə İslam qızı Cebhe.info-ya müraciət edərək ailənin ciddi köməyə ehtiyacı olduğunu bildirib: 

“Hadisə dekabrın 1-i axşam saat 11 radələrində baş verib. Partlayışa səbəb yeraltı qaz sızmasıdır, bunların hamısı qaz idarəsinin səhlənkarlığı nəticəsində olub. Partlayış olduqca güclü idi. Hadisə nəticəsində 3 nəvəm xəsarət alıb. Hazırda nəvələrim Bakı şəhər 5 saylı xəstəxanada müalicə alırlar. Həkimlər əllərindən gələn köməkliyi göstərirlər. Uşaqlara ciddi nəzarət var. Böyük nəvəm Əhmədov Ümid çox xəsarət alıb. Hazırda vəziyyəti ağır olaraq qalır, bədəninin 70 faizi yanıb. Hətta zəhərlənmə qanına keçib. Halı tez-tez pisləşir. Eşidən-bilən hamı qan verir. 9 gün ərzində heç bir qurumdan kömək göstərilməyib. Bizə heç kim maraq göstərmir. Özüm şəhid bacısıyam. Qardaşım Abdullayev Rayət İslam oğlu Qarabağ döyüşlərində 1993-cü ildə şəhid olub. Qaz idarəsi ilə əlaqə saxlayırıq, boyunlarından atırlar. Yaxın adamımız icra hakimiyyəti ilə əlaqə saxladı, bu hadisədən məlumatları olmadığını, maraqlanacaqlarını dedilər. Lakin onlardan da bir xəbər yoxdur. Kirayə yaşayırıq. Qaz idarəsinin müdiri dəstək durmaq yerinə, bizi günahlandırmağa çalışır. Fövqəladə Hallar Nazirliyindən də gəlib yoxlayıblar, məlum olub ki, hadisəyə səbəb qaz sızmasıdır. Heç bir quruma müraciət etməmişik, amma belə bir hadisənin olduğundan xəbərdardırlar, sadəcə maraq və yardım göstərmələrini xahiş edirik. Hazırda mənəvi və maddi yardıma ehtiyacımız var. Heç kimin maraqlanmaması insanı incidir. Axı biz kimə müraciət etməliyik? Hazırda bütün gün xəstəxanada olduğumuz üçün heç kimlə əlaqə saxlaya bilmirik, işin üzərinə düşməyə belə vaxtımız olmur. Xahiş edirik aidiyyəti qurumlar köməklik göstərsin”. 

Səyad Həsənli 
Cebhe.info


Oxunma sayı: 17942