hava haqqinda Bakı
Bu gün +15 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0262
  • EURO - 1.9145
  • NEFT - $ 71.16
  • clouds-weather

ABŞ sanksiyaları özünü də çökdürür: Dünyanı gərginliyə salan prezidentin “qazandırdıqları - TƏHLİL, RƏY

ABŞ sanksiyaları özünü də çökdürür: Dünyanı gərginliyə salan prezidentin “qazandırdıqları - TƏHLİL, RƏY

Tarixən Amerika Birləşmiş Ştatları (ABŞ) ölkələrə qarşı sanksiyalar tətbiq edib. Sanksiyalara əsasən bir sıra şəxslərin və şirkətlərin aktivləri, hesabları dondurularaq müsadirə edilib. Bundan əlavə, Amerika vətəndaşları və şirkətlərinə də bu şəxslərlə əməkdaşlıq etmək qadağan edilib. Sanksiyaların iqtisadi və siyasi təsirləri daima müzakirə edilib. Amma bu sanksiyalardan Amerikanın özünün nə qədər zərər görməsi barədə heç vaxt fikir bildirilməyib. Son dönəmlərdə ABŞ-ın sanksiya “yumruğu” yenidən işə düşüb. Belə ki, Türkiyədə ev dustağı olan ABŞ vətəndaşı keşiş Endryu Brunsonın sərbəst buraxılmaması səbəbiylə Vaşinqton, Türkiyənin daxili işlər naziri Süleyman Soylu ilə ədliyyə naziri Abdulhəmid Gülə sanksiya tətbiq etməyi qərara alıb. Bundan əlavə, prezident Donald Tramp Türkiyədən satın alınan polad və alüminiumdan gömrük vergisinin iki qat artırılmasını da təsdiqləyib. ABŞ-ın bütün ölkəni hədəfə alan sanksiyaların əksəriyyəti illərdir ki, qüvvədədir.

İran İslam Respublikası 1979-cu ildə Tehranda Amerika səfirliyinin tutulmasından sonra ABŞ banklarında İrana məxsus qızıl ehtiyatları və aktivlər donduruldu. Bundan əlavə, İranla işbirliyi quran şirkətlərə qarşı da sanksiyalar tətbiq olundu. 1995-ci ildə sanksiyalar yumşaldıldı və üçüncü ölkələr vasitəsilə İrana Amerika məhsullarının satılması imkanı yaradıldı. 2006-cı ildə İranın nüvə proqramı ilə əlaqədar kritik enerji sektorunu da əhatə edən iqtisadi embarqo tətbiq olundu. 2012-ci ildə İran banklarına, həmçinin ölkənin atom sənayesi ilə iş birliyi olan şirkətlərə qarşı sanksiyalar növbəti dəfə sərtləşdirildi. 2014-cü ilin əvvəlində rəsmi Tehrana qarşı sanksiyalar nisbətən yumşaldıldı. Rəsmi Vaşinqton İrana qarşı ən son sanksiyalara 2018-ci ilin yayında start verdi. Ardınca prezident Donald Tramp sanksiyalara əməl etmədən İranla ticarət aparacaq ölkələrin ABŞ-la heç bir əməkdaşlıq edə bilməyəcəyi haqqında qərar qəbul etdi. Vaşinqton İrana qarşı sanksiyaların ikinci mərhələsinə noyabrda start verməyi planlaşdırır.

Hazırda tətbiq edilən sanksiyalara İranın ABŞ dollarına çıxışının qarşısının alınması, dövlət istiqrazlarının satılması, qızıl, almaz və digər qiymətli metallar, polad, alüminium, kömür, həmçinin İrana idxal edilən təyyarə və ya onun detalları, gəmiqayırma sahəsi daxildir. Bununla yanaşı, xarici şirkətlərin İranın avtomobil sektoruna girməsinin qarşısını alacaq cəzalar, əl istehsalı olan xalçaların, şam fıstığı kimi qida məhsullarının ABŞ-a ixracı da sanksiyalarla qadağan hesab olunur. İkinci mərhələdə isə enerji sektoruna sanksiya tətbiq ediləcəyi gözlənilir. Şimali Koreyaya ABŞ tərəfindən ilk iqtisadi sanksiyalar 1950-ci ildə tətbiq edilib və 2008-ci ilə qədər davam edib. Sözügedən dönəmdə “insan haqları pozuntuları” və nüvə silahı proqramı səbəbiylə Şimali Koreyaya embarqo xüsusiyyətində qatı sanksiyalar tətbiq olunub.

