hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

4 iyun qiyamı: “Surət Hüseynov təkbaşına deyildi”- Elçibəyin köməkçisi

4 iyun qiyamı: “Surət Hüseynov təkbaşına deyildi”- Elçibəyin köməkçisi

4 iyun Gəncə hadisələrindən 27 il ötür.

Bu müddət ərzində qiyamla bağlı müxtəlif fikirlər səsləndirilib. Səslənən iddialara müxtəlif zamanlarda o vaxtkı hakimiyyətdə təmsil olunan şəxslər tərəfindən cavab verilib. Lakin hələ də cavabsız qalan suallar var. “4 iyun qiyamının qarşısını almaq olardı”, “hakimiyyət daxilində bəzi qüvvələrin mövqeyi qiyamı “körükləməyə” xidmət edirdi” və s. iddialar bu gün də səsləndirilir.

Səslənən iddialarla bağlı “Cümhuriyət”-in suallarını 1992-ci ildə Prezident Əbülfəz Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov cavablandırıb.

“Əməliyyatın başındakı insanların təcrübəsi və qətiyyəti yetərincə olsaydı...”

-Oqtay bəy, 4 iyun qiyamının qarşısını almaq olardımı?

-Bu günün prizmasından baxanda 4 iyunla bağlı müxtəlif fikirlər səsləndirilə bilər. Həmin anda Gəncəyə göndərilən əməliyyatın başındakı insanların təcrübəsi və qətiyyəti yetərincə olsaydı, təbii ki, qiyamın qarşısını almaq olardı. Gəncədə olan qiyamın qarşısını almaq mümkün idi, imkansız deyildi. Amma sonrası necə olacaqdı, onu demək çətindir.
-Belə bir iddia səslənir ki, 1992-ci ilin qış aylarında Surət Hüseynovla razılıq əldə olunmuşdu. Amma sonradan müəmmalı səbəblərdən razılıq pozulub...
-Əvvəlla Surət Hüseynovun əsas tərəfdarlarından olan, qiyamdan sonra Gəncə şəhər İcra Hakimiyyətinə rəhbərlik edən Hacı Vaqifin bir bəyanatı var idi. Etiraf edirdi ki, Surət Hüseynov Gəncədəki hərbi hissədən getmək istəyirdi. Əbülfəz Elçibəy də müsahibələrində bu məsələyə toxunub.

Amma Surət Hüseynov artıq müəyyən bir kampaniyanın təsiri altında idi, öz iradəsi ilə hərəkət etmirdi. Hacı Vaqif də etiraf edirdi ki, Surət Hüseynov iki dəfə hərbi hissədən çıxıb evinə getdi, amma biz onu gedib gətirdik ki, gəl otur burda bu prosesə rəhbərlik elə. Yəni əslində, məsələ o qədər də sadə deyildi. Surət Hüseynov bu məsələyə təkbaşına rəhbərlik etmiş adam deyil. Bunlar daha böyük güclərin əlində bir vasitə idilər, ön plana da Surət Hüseynovu çıxarmışdılar. Azərbaycanda bu çevrilişi həyata keçirən Rusiya hərbi kəşfiyyatı idi. Onların da burada önə çıxardığı adam idə o zaman Qarabağ bölgəsində də müəyyən nüfuzu olan Sürət Hüseynov idi və digər hərbi-siyasi müxalifət onun ətrafında toplanmışdı.

“Müdafiə Nazirliyi öz işinin öhdəsindən gələ bilmədi”

-Belə bir fikir də səslənir ki, o dövr Elçibəy komandasında vahid mövqe yox idi, başqa qüvvələrə xidmət edənlər AXC-də əks fəaliyyət göstərirdilər. Doğrudanmı belə idi?

