hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

ABŞ “oyundankənar” vəziyyətdə: Ağ Ev radikallaşır?

ABŞ “oyundankənar” vəziyyətdə: Ağ Ev radikallaşır?

Rusiya Prezidenti Vladimir Putin noyabrın 17-də “Rossiya 24” kanalına müsahibəsində maraqlı məqamlara toxunub.

V. Putin müttəfiq kimi Türkiyənin adını çəkib. Putin qeyd edib ki, ölkəsi Dağlıq Qarabağ probleminin həllində də Türkiyə ilə Suriyadakı kimi əməkdaşlıq edə bilər. ABŞ-ın bu məsələyə münasibəti maraq doğurur.

Yeni seçilmiş prezident Co Bayden bu müttəfiqliyə qarşı çıxacaqmı? Yoxsa regional reallıqları nəzərə alıb ortaq anlaşma müstəvisinə üstünlük verəcək?

Politoloq Elşən Manafov “Cümhuriyət”ə açıqlamasında deyib ki, bu gün ABŞ Türkiyənin Cənubi Qafqazda nüfuz dairəsini gücləndirməsindən məmnun deyil: “Hazırda Birləşmiş Ştatların Türkiyə ilə münasibətləri heç də hər iki dövlətin maraqlarına cavab verən müstəvi üzərində deyil. Xatırladaq ki, S-400-lə bağlı məsələdən sonra Türkiyə ABŞ münasibətlərində problemlər yarandı və bunun ardınca ABŞ F-35-lərin Türkiyəyə satılmayacağını bildirdi. Eyni zamanda müəyyən mənada ABŞ-ın gördüyü tədbirlər nəticəsində Türk lirəsinin alıcılıq qabiliyyəti aşağı düşdü. ABŞ bu yolla Türkiyəyə qarşı həm də iqtisadi təzyiqləri gücləndirməyə çalışdı. Əlbəttə, bu gün Birləşmiş Ştatların hakim dairələri Türkiyənin ABŞ və NATO ilə razılaşdırmadan Cənubi Qafqazda təsir və nüfuz dairəsini gücləndirməsindən məmnun deyillər.

Baxmayaraq ki, Türkiyə NATO ölkəsidir və onun Qafqazda, Mərkəzi Asiyada möhkəmlənməsi NATO-nun da, Birləşmiş Ştatların da maraqlarına cavab verməlidir. Lakin hazırkı Türkiyə heç də 80-90-cı illərin Türkiyəsi deyil və bu mənada ABŞ tərəfindən irəli sürülən bütün şərtlərə qeyd-şərtsiz boyun əymir. Türkiyə indi nəinki Asiyada, heç MDB məkanında da olan maraqlarını gizlətmir. Türkiyə anlayır ki, onun Cənubi Qafqazda və Mərkəzi Asiyada öz təsir dairəsini genişləndirmək istəyi Rusiya tərəfindən adekvat addımların atılması zərurətini doğuracaq. Təbii ki, Rusiya ilə münasibətlərin gərginləşməsindənsə, bütün hallarda bu siyasət koordinasiya edilməlidir. Rusiya prezidenti Vladimir Putin də 17 noyabrda “Rossiya 24” kanalına verdiyi açıqlamada bunu bəyan etdi.

O qeyd etdi ki, hazırda Ermənistanda Rusiyanın da gözləmədiyi hadisələr yaşanır, bütün olanlarda isə Rusiyanı günahlandırırlar. Əslində, Putin etiraf etdi ki, müharibə vaxtı Ermənistana əlindən gələn yardımı edib. Bu yolla Putin etiraf etdi ki, Ermənistanın rüsvayçı məğlubiyyətinə görə məsuliyyəti hazırkı İrəvan hökuməti daşıyır. Doğrudur, o, bunu çox ehtiyatla səsləndirdi. Görünür, Putin Paşinyanla da münasibətlərin gərginləşməsində maraqlı deyil. O qeyd etdi ki, bu gün Ermənistandakı vəziyyətin inkişafı bu ölkənin xeyrinə olmaya bilər və onun məhvinə gətirib çıxarar. Görünürdü ki, Rusiya Prezidenti Ermənistanın Qarabağdakı məğlubiyyətindən şok vəziyyətə düşüb, bu açıq şəkildə hiss olunurdu. Amma bununla bağlı Azərbaycanın da bölgədəki perspektivini görür və ona görə etiraf etdi ki, biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq. Xüsusən Şuşanın azad edilməsi, üstünlüyün Azərbaycana və eyni zamanda Türkiyəyə keçdiyi heç kəsdə şübhə doğurmur. Putin bunu da qeyd etdi.