Suriyaya qarşı ilk iqtisadi sanksiyalar 1986-cı ildə “İnsan hüquqları pozuntuları” və davam edən müharibədə Şam rəhbərliyinin davranışı səbəbiylə həyata keçirilib. 2004-cü ildən tətbiq olunan növbəti sanksiya qərarı Suriya rejiminin terror təşkilatlarına yardım etməsi, Livanın işğal edilməsi, kütləvi qırğın silahları və İraqda üsyançılara dəstək verilməsi müqabilində qəbul edilib. 

Sudan 1993-cü ildə terroru maliyyələşdirən dövlətlər siyahısında yer aldığı üçün və 2003-cü ildə ölkənin qərbində - Darfur vilayətində yeni münaqişə ocağının yaranması ilə sanksiya tətbiq olunub. 2003-cü ildə Darfur vilayətində yeni münaqişə ocağının yaranması burada zəngin neft ehtiyatlarının aşkarlanması ilə bir vaxta düşmüşdü. Hazırda Sudanın neftçıxarma sənayesinə ən çox investisiya qoyan ölkə Çindir. Öz növbəsində digər iri beynəlxalq oyunçular Sudan neftinə nəzarət etmək üçün cidd-cəhdlə mübarizə aparırlar. Bundan əlavə, ABŞ 2007-ci ildə birtərəfli qaydada Sudana qarşı iqtisadi sanksiyalar tətbiq etməyə başlayıb. Sanksiyalar səbəbindən 30 Sudan şirkəti ABŞ-la ticarət əməliyyatları aparmaq və Amerika banklarından maliyyə yardımları almaq imkanından məhrum olublar. 

Kubaya qarşı ilk sanksiyalar 1958-ci ildə Amerika fiziki və hüquqi şəxslərinin mülklərinin milliləşdirilməsindən sonra tətbiq olunmağa başlanıb. Sonra sanksiyalar embarqoya qədər genişləndirilib. Kubada “insan hüquqları pozuntusu” səbəbindən 60 il müddətinə sanksiya tətbiq olunur. 1962-ci ildə Kuba, Amerika Dövlətləri Təşkilatından çıxarıldı, ABŞ Hərbi Dəniz Qüvvələri isə ölkə ətrafında karantin zonası yaratdılar. 1966-cı ildən isə ABŞ vətəndaşları Kubaya səfər etmək imkanından məhrum oldular. Bu qaydanı pozanları 10 ilə qədər həbs və böyük miqdarda cərimə gözləyir. Kubaya qarşı tətbiq olunan sanksiyalar bu gün də qüvvədədir. İqtisadi blokadalar Kuba iqtisadiyyatına 100 milyard dollar miqdarında ziyan vurub. 

Rusiya - Türkiyədən sonra ABŞ-ın sanksiyalarına məruz qalmış dövlətlər sırasında nisbətən cavabı hesab olunur. 2014-cü ilin mart ayında ABŞ Rusiyanın rəsmi şəxslərinə qarşı sanksiyaların tətbiq edilməsinə qərar verib. Sanksiyaların tətbiq olunduğu şəxslərin ABŞ-a səfəri qadağan olunub, onların aktivləri və banklarda olan hesabları dondurulub.

