hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

ABŞ-da “uşaqpulu” varlılardan alınacaq: Azərbaycanda uşaqlara müavinət verəcək mənbə tapılacaqmı? - BİZİM MÜLAHİZƏ

ABŞ-da “uşaqpulu” varlılardan alınacaq: Azərbaycanda uşaqlara müavinət verəcək mənbə tapılacaqmı? - BİZİM MÜLAHİZƏ

Azərbaycanda “uşaqpulu”nun verilməsi üçün müzakirə aparılır, variantlar irəli sürülür.

Mövcud sosial-iqtisadi durum, işsizliyin hökm sürdüyü bir şəraitdə bu müavinətin təyin olunmasını zəruri hesab edənlər də var, bunu dövlət büdcəsi üçün ağır yük hesab edənlər də. Qeyd edək ki, dünyanın çoxsaylı ölkələrində uşaqlara müavinətlər verilir ki, onların içərisində inkişaf etmiş ölkələrlə yanaşı, digərləri də, həmçinin postsovet ölkələri də var. ABŞ isə hələ ki, “uşaqpulu” verən ölkələrin siyahısında deyil.

Birləşmiş ştatlarda uşaqlar üçün xüsusi ödənişlər təmin edilmir, lakin valideynlərə hər bir uşağa görə maksimum 1000 dollar vergi güzəşti edilir. Amma görünür, bu ölkə də tezliklə uşaqlara müavinət təyin edilən ölkələrin sırasına daxil olacaq.

Belə ki, Bayden Administrasiyası iqtisadi qeyri-bərabərliyi aradan qaldırmaq üçün bəzi addımlar atmağı planlaşdırır. Bunlardan biri də varlılar üçün vergi yükünün artırılmasıdır. Maksimal gəliri olanlar üçün vergi iki dəfə artıraraq 39,6 faizə çatdırılır.

Buradan əldə edilən vəsait isə Amerika ailələrinin maddi rifahının yaxşılaşdırılmasına yönəldiləcək. Ümumilkdə 1 trilyon dolar vəsaitin bu məqsədə yönəldilməsi nəzərdə tutulur ki, xüsusi ilə uşaqlara müavinət verilməsində bundan istifadə olunacaq.

Bu barədə xəbər yayıldıqdan sonra bazarda qəribə vəziyyət yaranıb. Fond birjasında indekslərdə aşağı enmə müşahidə olunur. Bəzi şirkətlər artıq 1 faiz dəyər itiriblər.

Bəs, Azərbaycanda bu təcrübədən istifadə oluna bilərmi? Qeyd edək ki, ölkəmizdə vergi güzəştlərinin edilməsi kiçik və orta sahibkarlığın inkişafında vasitələrdən biri hesab olunur. Böyük sahibkarlığa, yəni maksimal gəlirləri olanlara gəlincə, çox təəssüf ki, ölkəmizə “kölgə iqtisadiyyatı”nın mövcud olması bu məsələni də “kölgə” altına alır. Azərbaycanda çoxsaylı dəbdəbəli vilalalar, böyük şirkətlər, ticarət mərkəzləri olsa da, onların əsl sahiblərinin kimliyi bəlli deyil. Təbii ki, vergi məsələsi də doğru-düzgün tənzimlənmir. Təsadüfü deyil ki, milyardların olmasına baxmayaraq, ölkəmizdə rəsmi olaraq milyonçu kimi qeydiyyatda olan şəxslər belə mövcud deyil.

Digər tərəfdən, Azərbaycanda ABŞ-da planlaşdırıldığı kimi, təqribən 40 faizlik verginin tətbiq olunması o qədər də arzuolunan olmaz, bu, ölkədən maliyyə axınına səbəb ola bilər. Qeyd edək ki, bu təcrübə milyonçuların Fransadan da “üz döndərməsinə” səbəb olmuşdu. ABŞ-da isə hələ ki, tətbiq olunmadığından hansı nəticələrə gətirib çıxaracağı bəlli deyil. Bu ölkədən də “üz döndərənlər” ola bilər, amma təbii ki, Birləşmiş Ştatlarda maqnatların sayı çoxdur və uşaqlar üçün vergi verənlər tapılacaq.

Amma ölkəmizdə iqtisadiyyatın “ağardılması”, vergi sisteminin şəffaflaşdırılması, “kölgə iqtisadiyyatı”nın aradan qaldırılması, maliyyə amnistiyasının verilməsi yolu ilə büdcə gəlirlərini artırmaq və bunun müəyyən bir hissəsini uşaqlara yönəltmək olar. Onu da əlavə edək ki, ölkəmizdə diferensial yanaşma ortaya qoyularsa, uşaqlar üçün təyin olunacaq müavinət üçün o qədər də böyük vəsait tələb olunmur. Bir sıra iqtisadçıların hesablamalarına görə, ildə büdcədən cəmi 1,5-2 milyadr manatın ayrılması ilə “uşaqpulu” vermək olar.

Xatirə Nəsirli
Cebhe.info


Oxunma sayı: 1805