hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

ABŞ-da seçki: “İran işi” kimin xeyrinə işləyəcək?

ABŞ-da seçki: “İran işi” kimin xeyrinə işləyəcək?

ABŞ-ın İrana tətbiq etdiyi sansiyaların ardı-arası kəsilmir.

Belə ki, ABŞ yenə də sentyabrın 21-dən etibarən İranın 20-yə yaxın fərdi və təsisatlarına qarşı sanksiyalar tətbiq edir. Məlumata görə, sanksiyaların hədəfi İranın nüvə proqramı, raketləri və adi silahları ilə əlaqəsi olanlardır. Bildirilir ki, İrana qarşı sanksiyalar prezident Trampın Tehranın regiondakı nüfuzunu artırmasına mane olmaq cəhdidir. Bu qərar ABŞ-ın vasitəçiliyi ilə İsrailin Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətlərin normallaşdırılmasına dair razılıq əldə etməsindən bir həftə sonraya təsadüf edir.

Razılıq noyabr ayı prezident seçkilərindən sonra İsraili dəstəkləyən seçicilərə müraciət mahiyyəti daşımaqla yanaşı, İrana qarşı koalisiyanın daha da genişlənməsinə yardım edə bilər. Baxmayaraq, ABŞ Prezidenti Donald Tramp çıxışında demişdi ki, əgər seçkilərdə qalıb gələrsə, ən qısa zamanda İranla anlaşma sənədi imzalayacaq, lakin yeni sanksiyalar Ağ Evlə Tehran arasındakı gərginliyi daha da artırıb.

Maraqlıdır, ABŞ-ın seçkiqabağı İrana tətbiq etdiyi bu sanksiyalar prezidentliyə namizədlərdən kimin xeyrinə işləyəcək?

Politoloq Elşən Manafov Cebhe.info-ya açıqlamasında deyib ki, seçkilər ərəfəsində Tramp Adminstrasiyasının İrana sanksiya tətbiq etməsini Demokratlar Ağ Ev rəhbərinə təzyiq kimi istifadə edəcəklər:

“Trampın dövründə Ağ Evin İrana sanksiya tətbiq etməsini ABŞ-ın xeyrinə olmayan amil kimi dəyərləndirilə bilər. İranla münasibətlərinin gərginləşməsinin ABŞ-ın geosiyasi mövqeyinə cavab verib-vermədiyini birmənalı şəkildə aydınlıq gətirmək mümkün deyil. Amma bütün hallarda seçkilər ərəfəsində Tramp Adminstrasiyasının İrana sanksiya tətbiq etməsini Demokratlar Ağ Ev rəhbərinə təzyiq kimi istifadə edəcəklər. Barak Obamanın dövründə ABŞ-İran münasibətləri yumşalsa da Trampın hakimiyyəti dövründə sanksiyaların tətbiq edilməsi ilə Tehran üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırdı və iki dövlət arasındakı münasibətlər yenidən gərginləşdi. İran iddia etdi ki, ABŞ sanksiyaların tətbiqi ilə İrana verdiyi sözü tutmayıb. Digər tərəfdən Tramp seçkiləri qazanacağı təqdirdə İranla münasibətlərdə yumşalmaya gedəcəyini də vurğulamışdı. Amma hesab edirəm ki, bu mümkün olmayacaq. Çünki ABŞ-ın bölgədə İranı zəiflətməyə hesablanmış İsrail planı bundan xəbər verir. Eyni zamanda ABŞ-ın bu planı ərəb dünyasında nüfuzu olan Rusiyaya da bir mesajdır. ABŞ çalışır ki, İranın bölgəyə təsir mexanizmini zəiflətsin. Birləşmiş Ştatların xüsusən Yerusəlimi İsrailin paytaxtı kimi tanıyacağını bildirməsi və ABŞ-ın öz səfirliyini Yerusəlimə daşıya biləcəyi ilə bağlı mövqeyi İranda, hətta Türkiyədə də qıcıq yaratdı. ABŞ bütün bu sanksiyaları həm də İranın nüvə enerjisinə yiyələnməsinin qarşısını almaq üçün tətbiq edilir. Ancaq bütün bu sanksiyaların tətbiqinə baxmayaraq, ABŞ İranı bütövlüklə enerji sektorundan təcrid edə bilməyib. İrana tətbiq edilən sanksiyalardan ABŞ-dan çox Avropa şirkətləri təsirlənir”.

Ekspert əlavə edib ki, Tramp Demokrat seçicilərin də səsini qazanmaq üçün manevrlər edir:

“Tramp son 30- 40 ildə ilk dəfə olaraq dedi ki, ABŞ-ın Şərqə girməsi səhv idi. Bundan sonra Əfqanıstandan və digər şərq ölkələrindən ABŞ qoşunlarını geri çəkəcəyini bildirdi. Yəni əsasən ABŞ daxili problemləri ilə məşğul olacağını bildirməklə Demokratların da dəstəyini qazanmağa çalışır. Əgər Tramp prezident seçilərsə, İrana qarşı münasibətlərin sərtləşib və ya yumşalacağı ABŞ-Rusiya, ABŞ- Çin, ABŞ- Yaxın Orta Şərq maraqlarından və reallıqlarından irəli gələcək. Əgər İrana qarşı münasibətlər yumşaldılacaqsa, ABŞ İranı “Şiə inqilabı”nın ixracından çəkindirməyə çalışacaq. İran da ABŞ maraqlarına cavab verən addımlar atarsa, iki dövlət arasında münasibətlər yumşala bilər, əksi mümkün deyil. Amma bütün hallarda Birləşmiş Ştatlarda qaradərililərə qarşı irqçilik prosesləri trampın ziyanına işləyəcək. Bu artıq Demokratların xeyrinə işləyəcək addımdır. Eyni zamanda son vaxtlar ABŞ-ın radikal xarici siyasəti seçiciləri də narahat edir. Demokratlar bundan da istifadə edəcək. Demokratlar seçicilərə Obama dövründə İranla münasibətlərin yumşaqlığını xatırladacaqlar. Bu isə heç də Trampın xeyrinə olmayacaq”.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 11210

Bizim Telegram səhifəmizi izləyin