Bundan əlavə, 2012-ci ildə Amerika hökumətinin iddialarına görə, Sergey Maqnitskinin ölümündə günahkar olan rusiyalı şəxslərə qarşı sanksiyaların tətbiq olunması barədə qərar qəbul edilib. Rusiyada 230 milyon dollarlıq korrupsiya faylını araşdıran rusiyalı vergi mütəxəssisi Sergey Maqnitskinin 2009-cu ildə həbsdə ölməsindən sonra hazırlanan "Qlobal Maqnitski Qanunu" adlı qanuna görə bu günə qədər Rusiyadan 100-dən çox gerçək və ya hüquqi şəxs sanksiya siyahısına salınıb. Xüsusilə, Rusiyanın Krımı ilhaqı və Ukraynanın böhranına müdaxiləsi səbəbindən çox sayda şəxs ABŞ-ın "qara siyahı”sına salınıb. ABŞ-ın Rusiyaya qarşı növbəti sanksiyası 2018-ci ilin avqustunda tətbiq edilib. Bir qrup respublikaçı və demokrat senatorların irəli sürdükləri qətnamədə rusiyalı siyasətçilərə qarşı yeni sanksiyaların tətbiqi, energetika sahəsində investisiyalar və uranium idxalı ilə bağlı bəzi məhdudiyyətlər nəzərdə tutulub. Uzun müddət davam edən sanksiyalar sözügedən ölkələrin real sektorlarına təsirsiz ötüşmür. Ölkələrin beynəlxalq iqtisadiyyata çıxış imkanları əhəmiyyətli dərəcədə əngəlləndiyi üçün real iqtisadiyyatın inkişaf tempi aşağı düşüb. Sanksiyaların təsiri, xüsusən, rus rublunun maliyyə aktivlərində hiss olundu və Rusiya fond bazarı və xəzinələri ağır itkiyə məruz qaldı. Hazırda sanksiyalardan ən çox zərər çəkən ölkə Türkiyə və İrandır. Türk lirəsi və İran realı dollar qarşısında sürətlə dəyər itirir.

İqtisadçı-ekspert Vüsalə Əhmədova “Cümhuriyət” qəzetinə bildirib ki, ABŞ-ın müxtəlif ölkələrə sanksiyalar tətbiq edən qurumu Maliyyə Nazirliyinə bağlı Xarici Aktivlərə Nəzarət İdarəsidir (Office of Foreign Assets Control). O bildirib ki, bu qurumun (OFAC) tətbiq etdiyi sanksiyalar əsasən iki qrupa ayrılır: “İlk sırada hökumətləri hədəf alan və bütün ölkəni əhatə edən sanksiyalar, ikinci yerdə isə, fiziki və ya hüquqi şəxslərin xarici aktivlərinə yönəlik tətbiq edilən sanksiyalar gəlir. İlk qrup sanksiyalar ölkənin bütün iqtisadiyyatını hədəf alır və bu qəbildən olan sanksiyaları ABŞ indiyədək 5 ölkəyə İrana (1979-2006), Şimali Koreyaya (1950), Suriyaya (1986), Sudana (1993), Kubaya (1958) tətbiq edib və həmin sanksiyalar on illərdir qüvvədədir. Qeyd olunan ölkələrə qarşı həyata keçirilən irimiqyaslı sanksiyaların tətbiqinə müxtəlif səbəblər gətirilsə də, əsas hədəf ABŞ-ın həmin ölkələrdə hökumət dəyişikliyinə nail olmağa çalışmasıdır. ABŞ-ın tətbiq etdiyi geniş miqyaslı sanksiyaların təsirinə ən çox bu ölkələrdəki kasıb təbəqənin məruz qaldığını söyləyə bilərik. Sanksiyalar tətbiq edilən ölkələrdə varlı təbəqə ilə yoxsulluq həddi arasındakı fərq 3,8 faizdən daha artıqdır. Amerikanın qəzəbinə məruz qalmamaq üçün digər ölkələrin də bu sanksiyalara qoşulması ilə beynəlxalq miqyas alır və təsir gücü daha da böyüyür”.