-Təbii ki, bu fikri hər kəs öz nöqteyi-nəzərindən səsləndirir. Bunu da onunla əsaslandırırlar ki, o zaman hakimiyyətdə olan qüvvələr müxtəlif təşkilat və partiyalarda təmsil olunurdular. Təbii ki, rəqabət var idi, bunu inkar etmək olmaz. Amma söhbət ondan gedir ki, əsas məsələ güc strukturları ilə bağlı olan vəziyyətdir. Azərbaycanın o zamankı hüquq-mühafizə orqanları, konkret desək, Müdafiə Nazirliyi öz işinin öhdəsindən gələ bilmədi. Məsələ bu qədər bəsitdir. Əslində, söhbət siyasi məsələdən getmir. Qiyamın yatırılması ilə bağlı, yəni Gəncədə 709-cu hərbi hissəsinin Müdafiə Nazirliyinə tabe etdirilməsi məsələsi onların daxili işi idi. Dövlət Müdafiə Komitəsinin 1993-cu il 26 may toplantısında bu məsələ müzakirə olunanda bu məsələ ilə bağlı konkret göstərişlər verilib. Bir müddət əvvəl də sabiq Baş nazir Pənah Hüseyn həmin iclasın stenoqramını açıqlamışdı.
-Oqtay bəy, iddia olunur ki, o dövrdə Elçibəy komandasında qiyamçılara qarşı sərt cəzanın tətbiq olunmasını, hətta Surət Hüseynovun güllələnməsini təklif edənlər olub, amma razılıq verilməyib...

-Elə şey olmayıb. Bu məsələ Dövlət Müdafiə Komitəsində müzakirə olunub. Orada isə konkret olaraq söhbət ondan gedib ki, ilk olaraq 709-cu hərbi hissə Müdafiə Nazirliyinə tabe edilməlidir. Bütün Azərbaycan vətəndaşları kimi Surət Hüseynov da qanunlara tabe olmalı, dövlətə qarşı çıxış etməməlidir. Əbülfəz Elçibəyin isə fikri ondan ibarət olub ki, Azərbaycan dövlətinə qarşı çıxan, hətta mənim qardaşım olsa belə, o cəzalanmalıdır. Surət Hüseynov da ya həbs olunmalı, ya məhv edilməlidir. Yəni Elçibəy konkret olaraq birmənalı mövqeyini bildirib. Söhbət ondan gedir ki, Surət Hüseynov törətdiyi əməllərə görə, qanun qarşısında cavab verməli idi. Çünki ona qədər cəbhədə baş verən hadisələr, 23 yanvar 1993-cu ildə Surət Hüseynovun verdiyi əmrlə hərbi qüvvələrin Ağdərə istiqamətindən geri çəkilməsi ilə rayonun bir hissəsinin ermənilər tərəfindən ələ keçirilməsi məsələsi var idi. Ona görə də 9 fevralda Azərbaycan Xalq Cəbhəsinin bu məsələlərlə bağlı bəyanatı olmuşdu. Gəncədəki hərbi hissənin komandiri Şerbakın kimlərlə hansı əlaqəyə girməsi, telefon danışıqları ilə bağlı Milli Məclisdə də müzakirələr aparılmışdı.

“O bəyanat havadan verilməmişdi”

-Oqtay bəy, maraqlı məqama toxundunuz. İddia olunur ki, AXC İcraiyyə Komitəsinin 9 fevralda səsləndirilən bəyanatından Elçibəyin xəbəri olmayıb və bu, birbaşa qurumun sədri Fərəc Quliyevin təşəbbüsü olub.

