hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8961
  • NEFT - 59.01
  • clouds-weather

5 günün “qəniməti” 12 qadın: Hicran Hüseynovanın komitəsi qadın qətllərində cəmiyyəti suçladı

5 günün “qəniməti” 12 qadın: Hicran Hüseynovanın komitəsi qadın qətllərində cəmiyyəti suçladı

Son 5 gündə Azərbaycanda 12 qadın cinayəti törədilib və təəssüf ki, bu cinayətlərdən 4-ü ölümlə nəticələnib. 

Digərləri isə Azərbaycanda artıq adət halını almış fiziki zorakılıqdır.

Son beş gündə törədilən cinayətlər:

1. Bakı, Binəqədi rayonu, “Avtovağzal” metrosu yaxınlığında Nicat Abdullayev küçəsində həyat yoldaşı Leyla Abdullayevanı uşaqlarının gözü qarşısında 20 bıçaq zərbəsi ilə qətlə yetirib.
2. Beyləqanın, Yuxarı Aran kəndində döyülərək yolun kənarına koma vəziyyətində atılan 18 yaşlı Quliyeva Aygün Mehman qızı xəstəxanada vəfat edib. Döyülmə səbəbi müəmmalıdır.
3. Daşkəsənin Əmirvar kəndində 19 yaşlı, hamilə olan Abdullayeva Ayşə Samir qızı gəlin getdiyi evdə qayınatası və qayınanası tərəfindən ölümcül döyülüb. Səbəb isə gəlin gələndə özü ilə cehiz kimi qoyun gətirməməsi olub.
4. Bakıda Nizami rayonunda 39 yaşlı İlham Əkbərov yaşadığı evdə arvadı, 36 yaşlı Əkbərova Cəvahir Telman qızını qısqanclıq zəminində bıçaqlayaraq öldürüb.
5. Tərtərin Şıxarx qəsəbəsində qayınata əsəbləşərək avtomobillə gəlininin üstündən keçib. Hadisənin ailə münaqişəsi zəminində və qəsdən törədildiyi bildirilir.
6. Gəncənin Bayan küçəsində, 1977-ci il təvəllüdlü Mustafayeva Natavan Sabir qızının boğazı əri Məhərrəm Sirati tərəfindən kəsilib.
7. Bakının Nəsimi rayonunda qayın ana və qızını beyzbol dəyənəyi ilə döyərək xəstəxanalıq edib.
8. Abşeronun Masazır qəsəbəsində Abdullayeva Aynurə Bəhmən qızı əri Yaqub Qurbanov tərəfindən döyülərək öldürülüb.
9. Bakıda məhbus Ramin Bayramov ona baş çəkməyə gələn həyat yoldaşı 33 yaşlı Elmira Bayramovanı döyüb və kəsici alətlə ona ağır xəsarət yetirib.
10. Bakıda, Atatürk prospektində Orxan və Aysel adlı şəxslər 1995-ci il təvəllüdlü Musazadə Nurlana İbrahim qızını döyərək, telefonunu alıb, hadisə yerindən uzaqlaşıblar.
11. Xətai rayonu, NZS qəsəbəsində ailə münaqişəsi zəminində qardaş öz bacısı, 1966-cı il təvəllüdlü Köçərli Bikə Məhəmmədəli qızını döyərək ağır xəsarət yetirib.
12. Nəsimi rayonunda 44 yaşlı Abbasova Nəzirə Ağagül qızı keçmiş əri tərəfindən döyülüb.

Beş gündə olan hadisələr o qədər dərs olmayıb ki, bugünkü məlumatla siyahıya daha biri əlavə olunub. 1984-cü il təvəllüdlü Sahilə Ələkbərovanı qonşusu ata bağlayaraq sürüyüb. Hadisə Goranboy rayonunda baş verib və ən dəhşətlisi isə hadisənin qadın tərəfindən törədilməsidir.

Cəmiyyət məsələni müzakirə edir, parlamentdə deputat Aytən Mustafayeva çağırışlara qoşulub. “Kimdir müqəssir, yaşadaraq öldürən, yoxsa öldürərək yaşadan? Sevərək parçalayan, yoxsa parçalayaraq sevən?” (Cəfər Cabbarlı).

Problem nədədir - insan psixologiyasındakı dəyişikliklərdə, vəzifəsini icra edə bilməyən Ailə, Qadın və Uşaq Problemləri üzər Dövlət Komitəsində, qadın hüquqları müdafiəçilərində, yoxsa hələ də qadına əşya kimi baxan toplumda?

