hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

ABŞ-ın “böyük qayıdış”ı: Yəhudiləri Ağ Evdən incik salacaq? - BİZİM TƏHLİL

ABŞ-ın “böyük qayıdış”ı: Yəhudiləri Ağ Evdən incik salacaq? - BİZİM TƏHLİL

Prezident Cozef Bayden ABŞ-ın bütün dünyada olduğu kimi, Yaxın Şərqdə də lider stusutunu geri qaytarmaq niyyətindədir.

Ancaq yeni prezident bununla bağlı xüsusi strategiya təqdim etməyib. Ona görə də analitiklər hesab edir ki, Bayden Yaxın Şərq siyasətini formalaşdırmaq üçün bir sıra məsələlərə aydınlıq gətirməlidir.

Bura ilk növbədə İsrail, Türkiyə və müttəfiq ərəb ölkələri ilə münasibətlər, Rusiyanın Yaxın Şərqdə artan rolu, Suriya böhranının həlli daxildir. Fevralın 5-də özünün xarici siyasət proqramını elan edən Prezident Bayden həmin çıxışında Yaxın Şərqlə bağlı daha çox iki məsələnin üzərində dayandı.

O, Yəməndə humanitar böhranın həllinə yardımın vacibliyindən və İranın nüvə proqramına dair 2015-ci ildə imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planına qayıtmaq niyyətindən söz açıb.

Digər suallarla bağlı isə müəyyən zaman olacağı ehtimal edilir. Buna baxmayaraq, Baydenin xarici siyasət strategiyasının İsraili qane etmədiyinə dair rəylər üstünlük təşkil edir. Səbəblər az deyil. Başlıca amil kimi Bayden administrasiyasının Benyamin Netanyahu hökuməti arasındakı münasibətlərin soyuq olması göstərilir.

Sözügedən fikir ayrılığının mənbəyi Barak Obamanın prezidentliyi dövründən qaynaqlanır. Söhbət ilk növbədə, Obama administrasiyasının İranla 2015-ci ildə nüvə proqramına dair razılaşma imzalanmasından gedir.

Ekspertlər hesab edir ki, Bayden Obama deyil və o, xarici siyasət kursunu həyata keçirərkən Yaxın Şərqdəki yeni geosiyasi reallıqları nəzərə almalı olacaq. Məsələn, dövlət katibi Entoni Blinken Prezident Baydenin ABŞ səfirliyini Qüdsdən Təl-Əvivə qaytarmaq fikrində olmadığını bəyan edib. Eləcə də ABŞ-ın yeni hakimiyyəti Colan təpəliklərini İsrail ərazisi kimi tanımaqda davam edəcək.

Yəni Bayden İsrailin strateji təhlükəsizliyi naminə Trampın qərarının icrasını davam etdirməli olacaq. Lakin İsraildə ümumilikdə Trampın Yaxın Şərq siyasətinə üstünlük verirlər. ABŞ-da prezident seçkiləri öncəsi İsraildə keçirilən sorğu zamanı respondentlərin 70 faizinin Trampı dəstəkləməsi də qeyd edilən fikri bir daha təsdiq edir.

Xüsusilə də Trampın İrana qarşı təzyiqləri, İran İslam İnqilabı Keşikçiləri Korpusunu, Tehrandan idarə olunan “Ənsər-Allah” təşkilatını terrorçu elan etməsi İsrailin maraqlarına tamamilə cavab verir. ABŞ Prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi olmuş Ceyms Cefri yazır ki, Tramp İsrail və Türkiyənin İran və Suriya əleyhinə fəaliyyətinə dəstək verirdi.

Diplomat Baydenin bu siyasi kursu dəyişməsindən narahatlığını ifadə edir və belə bir addım atmağa ehtiyac olmadığını bildirir. Ona görə də Baydenin Yaxın Şərq siyasətinin yeni prioritetləri Netanyahu hökumətini narazı salır.

Bu, ilk növbədə, Baydenin İranla nüvə sazişinə qayıtmaq cəhdi ilə bağlıdır. İran rejiminə loyal münasibəti olan və danışıqların müsbət nəticə verəcəyinə inanan Entoni Blinkenin dövlət katibi təyin olunması, yaxud 2015-ci ildə Tehranla razılaşmaya imza atmış Con Kerrinin yenidən hökumətdə vəzifə alması İsraildə etirazla qarşılanıb.

