hava haqqindaBakı
Bu gün +31 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0257
  • EURO - 1.8876
  • NEFT - 58.73
  • clouds-weather

ABŞ İran qarşısında təklənir - ŞƏRH

ABŞ İran qarşısında təklənir - ŞƏRH

Amerika Birləşmiş Ştatlarının (ABŞ) İrana qarşı hərbi əməliyyatlara başlayacağı ilə bağlı ehtimallar artır. 

İki ölkə arasında qarşılıqlı ittihamlar və ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar fonunda davam edən gərgin münasibətlərin hərbi mərhələyə keçəcəyi istisna olunmur. Maraqlıdır ki, artıq böyük dövlətlər mümkün ola biləcək müharibədə öz müttəfiqlərinin  kimlər olacağını indidən elan etməyə çəkinmirlər. Belə ki, bugünlərdə Britaniyada baş nazir olmaq uğrunda mübarizə aparan Boris Concon seçkilərdəki rəqibi Ceremi Hantla teledebat zamanı maraqlı fikirlər səsləndirib. Böyük Britaniyada Mühafizəkarlar Partiyasının lideri və baş nazir postları uğrunda gedən mübarizənin favoriti sayılan Boris Conson ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarını dəstəkləməyəcəyini bildirib.

“Əgər baş nazir olsam məndən İrana qarşı hərbi əməliyyatlara dəstək göstərib-göstərməyəcəyimi soruşsanız, o halda cavab belə olar – yox. İranla müharibənin Qərb üçün “ağıllı variant” olduğuna inanmıram. Diplomatiya irəliyə doğru hərəkət üçün ən yaxşı vasitə olmalıdır. 

ABŞ-ın İranla hərbi konflikt istəməsinə tərəddüdlə yanaşan Ceremi Hant da öz rəqibinin fikirlərini dəstəkləyib.

Maraqlıdır, Britaniya ABŞ-ı meydanda tək qoyur?

Politoloq Əhəd Məmmədli Cebhe.info-ya açıqlamasında ABŞ-ın İranla müharibə edəcəyinə inanmadığını deyib: 

“İran bəlkə də yeganə müsəlman ölkəsidir ki, ABŞ-ın siyasəti həmişə bu ölkəyə birmənalı olub: mehriban düşmən. Düşmən obrazı düzəldib, amma heç vaxt müharibə etməyəcək düşmən statusunda qalmaq şərti ilə. ABŞ İranla müharibə edən deyil. Məhz İranla həmişə sabit siyasət olub. Bu siyasət hədə-qorxulardan o yana keçməyib. Bir tərəfdən ABŞ İrana qarşı sanksiyalar tətbiq edib, o biri tərəfdən ABŞ-ın Avropadakı müttəfiqləri Britaniya, Fransa, İtaliya İrandan neft alıblar, ticarət əlaqələri qurublar. Bu cür vəziyyət illərdir davam edir. Tarix boyu müsəlman çoğrafiyasında Qərbə də, Rusiyaya da, Çinə də İran dövlətinin mövcudluğu lazım olub. İranda rejimlər, hakimiyyətlər dəyişə, dəyişdirilə bilər, lakin İran dövlətinin varlığı həmişə qorunub saxlanılır. İranla bağlı bu strateqiya dəyişməz olaraq qalır. Ona görə Britaniyanın bu çağırışı mənim üçün heç də təəcüblü olmadı. Zəif İranla müharibə etməyən Amerika, Britaniya güclü İranla müharibə edəcək? Özü də indiki vaxtda. Təbii ki, xeyr. Britaniya Amerikanı meydanda tək buraxmayıb. Onsuz da ABŞ-ın İranla müharibə etmək fikri yoxdur. Bunun əlavə sübutu kimi, ABŞ-ın dövlət katibi Mayk Pompeonun İranla qeyd-şərtsiz danışıqlara başlamağa hazır olduqlarını bəyan etməsini göstərə bilərik. Siyasət emosiyanı deyil, soyuqqanlığı, hərbi deyil, diplomatiyanı sevən peşədir. Bütün bunlar bir daha onu göstərir ki, İranla nə Amerika, nə Britaniya nə də hər hansı başqa qeyri-müsəlman ölkəsi müharibə edən deyil”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 5644