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov  bildirib ki, məişət zorakılığı bütün dünyanda geniş yayılan problemdir:

“Məişət zorakılığı bütün dünyada geniş yayılıb. Hətta ABŞ, Norveç, Danimarka, Yeni Zellandiya, Vyetnam kimi ölkələrdə də öldürülən qadınlar var. Azərbaycanda son iki həftədə qadınlara qarşı baş verən zorakılıq faktları olduqca böyük problemdir. Bu problemlə mübarizə aparmaq üçün ümumi icraedici və siyasət çərçivəsində görülən tədbirlər var. Azərbaycanda ailədə zorakılıq cinayət hesab edilir və bununla bağlı cinayət məsuliyyətinə cəlb edilən şəxslər var. Hər il bununla bağlı 800-900 iş olur. Bu faktların qarşısını almaq üçün 2010-cu ildə Dövlət Komitəsinin hazırladığı qanun layihəsi qəbul edilib. Həmçinin 2011-2012-ci illərdə Nazirlər Kabinetinin qaydaları qəbul olunub. Təkcə 2018-ci ildə 21 mühafizə orderi tətbiq edilib. Eyni zamanda 2015-ci ildən monitorinqlər aparılır və monitorinqi 11 qurumun nümayəndələri həyata keçirir”. 

Elgün Səfərov  qeyd edib ki, məişət zorakılığına qarşı Azərbaycanda mühim tədbirlər görülür, lakin zorakılığın qarşısını almaq üçün əhali də mövqeyini bildirməlidir: 

“Azərbaycanda əvvəllər olmayan böyük bir sistem yaradılıb. Bu, siyasi iradənin göstəricisidir. Cəmiyyətdə qadına qarşı zorakılıq normallaşır. Hətta bəziləri qadın öldürülərkən kömək göstərmək yerinə onu videoya çəkməyə üstünlük verirlər. Beyinlərdə dəyişikliyə ehtiyac var. Bu problemlə mübarizə bir günün işi deyil, illər keçməlidir ki, burada dəyişikliklər edilsin. Cəmiyyətin qadına münasibəti dəyişməlidir. Bu, təkcə bir dövlət qurumunun işi deyil, əhalinin mövqeyi olmalı, həmin şəxslər qınaq obektinə çevrilməlidir. Bu gün nəinki kişilər, hətta bəzi qadınlar da şiddətə normal baxır. Məişət zorakılığına qarşı etiraz olmalıdır. Burada əhalinin, vətəndaşların çıxışı vacibdir. Çünki zorakılıqla bağlı lazım olan qanunlar, həyata keçiriləcək olan tədbirlər də var. Bəzi yerlərdə ola bilər ki, monitorinqlər zəif olsun, lakin əksər yerlərdə güclü aparılır. Burada başqa bir məsələ qaldırılmalıdır. Çox təəssüf ki, ailə üzvlərinin fiziki zorakılığı ilə bağlı hal-hazırda xüsusi müddəalar yoxdur. Azərbaycanda uşaqların nikaha cəlb edilməsi halları olduğuna baxmayaraq, bununla bağlı bir cinayət işi yoxdur. Bu da məişət zorakılığıdır. Buna qarşı tədbirlər görülməlidir. Biz məişət zorakılığının qarşısının alınması üçün təlimləri bütün hüquq-mühafizə orqanları ilə, sosial işçilərlə, hətta ailələrlə də aparırıq, amma yenə də azalmır. 20 bıçaq zərbəsi ilə bir insanı öldürmək psixoloji problemlərdən xəbər verir. Başa düşülür ki, bu, həmin qadına qarşı birinci zorakılıq deyil və qəbulediməzdir. Biz bunu qəbul etməliyik ki, hazırda cəmiyyətdə psixoloqlar, sosial işçilər azlıq təşkil edir. Ailə psixoloqu, ailə vəkili  lazım olan sayda deyil. Cinayət Məcəlləsində fiziki zorakılığa görə məsuliyyət növü müəyyənləşdirilməli və qəbul edilməlidir. Bu il Milli Fəaliyyət Planının qəbul edilməsi gözlənilir və bu, həmin problemlərə müəyyən qədər  təsir göstərəcək. Bununla yanaşı Dövlət Komitəsi tərəfindən onlayn məlumat bankı da yaradılıb”.

Həmsöhbətimiz zorakılığa məruz qalan qadınların adlarının çəkilməsinə qarşı çıxıb:

“Mən öldürülən qadınların adlarının qeyd olunmasına qarşıyam. Çünki onların övladları var və gələcəkdə o uşaqlar məktəbdə, bağçada tənqidə məruz qalırlar. Ona görə də adların qeyd olunması etik qaydalara ziddir. Bunu mütəmadi işıqlandırmaq düzgün deyil. Mətbuatda belə problem var. Ümumi fakt haqqında məlumat olmalıdır”. 

Səyad Həsənli
Cebhe.info


Oxunma sayı: 14279