hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

ABŞ-ın qadağasına məhəl qoyulmur

ABŞ-ın qadağasına məhəl qoyulmur

Dövlət Gömrük Komitəsi (DGK) və "Huawei Tech. Azerbaijan" MMC arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb. 

Niyyət protokolunun imzalanmasında məqsəd DGK və "Huawei Tech. Azerbaijan" arasında informasiya-kommunikasiya texnologiyaları, telekommunikasiya, şəbəkə avadanlıqları və texnoloji innovasiyaların tətbiqi sahəsində qarşılıqlı dəstək və birgə layihələrin icra edilməsidir.

Qeyd edək ki, “Huawei” şirkəti son aylarda ABŞ və Çin arasında “ticarət müharibəsi”nin mərkəzinə keçib. Vaşinqtonun fikrincə, “Huawei” texnologiyası Çinin kəşfiyyat xidmətləri tərəfindən istifadə edilə bilər. “Huawei” bu iddiaları rədd edib və Çin hakimiyyəti ilə əlaqəsinin olmadığını bildirib.

May ayında ABŞ “Huawei” şirkətini “qara siyahı”ya saldı, bu isə o demək idi ki, ABŞ şirkətləri “Huawei” ilə lisenziyasız əməkdaşlıq edə bilməz və “Huawei” ABŞ istehsalçılarından texnologiya və ehtiyat hissələri ala bilməz. ABŞ-dan sonra digər Qərb ölkələri də 5G nəsilli mobil şəbəkələrində “Huawei” şirkətinin iştirak edəcəyindən narahatlıq bildiriblər.

“Huawei” ilə əməkdaşlığını məhdudlaşdırdığını açıq şəkildə bildirən ilk Qərb şirkəti “Google” olub.

Sözügedən Çin şirkəti ilə Azərbaycanın əməkdaşlıq etməsi suallar yaradır. Maraqlıdır, bu şirkətlə əməkdaşlıq ölkəmiz üçün problem yaradarmı?

İqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya bildirib ki, “Huawei” şirkəti ilə Amerika arasındakı münasibətlərin gərginləşməsi iqtisadi məsələdən daha çox siyasidir:

“Amerikanın yanaşmasına görə, “Huawei” şirkəti ABŞ-ın texnoloji bazarında üstünlük əldə edərsə, bu, ölkənin informasiya təhlükəsizliyinə mənfi təsir göstərə bilər. İndiki halda ABŞ-ın “Huawei” şirkətinə qoyduğu qadağanı uzunömürlü olacağını demək çətindir. Ola bilər ki, siyasi məsələlər həllini tapdıqdan sonra, o qadağalar da tamamilə ardan götürülsün. Təbii ki, bu tipli məsələlərdə ehtiyatlı davranmaqda fayda var. Gələcəkdə Azərbaycanla ABŞ arasında gərginliyin olması ehtimalı var. Əgər müqavilə Azərbaycana sərf edirsə və ölkənin digər şirkətləri bu infrastrukturun qurulmasında iştirak etməkdən çəkinirsə, yaxud yüksək qiymət təklif edirsə, belə bir razılaşmanın bağlanması o qədər də böyük problem deyil. 

Düşünmürəm ki, DGK bu problemləri göz önünə gətirməsin. Yəqin ki, Amerika tərəfi ilə də müəyyən məsləhətləşmələr olduqdan sonra bu əməkdaşlıq təsdiqlənib. Buna görə də böyük problem yaşanacağın düşünmürəm, amma ehtiyatlı olmaq lazımdır”.

Analitik onu da vurğulayıb ki, əgər məlum əməkdaşlığa görə, Amerikadan Azərbaycana sərt reaksiya olarsa, ölkə iqtisadiyyatında mənfi tendensiyaların yaranma ehtimalı arta bilər.

Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 793