hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

ABŞ-da SSRİ ssenarisi: Uydurma, yoxsa..?

ABŞ-da SSRİ ssenarisi: Uydurma, yoxsa..?

ABŞ-da son seçkilər ölkə daxilində bir sıra problemləri üzə çıxardı.

Seçki sistemindəki qüsurlar siyasi qarşıdrumalara yol açdı. Seçkidən öncə pandemiyanın iqtisadiyyata zərbə vurması da sosial narazılığı alovlandırmışdı. Bundan başqa etnik zəmində qarşıdurma, qaradərililərə qarşı ayrı-seçkilik ciddi fəsadlar yaratdı. Bir sıra ekspertlər Amerikanın problemlərinin ciddi olduğu qənaətindədir. Hesab edilir ki, baş verən narazılıqlar fonunda mərkəzdənqaçma meylləri güclənəcək.

Hesab olunur ki, yeni hakimiyyət dövründə bəzi ştatların müstəqil respublika kimi fəaliyyət göstərəcəyi gözlənilir. Xüsusən qlobalistlərin dəstəklədiyi Cozef Baydenin hakimiyyətə gəlməsinin bu prosesi sürətləndirəcəyinə inam var. ABŞ-ın sabiq prezidenti Donald Tramp qlobalistlərə qarşı xeyli mübarizə aparsa da, sonda seçkilərdə Baydenə uduzdu. Tramp ən çox ölkənin daxili maraqlarından çıxış edirdi.

Təcrübə onu göstərir ki, bir çox hallarda milli maraqlarla qlobal maraqlar üst-üstə düşmür. Məhz bu mövqeyi Trampı qlobalistlərlə üz-üzə qoyurdu. Yəni bir sıra maraqların toqquşmasının mərkəzdənqaçmanı gücləndirdiyi bildirilir.

Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli “Cümhuriyət”ə açıqlamasında deyib ki, Amerikada ştatların mərkəzdən ayrılıb, müstəqil dövlət kimi fəaliyyət göstərəcəkləri haqqındakı fikirlər həqiqəti əks etdirmir:

“Belə xəbərləri Rusiya mətbuatında çox geniş yayırlar. Amerika neçə illərdir ki, yanlız birliyi və bütövlüyü sayəsində belə bir qüdrətə gəlib çatıb.

Amerikada yaşayanların böyük əksəriyyəti anqlo-saks, yəni ingilis mənşəlidir. Bunlar da az qala vahid etnosdular. Müəyyən fərqlər olsa da, ayrıca etnos kimi çıxış etmirlər. Ona görə də anqlo-saksların aparıcı meyli rol oynadığı ölkədə hər hansı mərkəzdənqaçma meyillərinin baş verməsi mümkün deyil. Bunu bəlkə də yaymaqla kimlərsə mərkəzi hakimiyyətin mövqeyini zəiflətməyə, onun bəzi səlahiyyətlərini ştatlara almağa çalışırlar. Amma bütövlükdə Amerikanın bütövlüyü onun uğurunun əsas səbəbi olub. Əvvəla heç bir ştat ayrıla bilməz, buna ölkə qanunu icazə vermir. İkincisi də ayrılıb nə edəcək ki? Bütün ştatlar Amerikanın tərkibində gözəl yaşayırlar. Hesab edirəm ki, bu cür məlumatları yayanlar əslində Amerikanın maraqlarına zərbə vurmağı hədəfləyirlər”.

Amerikanın bəzi ştatlarının Dağlıq Qarabağdakı qondarma rejimi “tanımasına” gəlincə politoloq hesab edir ki, bu mənasızdır:

“Amerikanın bəzi ştatlarının Dağlıq Qarabağdakı qondarma rejimin müstəqilliyini tanıması boş şeydi. Bundan əvvəl Amerika ştatlarının bəziləri qondarma erməni soyqrımını da tanımışdılar. Lakin Amerika hökuməti heç zaman həmin qondarma erməni soyqrımını tanımadı. Yəni bəzi ştatların əsassız qərar qəbul etməsi hökumətin mövqeyini əks etdirmir. O yalnız quru kağız parçasından başqa bir şey deyil. Fransanın bəzi şəhərlərinin də Qondarma Dağlıq Qarabağın Respublikasının “müstəqilliyini” tanıması da nəyisə dəyişmir.

Hətta Fransa Senatının mövqeyi də bir təklifdir. Yəni əhəmiyyətsiz bir şeydir. Bir də Fransa bu addımı atarsa, Makron və Fransa elitasının bir sıra nümayəndələri özlərini biabır edəcəklər. Necə olur ki, işğala məruz qalanın yanında deyil, işğalçının yanında olur. Özü də həmsədr dövlət ola-ola. Halbuki o ərazilərin Azərbaycana məxsus olduğunu beynəlxalq sənədlər təsdiq edir. Fransa belə bir addım atarsa, Azərbaycan müəyyən orqanlara şikayət edib, məsələni qaldıra bilər və bu Makron üçün böyük siyasi səhv olar. Amerikanın mərkəzdənqaçma siyasətinə gəldikdə isə bu inandırıcı görünmür. Hətta bəzi etnik qurupların separatçılıq meylləri müşahidə olunarsa da, neytrallaşdırılacaq”.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 2322

Bizim Telegram səhifəmizi izləyin