Doğrudur, ABŞ tarixində heç bir prezident İsrailin maraqlarını və təhlükəsizliyini onun düşmənlərinə güzəştə getməyib. Baydenin də bu ənənəni davam etdirəcəyi şübhə doğurmur. Çünki İsrail məsələsi ABŞ üçün regional deyil, qlobal xarakter daşıyır. Ancaq Baydenlə Netanyahu hökuməti arasında fikir ayrılığının olması faktdır və buna görə hər iki tərəfin öz arqumentləri var.

Bayden Yaxın Şərq siyasətini İsrail hökumətinin göstərişi və tövsiyəsi ilə deyil, ABŞ-ın maraqlarına uyğun həyata keçirməyə çalışır. Ümumiyyətlə, Baydenin planı Yaxın Şərqə “böyük qayıdışı”ı təmin etməkdən ibarətdir. Barak Obamanın İraqdan, Donald Trampın isə Suriyadan ABŞ qoşunlarının böyük hissəsini çıxartmasından sonra Rusiya və İranın regionda mövqeləri xeyli güclənib.

Bayden isə bu qayıdışın təmin olunmasında İsrailin yardımını həlledici amil hesab etmir. İyun ayında İranda keçirilməsi planlaşdırılan prezident seçkiləri ərəfəsində Vaşinqtonla Tehran arasındakı danışıqların nə qədər məhsuldar olacağını söyləmək çətindir. Seçkilərdə qalib gəlmək şansı yüksək olan İran mühafizəkarları bu cür sövdələşmələri vaxt itkisi hesab edir və ona qarşı çıxır.

İsrail və Körfəz monarxiyaları başqa nüvə anlaşmasının ortaya çıxmasının qarşısını almaq üçün vahid bir cəbhə kimi çıxış etmək niyyətindədir. Bu səbəbdən Bayden administrasiyası və İsrail arasında narazılıq getdikcə özünü daha aydın şəkildə büruzə verə bilər. Netanyahu heç vaxt Baydeni İsrailin yaxın dostu adlandırmayıb. Eyni zamanda, o, İrailin məskunlaşma tikintisinin genişləndirilməsinə qarşı çıxır, İranla nüvə sazişinə qayıtmaq niyyətindədir və ərəb ölkələrində jurnalistlərin qətlinə heç bir şey olmamış kimi yanaşmağa hazır deyil. İsrailin Baydenin birinci düşmən adlandırdığı Rusiya ilə yaxınlaşması da gərginlik üçün əlavə potensial yaradır. İsrail və Rusiya ordusunun Suriyadakı fəaliyyətlərini koordinasiya etməsindən Vaşinqtonda heç də məmnun deyillər.

Ağ Evdə Amerikanın ən yaxın müttəfiqinin Moskva ilə bu qədər sıx əməkdaşlıq etməməli olduğunu düşünürlər. Rusiyanın Aralıq dənizində və Qırmızı dənizin sahilində iki hərbi baza yaratması, Misirdə nüvə reaktoru inşa etməsi Yaxın Şərqdə geosiyasi mövqelərinin gücləndiyini göstərir. Lakin ABŞ Prezidentini yalnız bu faklar deyil, Netanyahunun belə situasiyada Putinlə dostluğu da narahat edir. Son illərdə İsrail bu mövzuda Amerikanın təzyiqi ilə üzləşməsə də, Baydenin rəhbərliyi altında baş verə bilər. Baydenin ABŞ-ın daxili problemlərinə ciddi diqqət ayırması Yaxın Şərq məsələsi ilə daha az məşğul olmasına gətirib çıxara bilər. Lakin o, Rusiyanın bundan istifadə etməsinə imkan vermək istəmir.

Bayden həmçinin, köhnə müttəfiqlərini özündən uzaqlaşdırmamaq şərtilə yeni razılaşma əsasında İranı nüvə silahlarına doğru addımlamaqdan çəkindirmək niyyətindədir. Bölgəni və israilliləri sabitləşdirmək, ancaq yerli avtokratlara yol verməmək, lakin Fələstin-İsrail məskunlaşmasında ənənəvi Amerika kursuna qayıtmaq Baydenin Yaxın Şərq siyasətinin prioritetləridir.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 8218