hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0234
  • EURO - 1.9961
  • NEFT - 78.14
  • clouds-weather

ABŞ-dan sonra İraq: “PKK, PYD, YPG...”

ABŞ-dan sonra İraq: “PKK, PYD, YPG...”

ABŞ Prezidenti Cozef Bayden bu ilin sonuna qədər hərbi birləşmələrini İraqdan geri çəkəcəyini bildirib.

Onun sözlərinə görə, hərbi qüvvələrin geri çəkilməsindən sonra da ABŞ İraq ordusuna terrorizmlə mübarizə və təlimlərdə dəstək verməyə davam edəcək: “İraqda işlərin yaxşı getdiyinə inanıram. Bu vəziyyətdə İraqdakı rolumuz lazımi məqama hazır olmaq, yardımlar etmək, baş qaldırdıqda İŞİD-lə mübarizə şəklində olacaq. Amma ilin sonuna qədər orada hərbi missiyamız başa çatacaq”.

Əfqanıstandan sonra İraqdan da hərbi birləşmələrin geri çəkilməsi sual doğurur. Görəsən İraq da Əfqanıstankı kimi bir vəziyyətlə üz-üzə qalacaqmı? Məsələylə bağlı Atlas Araşdırmalar Mərkəzinin siyasi analitiki, politoloq Samir Hümbətov öz feysbuk səhifəsində yazıb. Onun fikrincə, ABŞ İraqda da Əfqanıstan ssenarisi üzər hərəkət edir: “Onun çıxışı zamanı səsləndirdiyi bəzi fikirlər şübhəli məqamların olmasına açıq işarədir. Əfqanıstandan olduğu kimi İraqdan da tələsik şəkildə çıxılması ABŞ-ın regionla bağlı hansısa qaranlıq planlarının olmasına şübhələri artırır”.

Samir Hümbətov qeyd edib ki, ABŞ sonrası İraqda bir sıra mümkün ssenarilər ola bilər. Onun sözlərinə görə, ilk növbədə Əfqanıstanda “Taliban” ın aktivləşməsi və ölkənin əksər ərazilərini nəzarətə götürməsi kimi İraqda da İŞİD yenidən aktivləşdirilə bilər. Nəticədə İraqda yerləşən İrana bağlı silahlı qruplarla İŞİD arasında münaqişə daha da alovlana bilər: “İkincisi, Şimali İraqda Kürdistan Muxtariyyətinə dəstək artırılaraq Şimalda Peşmərgə İraq mərkəzi hökumətinə qarşı daimi təziq vasitəsi kimi istifadə edilə bilər. Üçüncüsü, PKK, PYD, YPG və digər terror təşkilatlarının fəaliyyətini aktivləşdirərək onları silah-sursatla təmin etmək və bu terror qrupları vasitəsi ilə Türkiyəyə təsir etmək cəhdləri ola bilər”.

Sonuncu olaraq politoloq bildirib ki, daha çox hissəsi Şimali İraqda yerləşən İraq neft sənayesi Kürdistan Muxtariyyəti vasitəsi ilə nəzarətdə saxlanıla bilər. Samir Hümbətovun qənaətincə, yenidən Yaxın Şərqdə vəziyyət gərginləşməyə doğru getməkdədir: “İraqda yaranacaq növbəti qeyri-sabitlik, demək olar ki, bütün Yaxın Şərqə öz təsirini göstərə bilər”.

Şəbnəm Adil

Cebhe.info


Oxunma sayı: 518