Analitik qeyd edib ki, ABŞ-ın fiziki və hüquqi şəxslərə tətbiq etdiyi ikinci qrup sanksiyaların təsiri daha az görünsə də, tətbiq edilən ölkələrin sayı kifayət qədər çoxdur: “Bu cür sanksiyalar zamanı ABŞ Maliyyə Nazirliyinə bağlı OFAC tərəfindən fiziki və hüquqi şəxslərin ABŞ-dakı əmlakı dondurulur, ölkəyə girişlərinə, həmin şəxslərlə ABŞ şirkətlərinin və ya şəxslərinin işbirliyinə qadağa qoyulur. Son günlərdə Türkiyənin daxili işlər naziri Süleyman Soylu və ədliyyə naziri Abdülhamit Gülə qarşı tətbiq edilən sanksiyalar bu qəbildəndir. ABŞ Xarici Aktivlərə Nəzarət Ofisinin sanksiya siyahısında bundan əlavə 7 türk vətəndaşı və 12 Türkiyə şirkəti də mövcuddur. Nazirlərə yönəlik tətbiq edilən sanksiyalar birbaşa iqtisadi nəticələr doğuracaq bir addımdansa, daha çox Türkiyə ilə ABŞ arasında gərginliyi artıran siyası risk faktoru kimi dəyərləndirilə bilər. ABŞ-ın fiziki və hüquqi şəxsləri hədəf alan sanksiyalarının mənşəyi Rusiyaya söykənir. Rusiyada 230 milyon dollarlıq rüşvət qalmaqalını araşdıran vergi mütəxəssisi Sergey Maqnitsknin 2009-cu ildə həbsdə olarkən vəfat etməsi və ardınca hazırlanan “Qlobal Maqnitski” Aktı adlandırılan sənədlə bu günədək Rusiyanın 100-dən çox fiziki və hüquqi şəxsi sanksiyalara məruz qalıb. Daha sonra Krımın ruslar tərəfindən işğalı ilə çox sayda şəxslər ABŞ-ın qara siyahısına salındı. Son olaraq "Skripal iddiası" ilə bağlı Rusiyaya qarşı növbəti məhdudiyyətlərin tədbiq ediləcəyi gözlənilir”. 

Vüsalə Əhmədova ABŞ-ın dünyanın ən çox embarqo və sanksiya tətbiq edən ölkəsi olduğunu deyib: “2017-ci il boyunca ABŞ-ın embarqo tətbiq etdiyi ölkələr sırasında Belarus, Kot Divuar, Birma, Kuba, Konqo Demokratik Respublikası, İran, Liberiya, Şimali Koreya, Sudan, Suriya, Zimbabve və bəzi Balkan ölkələri yer alır. Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) embarqo siyahısında faktiki olaraq 6.300 özəl şirkət mövcuddur. Onu da qeyd edim ki, bəzi ölkələrə qarşı müxtəlif məqsədlərlə tətbiq edilən sanksiyaların bir çoxunun gözlənilən nəticəni vermədiyi də müəyyən olunub. 

Hazırda Trampın İrana tətbiq edilən sanksiyalardan böyük gözləntiləri var. Son dövrlərdə bu ölkədə baş verən bəzi etiraz aksiyaları, müxtəlif siyasət adamlarının və ziyalıların İran hakimiyyəti tərəfindən yürüdülən siyasətə qarşı çıxmaları da görünür, Trampı cəsarətləndirir. Ancaq İran kimi bir avtokratik ölkənin sanksiyalara tezliklə boyun əyəcəyini gözləmək bir qədər sadəlövhlük olardı.  

İran sanksiyalara qarşı dirəniş göstərmə imkanlarına sahib ölkədir. Bu baxımdan İran izolyasiya olunmuş sayıla bilməz. Rusiya, Çin və bir çox AB ölkəsinin də onun yanında yer aldığı görünür. Amerikanın təzyiqi ilə bəzi böyük şirkətlərin İran bazarından çəkilmək məcburiyyətində qalmaları, həmin şirkətlərə və dolayısıyla AB ölkələrinə və eləcə də ABŞ-a iqtisadi cəhətdən öz mənfi təsirini göstərməkdədir”. 

Ekspert onu da deyib ki, ABŞ Maliyyə Nazirliyinin qapalı hesabatında Rusiyanın dövlət borcuna yönəlik sanksiyaların genişləndirilməsinin Amerika investorlarına zərər verəcəyi ilə bağlı xəbərdarlıq yer alır: “Bundan əlavə, hesabatda qeyd edilir ki, Rusiya iqtisadiyyatına və bank sektoruna təzyiq Moskvanın ABŞ-a qarşı əks cavab reaksiyasına gətirib çıxara bilər. Rusiya iqtisadiyyatının, maliyyə sektorundakı əhəmiyyətli beynəlxalq şirkətlər və iş adamları ilə əlaqələri mövcuddur. Bu baxımdan təbiidir ki, sanksiyaların mənfi nəticələri yalnız Rusiya iqtisadiyyatı ilə məhdud qalmayacaq. Xüsusilə, sanksiyaların genişləndirilməsi iri Amerika şirkətlərinin rəqabət qabiliyyətini də məhdudlaşdıracaq. Potensial olaraq qlobal maliyyə bazarları və şirkətlər üçün mənfi yan təsirlərə səbəb ola bilər”.

