hava haqqindaBakı
Bu gün +11 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.8991
  • NEFT - 65.53
  • clouds-weather

ABŞ-da seçki yarışı: Kimin şansı çoxdur?

ABŞ-da seçki yarışı: Kimin şansı çoxdur?

ABŞ-da prezident seçkilərinə hələ bir il müddət qalsa da, seçkilərdə güclü rəqabətin mövcud olacağını indidən müşahidə etmək mümkündür.

Hazırkı Prezident Donald Tramp və sabiq vitse-prezident Co Bayden arasında gedən mübarizəyə daha bir nəfər də qoşulur. 12 il ərzində Nyu Yorkun meri olmuş, milyarder Maykl Blumberq rəsmi surətdə Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizədliyə iddiaçıların cərgələrinə qoşulub. 77 yaşlı Blumberq müvafiq bəyanatla çıxış edib. 

Seçki kampaniyasının saytında yerləşdirilmiş bəyanatda qeyd edilir ki, o, respublikaçı Donald Trampı prezident vəzifəsindən kənarlaşdırmaq məqsədi ilə 2020-ci il seçkilərinə namizədliyini irəli sürür. Bəyanatda deyilir: “Mən Donald Trampa qalib gəlmək və Amerikanı bərpa etmək üçün prezidentliyə namizədliyimi irəli sürürəm. Biz Prezident Trampın sərsəm və etikadan uzaq hərəkətlərini daha dörd il özümüzə rəva görə bilmərik”.

Blumberq noyabrın 8-də sənədlərini Federal Seçki Komissiyasına təqdim edib, hərçənd hələlik namizədliyini irəli sürməsi barədə rəsmi bəyanat verməyib. Onun adı Alabama ştatında demokratların praymerizinin seçki bülleteninə daxil ediləcək. Alabama 2020-ci il martın 3-də ilkin seçkilər keçiriləcək ştatlar sırasındadır.

“Kantar Media/CMAG” analitik təşkilatının məlumatına görə, Blumberq öz namizədliyini müstəqil maliyyələşdirməyi planlaşdırır. Milyarder qarşıdan gələn iki həftə ərzində 100 televiziya kanalında öz seçki kampaniyasının televiziya reklamını yerləşdirməyə azı 37 milyon dollar xərcləmək niyyətindədir.

Harvard Universitetinin biznes magistri dərəcəsi olan Blumberq filantropdur. O, “Bloomberg News” xəbər agentliyinin sahibidir. “Forbes” jurnalının məlumatına görə, hazırda onun əmlakı 54,1 milyard dollardır. O, 2001-ci ildə əvvəlcə respublikaçı kimi Nyu-York meri seçilib, lakin ikinci müddətə seçiləndə müstəqil siyasətçi olub. 2018-ci ildə demokrat kimi qeydə alınıb. Blumberq 2018-ci ilin aralıq seçkiləri zamanı Nümayəndələr Palatasının Demokratlar Partiyası tərəfindən nəzarətə götürülməsinə kömək etmək üçün demokratların kampaniyasına 100 milyon dollardan çox vəsait xərcləyib.

Maykl Blumberqin ABŞ prezidenti olmaq şansı nə qədərdir? Ümumiyyətlə, adı çəkilən şəxslər arasında daha şanslı kim hesab olunur? 

Politoloq Natiq Miri “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, ABŞ-da Demokratların əsas namizədi sabiq vitse-prezident Co Baydendir: “Aparılan sosioloji sorğularda Co Bayden Donald Trampdan öndədir. Bu hələ seçkilərə bir il qalmış keçirilən sorğuların nəticəsidir. Təbii ki, bu müddət ərzində Amerika ictimai rəyində vəziyyət dəyişəcək.  Blumberqin şansına gəldikdə isə, onun seçkidə müvəfəqiyyət qazanması təkcə böyük maliyyə imkanlarına malik olması ilə onun üstünlüyünü şərtləndirmir.

Mütləq mənada namizədin arxasında Demokratlar və ya Respublikaçılar kimi güc mərkəzi olmalıdır. Amma hər halda Blumberqin Nyu-Yorkun meri kimi olmaq bir təcrübəsi var və o həm iş dünyasında və siyasi dairələrdə tanınan biridir. Düşünürəm ki, Blumberq müəyyən mənada seçkidə iştirak edən namizədlərə başağrısı olacaq, amma onun ciddi müvəfəqiyyət əldə etmək imkanları o qədər də böyük deyil. Çünki bir çoxları bu dəfəki seçkilərdə Donald Trampın şanslı hesab etməsələr də, mən bunun əksini düşünürəm. Tramp əleyhinə Nümayəndələr Palatasında başlanan impicment məsələsi onun seçkilərdə xeyrinə işləyəcək bir məqam olacaq. O, haqsız olaraq zərərçəkmiş timsalında görünərək, ictimaiyyətdə dəstək qazanacaq. Həqiqətən də, Donald Trampa qarşı həm demokratlardan, həm də ABŞ “dərin dövlət”-indən haqsız hücumlar olur”.  

Politoloq qeyd edir ki, bu özünü ABŞ qoşunlarının Suriyadan çıxarılması ilə bağlı qərar verdiyi zaman da müşahidə göstərib: “Doğrudur, bu daha çox onun Ukraynanın Prezidenti Vladimir Zelenski ilə telefon danışıqlarında Co Bayden və oğlunun Ukraynadakı şirkətləri ilə bağlı araşdırma tələb etməsi ilə əlaqələndirildi. Amma hesab edirəm ki, bu daha çox Türkiyə əleyhinə qüvvələrin aktivləşməsi və onların Trampı siyasi səhnədən silmək istəkləri ilə bağlıdır. Ola bilsin ki, 2020-ci il seçkilərində bu amillər Trampın xeyrinə işləsin. Adətən daha çox xalq haqsız yerə təzyiqlərə məruz qalan şəxsləri müdafiə edir. Respublikaçıların Trampdan güclü namizədinin olmadığı təqdirdə onların da dəstəyi ilə Tramp favorit ola bilər”.

Natiq Miriyə görə, seçkilərdə iki favorit olacaq: “Bu da Trampla Demokratların əsas namizədi Co Bayden olacaq. Əsas mübarizə onların arasında gedəcək. Blumberqin seçkilərdə müvəfəqiyyət qazana bilməyəcəyini anladığı təqdirdə dəstəkləyəcəyi şəxs seçkilərdə favorit ola bilər. Əgər Blumberq Co Baydenə dəstək verərsə, bu ona üstünlüklər qazandıra bilər. Blumberq Trampı sevmir və onun ikinci dəfə prezident seçilməsinə faciə kimi yanaşır. Bu dəstək olarsa Co Bayden önə çıxa bilər”.

Xatirə Nəsirova

Cebhe.info


Oxunma sayı: 1827