hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8961
  • NEFT - 59.01
  • clouds-weather

Abbas Lisani İran rejiminə meydan oxudu: “Milli hərəkatı dayandıra bilməyəcəksiz”

Abbas Lisani İran rejiminə meydan oxudu: “Milli hərəkatı dayandıra bilməyəcəksiz”

Sentyabrın 16-da Ərdəbil Əyaləti Apelyasiya Məhkəməsinin 1-ci şöbəsində tanınmış güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin məhkəmə iclası keçirilib. 

Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) İdarə Heyətinin üzvü Ağrı Qaradağlının Cebhe.info-ya verdiyi məlumata görə, Apelyasiya Məhkəməsində Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən fəal barəsində çıxarılan 8 illik həbs cəzasına baxılıb. Qeyd edək ki, Ərdəbil Apelyasiya Məhkəməsinin 1-ci şöbəsinin rəisi Nasir Ətəbatidir. O ötən aylarda İran Məhkəmə Sisteminin rəisi İbrahim Rəisi tərəfindən bu şöbənin rəisi və Ərdəbil Əyaləti Ədliyyə Şöbəsinin rəisi postuna təyin olunub. Nasir Ətəbati bundan əvvəl Ərdəbilin prokuroru olub. Abbas Lisaninin sözügedən dosyesinin iddianaməsi də Nasir Ətəbati tərəfindən hazırlanıb. Məhkəmənin katibləri Bilal Müzəffəri və Mərhəmət Şahbazzadə tərəfindən idarə olunan 4 saatlıq məhkəmə iclasında Abbas Lisani və onun vəkili Məhəmmədraz Fəqihi Ərdəbil İnqilab Məhkəməsinin hökmünə etiraz olaraq öz dəlillərini təqdim ediblər. Adı çəkilən məhkəmə katiblərinin dediyinə görə, Ərdəbilin yeni prokuroru Abdulla Təbatəbayi də Abbas Lisanidən şikayət edərək onun barəsində çıxarılan məhkəmə hökmünə yenidən baxılmasını tələb edib. Məhkəmə iclası zamanı Abbas Lisani özünümüdafiə ilə bağlı önəmli məsələlərə toxunub. 

“Məhkəmə və  dindirilmə prosesi   ETTELAAT-n senarisi ilə keçirilib. Mən onlara dedim, sizə də deyirəm: Hökm edam və ya ömürlük həbsdən ibarət olsa da, bir addım belə geri oturmayacam. Mənim bədənimdən təkcə bir hüceyrə belə qalarsa, o hüceyrə vətənim Azərbaycan və millətimin yolunda mübarizə aparacaq”- deyə, o vurğulayıb. Abbas Lisani məhkəmə iclasının sonunda türk dilində hazırladığı açıq məktubu oxuyub. Məktubda deyilir: “Özünüzə güvənirsinizsə, məhkəmə prosesini açıq keçirin, qoyun bütün millət və dünya ictimaiyyəti şahid olsun. Azərbaycan Milli Hərəkatı türk millətinə edilən zülmlər nəticəsində ortaya çıxıb. Ona görə də hər bir normal Azərbaycan türkü öz dili, kimliyi, torpağı və digər hüquqlarını qorumaq üçün dinc mübarizəyə başlayıb. Bu mübarizəni kimsə dayandırıb və ya başqa istiqamətə yönəldə bilməyəcək. Siz sağlam və dinc mübarizə aparan azərbaycanlı fəallara qara yaxıb onların kiməsə bağlı olduğunu deyə bilməzsiniz. Azərbaycan milləti öz haqlı istəyindən əl çəkməyəcək, məsulları ədalətə çağıran fəalları isə müdafiə mövqeyinə çəkmək mümkün olmayacaq”.

Aydın
Cebhe.info


Oxunma sayı: 2828