“Amerikanın ÜDM-i 0,3-0,4 faiz azalacaq”

Təhlilçinin sözlərinə görə, ticari müharibələr ABŞ iqtisadiyyatına ciddi ziyan vurur, vergi islahatlarının müsbət təsirlərini neytrallaşdırır və Amerikaya olan etibarın zəifləməsinə səbəb olur: “Birləşmiş Ştatlar və qalan dünya ölkələri arasında ticari müharibə gərginliyinin artması, ABŞ iqtisadiyyatını təhlükə altına qoyur. Rəsmi Vaşinqton tərəfindən hər dəfə yeni tariflərin tətbiq edilməsi ABŞ-ın ÜDM-i ciddi şəkildə azaldır. 

Polad idxalına 25 faiz, alüminium idxalına isə 10 faiz rüsum tətbiqi, 20 faiz avtomobil idxal vergisi, 200 milyard dollarlıq Çin mallarına əlavə tariflərin tətbiqi və s. Amerikanın ÜDM-i 0,3-0,4 faiz azaldacaq. Ticari müharibələr istehlakçıların, iş adamlarının və investorların etibarını zədələməyə başlayarsa, ABŞ iqtisadiyyatına mənfi təsirlər daha güclü ola bilər. Belə olan halda, şirkətlər gələcəkdə yaranacaq qeyri-müəyyənliklərdən dolayı investisiya qoyma prosesini təxirə salmağa başlayacaqlar. Yeri gəlmişkən prezident administrasiyasından olan rəsmilər, tariflərin ABŞ iqtisadiyyatına mənfi təsirlərinin çox şişirdildiyini desələr də, tariflərin artırılması, xüsusilə, mərkəzi banka öz təsirini göstərməkdədir. Çünki əksər bu kimi hallarda inflyasiya sürətlənir və iqtisadiyyatın inkişafı ləngiyir”.

Vüsalə Əhmədova hesab edir ki, gedən proseslərə rəğmən Amerika iqtisadiyyatını çökməyə qoymayan qarşılıqsız dollar emissiya etməsidir: “Başqa sözlə, ABŞ istədiyi qədər dollar çap edir və hər şeyi satın alır. Hər hansı bir ölkənin Mərkəzi Bankının öz milli valyutasını emissiya etməsi üçün, xəzinəsində buraxdığı pul qarşılığında qızıla sahib olması tələb olunur. Ölkələrin istədikləri qədər sərbəst pul çap edə bilməmələrinin əsil səbəbi məhz budur. 

ABŞ 1971-ci ilədək sahib olduğu qızıl qarşılığında dollar çap edirdi. Fəqət 1971-ci ildən etibarən bu prosesdən tamamən imtina etdi. ABŞ 1971-ci ildən günümüzədək illərdir, qarşılıqsız olaraq dollar çap edir və bu proses hələ də davam etməkdədir. Hələ 70-ci illərdə dolların qızıla indeksasiya edildiyi dövrlərdə ABŞ-ın sahib olduğu qızılın böyük qismi ölkə xaricinə axırdı. Bunun səbəbi isə ABŞ-ın xarici ticarət kəsirinin sürətlə artması idi. Prezident Richard Nixon problemin həlli olaraq 1971-ci ildə dolları varlıq olmaqdan çıxardı və bir öhdəlik, bir borc sənədi vəziyyətinə gətirdi. Limitsiz dollar çapından dolayı hazırda ABŞ-ın xarici ticarət kəsiri və ödəmək məcburiyyətində olduğu borc sənədlərinin miqdarı son dərəcə yüksəkdir. Bu hal həm ABŞ, həm də digər dünya ölkələri üçün problemə çevrilməyə başlamaqdadır. ABŞ qarşılıqsız olaraq dollar çap edərək hər şeyi satın almaqda davam etsə də, bunun əvəzini ödəməsinə çox az vaxt qalıb. Bu səbəbdən də, hazırda prezident Donald Tramp başda olmaqla, ABŞ-da təkrar qızıl standartına keçmə təklifini irəli sürənlərin sayı az deyil”.

Yeganə Oqtayqızı

Cebhe.info


Oxunma sayı: 7184