hava haqqindaBakı
Bu gün +13 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 1.9208
  • NEFT - 70.55
  • clouds-weather

ABŞ-dan İrana yeni təhdid: Əhalini hakimiyyətə qarşı qaldırır

ABŞ-dan İrana yeni təhdid: Əhalini hakimiyyətə qarşı qaldırır

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays keçirdiyi mətbuat konfransındakı açıqlamasında atom anlaşmasının bərpası ilə bağlı fürsətin həmişə olmayacağını vurğulayıb.

O deyib ki, əgər İran xoş niyyət və məsələ ilə bağlı şəffaflığının olmadığını öz hərəkəti, ya hərəkətsizliyi ilə göstərərsə, ABŞ başqa yollara üz tutmaq məcburiyyətində qalacaq:

“Bizim İranın atom məsələsi ilə bağlı müttəfiqlərimiz və tərəfdaşlarımızla digər müxtəlif variantlarımız var, ancaq onların ictimailəşdirilməsi məqsədəuyğun deyil”.

O, İranın yeni hökumətinin atom anlaşmasının bərpası ilə bağlı müzakirələrə hazırlıqlı olmasına və xoş niyyətlə qatılmasına, habelə danışıqların ötən altı mərhələsində əldə olunan nailiyyətləri artıracağına ümid etdiyini qeyd edib.

Maraqlıdır, ABŞ İranı razı salmaq üçün hansı yollardan istifadə edə bilər?

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında politoloq Samir Hümbətov deyib ki, İran 1967-ci ildə BMT-nin təşəbbüsü ilə imzalanan “Nüvə silahının yayılmaması barədə müqavilə” şərtlərini ciddi şəkildə pozub:

"Bu gün İranın iqtisadi durumu ağırdır. Bu, Amerikanın birbaşa olaraq, İrana qarşı tətbiq etdiyi sanksiyaların nəticəsi olaraq ortaya çıxıb.

Üstəlik, bununla bərabər İranda nüvə silahının istehsalı ilə bağlı ciddi addımlar atılıb. Yəni 2015-ci ildən İran və 5+1 formatında olan dövlətlərin birgə imzaladığı müqavilə-hərtərfli fəaliyyət planı vardı. 2018-ci ildə ABŞ-ın ozamankı Prezidenti Donald Trampın bu müqavilədən çıxması ilə vəziyyət dəyişdi. İran da bundan istifadə etdi. Dünyada nüvə istehsalını qadağa edəcək bir anlaşma var - 1967-ci il anlaşması. İran bu qaydanı kobud şəkildə pozub. Nüvə silahını əldə etmək üçün artıq yetərincə uran istehsalını həyata keçirə bilib. Bu, təbii ki, həm ABŞ-ın, həm də bölgə ölkələrin maraqlarına ciddi zərbədir".

Politoloqun fikrincə, ABŞ bu bəyanatla İrana qarşı yeni sanksiyalar qoya biləcəyini və parçalama siyasətini başladacağını xatırladıb:

"ABŞ-ın belə bəyanatda əsas məqsədi İsrailin təhlükəsizliyini təmin etməkdir. Burada çox incə detallar var. ABŞ-ın İrana qarşı xəbərdarlığı o deməkdir ki, İrana İraq kimi birbaşa müdadilə etmək niyyətində deyil. Sadəcə sanksiyaları sərtləşdirə bilər ki, sərtləşmə nəticəsində də İran iqtisadiyyatı lap ağır vəziyyətə düşər. Bildiyimiz kimi, İran dünya dövlətlərinə demək olar ki, neft sata bilmir.

ABŞ deyir ki, əgər bu amil davam edərsə, nüvə məsələsi ilə bağlı ortaq razılığa gəlməzsə, sanksiyaları artırıb, iqtisadi vəziyyəti ağırlaşıdırıb, əhalini sənin üzərinə qaldırıb İran dövlətinin parçalanmasını sürətləndirə bilərəm. Yəni, ya bizim dediyimizlə razılaşıb nüvə məsələsində geri addım atmalısan, ya da ki bizim atacağımız addımlar məlumdur. Hesab edirəm ki, bu məsələ ilə bağlı tələb irəli sürülüb. İran iqtisadiyyatı o vəziyyətdədir ki, artıq məcburən nüvə danışıqlarına oturmağa vadar olacaq və yaxın vaxtlarda İranın ABŞ-la və 5+1 formatında olan dövlətlərlə yenidən nüvə məsələsində ortaq razılığa gəlmək üçün danışıqlara başlaması ehtimalı gündəmin əsas mövzusuna çeviriıə bilər".

Naibə
Cebhe.info


Oxunma sayı: 2421