-Fərəc Quliyev həmin bəyanatı verəndə Prezident Əbülfəz Elçibəy Gəncədə olub. Həmin vaxt mən də Elçibəyin yanında idim. Amma bu bəyanat Fərəc Quliyevin birbaşa şəxsi təşəbbüsü ilə olmayıb. Bu bəyanatdan təxminən 1 həftə əvvəl AXC Tərtər rayon şöbəsinin bəyanatı olub. Fərəc Quliyevin səsləndirdiyi problemlərə həmin bəyanatda toxunulmuşdu. Dövlət rəhbərliyindən də bu məsələlərlə bağlı tədbir görülməsi xahiş olunurdu. Yəni o havadan yaranan bir bəyanat deyildi, onun əsasları var idi. Çünki Ağdərə istiqamətində baş verən hadisələr Tərtər rayon şöbəsini belə bir bəyanat verməyə vadar etmişdi. AXC-nin də bəyanatı buna əsaslanmışdı. Sadəcə olaraq, Fərəc Quliyev AXC İcraiyyə Komitəsinin sədri təyin olunandan 1-2 gün sonra bu bəyanatı səsləndirməsi bir az fərqli şərhlərə səbəb olub. O baxımdan bu cür deyilir.

“İyul ayında bu məsələ bitəcəkdi”

-4 iyun qiyamının Azərbaycana təsiri nə oldu?

-4 iyun məsələsinin ən qısa məğzi bundan ibarətdir ki, Rusiya Azərbaycanı öz nüfuz dairəsində saxlamaq və müstəqil siyasət həyata keçirən hakimiyyəti devirmək üçün müxtəlif planlar qururdu və onun bir hissəsi də Gəncə hadisələri idi. Rusiya Gəncə hadisələri ilə həm də Dağlıq Qarabağ məsələsini, konkret olaraq 1993-cü ilin iyun ayında Kəlbəcərin boşaldılması ilə başlayacaq prosesi dayandırmaq məqsədini güdürdü. Çünki 1993-cü il may ayının sonlarında Türkiyə, Amerika və Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında Kəlbəcərin boşaldılması ilə bağlı razılıq əldə olunmuşdu. Bu anlaşmaya Azərbaycanın Dağlıq Qarabağ icması da imza atmışdı. 14 iyunda isə Ermənistanın Dağlıq Qarabağdakı qondarma parlamentində keçirilən iclasda bu anlaşmanı imzalayacağı ilə qərar qəbul olunmuşdu. Sadəcə, bir şərt qoyulmuşdu ki, Azərbaycanda siyasi vəziyyət aydınlaşana qədər bu qərar qüvvəyə minmir. Rusiya isə Gəncə məsələləri ilə Dağlıq Qarabağ probleminin qısa müddətdə həllinin qarşısını aldı ki, həm Azərbaycanı, həm Ermənistanı öz təsiri altında saxlasın. 4 iyun qiyamının Azərbaycan dövlətçiliyinə vurduğu zərbələri biz hələ də aradan qaldıra bilmirik. Bizim milli dövlət quruculuğu, demokrat islahatların həyata keçirilməsi, normal seçki ənənəsinin oturuşması ləngidildi və Azərbaycanın ərazi bütövlüyü məsələsi bu günə qədər sual altındadır. Hansı ki, 1993-cu ilin yayında Dağlıq Qarabağ və ətraf rayonların boşaldılması qrafiki müəyyən olunmuşdu və iyul ayının sonuna qədər bu proses bitəcəkdi. Ondan sonra isə böyük siyasi saziş üçün danışıqlar başlanacaqdı. Bu mərhələli bir həll paketi idi və qaçqınların öz torpaqlarına qayıtması məsələsindən sonra Dağlıq Qarabağın statusu həll olunacaqdı. Bütövlükdə bu proses 1993-cü ilin sonuna qədər yekunlaşmalı idi, amma Rusiya bunun qarşısını aldı. Çünki bu prosesin yekunlaşması Azərbaycan və Ermənistanın iqtisadi baxımdan inkişafı və demokratik ölkə quruculuğu demək idi ki, o zaman da Rusiyanın Qafqazda nüfuzu tamamilə itirdi. Bu isə Rusiyanın maraqlarına uyğun deyil.
Vilayət Muxtar

Cebhe.info


Oxunma sayı: 21275