Putin qeyd etdi ki, Türkiyə sülhməramlılarının harada yerləşdirilməsinə Azərbaycan müstəqil dövlət olaraq özü qərar verəcək. Açıq şəkildə görünür ki, Türkiyə Böyük Millət Məclisinin sülhməramlılarla bağlı aldığı qərar Rusiyanın siyasi elitasının ciddi şəkildə narahat edib. Rusiya açıq şəkildə bildirdi ki, o özünün Cənubi Qafqazdakı 200 illik maraqlarından keçmək fikrində deyil. Amma eyni zamanda Putin qeyd etdi ki, niyə Türkiyə ilə bu məsələdə əməkdaşlıq etməyək? Axı biz bu əməkdaşlığı Suriyada etmişik. Ona görə də o qeyd etdi ki, biz bu məsələdə də cənab Ərdoğanla bir-birimizi anlayacağıq. Türkiyə ilə Rusiyanın Azərbaycan məsələsində qarşı-qarşıya qalmasında maraqlı olan qüvvələr və dövlətlər var. Artıq Fransa və dolayısı yolla ABŞ bu maraqlarını açıq şəkildə büruzə verir”.

Ekspert hesab edir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan artıq Tramp Adminstrasiyası ilə deyil, Cozef Baydenlə işləməyə başlayıb: “ABŞ dövlət katibi Mayk Pompeonun Türkiyəyə sonuncu səfəri çox ciddi reaksiyaya səbəb oldu. Çünki Pompeonu buna görə açıq şəkildə fitə basdılar. Bu Ərdoğanın artıq Trampla deyil, Baydenlə işləməsinə siqnal kimi də qəbul oluna bilər. Trampın seçkilərdəki məğlubiyyəti artıq şübhə doğurmur, baxmayaraq ki, o məhkəmə yolu ilə seçkiləri qazanacaq. Lakin bu mümkün görünmür və Ərdoğan da bunu gözəl başa düşür. Baydenin Ərdoğan haqqındakı kəskin çıxışı bu gün hər kəsə məlumdur. Lakin Ərdoğan uzaqgörən siyasəti ilə Ağ Evdən gələ bilən hər bir təhlükəni neytrallaşdıracaq. O, Türkiyə ilə ABŞ arasındakı münasibətləri hər iki dövləti maraq ortaqlığı üzərində qurmağa çalışacaq. Baydenin isə bu məsələyə necə olacağını zaman göstərəcək. Amma bütün hallarda Türkiyə NATO üçün çox önəmli bir dövlətdir və NATO-da gözəl anlayırlar ki, Türkiyə olmadan regional problemlərin həllində hər hansı bir uğura imza atmaq mümkün deyil. Bunu Rusiya da anlayır. Hesab edirəm ki, Azərbaycanda stabillik və təhlükəsizliyin edilməsi, bu sahədə Türkiyə ilə Rusiya arasında əməkdaşlığın əldə edilməsi amillərindən asılı olacaq. Düşünürəm ki, Azərbaycan Prezidenti İlham Əliyevin də mövqeyi bu istiqamətdə olacaq. Türkiyə ilə Rusiya arasındakı gərginlik bu gün Azərbaycana lazım deyil. Bu gün bizə maraqlı olan məsələ azad edilmiş torpaqlarımızda sabitliyin yaranması və infrastrukturun qurulmasıdır ki, hökumət də bununla məşğul olur”. E.Manafov əlavə edib ki, Bayden ABŞ-ın Yaxın Orta Şərqdə bağlı yeni dünya nizamı ilə bağlı planlarını həyata keçirmək üçün Ərdoğanın atdığı addımlara göz yummalı olacaq: “Mənə elə gəlir ki, hələlik Rusiya-Türkiyə müttəfiqliyinin hər hansı bir sahədə əldə olunması ilə bağlı məsələlərdən danışmaq bir qədər tezdir. Çünki Rusiyanın bölgəyə sülhməramlı qoşunlarını yeritməsi heç şübhəsiz ki, Türkiyə tərəfindən də adekvat addımların atılmasına səbəb oldu. Əslində, hazırda tərəflər arasında Cənubi Qafqaz, xüsusən də Azərbaycanda nüfuz dairəsi uğrunda açıq şəkildə mübarizə gedir. Lakin tərəflər anlayırlar ki, aralarındakı münasibəti Azərbaycan-Ermənistan münasibətləri səviyyəsinə gətirmək istəmirlər. Hesab edirəm ki, hər iki tərəf bu barədə anlaşıb bir- birlərinə güzəştə gedəcəklər. Buna ABŞ münasibətinin necə olacağına gəldikdə isə əvvəlcə qeyd edim ki, Birləşmiş Ştatların xarici siyasətində heç vaxt kardinal dəyişikliklər olmur. Bayden bir daha bəyan etdi ki, ABŞ qlobal siyasətə qayıdır.

Bu çox ciddi mesaj idi. Bu mənada ABŞ-ın xarici siyasətinin müəyyən mənada radikallaşacağını istisna etmirəm. Lakin Azərbaycanın enerji resursları ABŞ və NATO-nun marağında olan bir məsələdir. Heç şübhəsiz ki, Türkiyə bölgədə daha çox öz maraqlarına işləyə biləcək bir razılaşmanın əldə edilməsinə çalışacaq. ABŞ da anlayır ki, Türkiyəsiz regiondakı problemləri və Suriya məsələsini həll edə bilməyəcək və Yaxın Orta Şərqdə yeni dünya nizamı ilə bağlı ciddi problemlərlə qarşılaşacaq. Çünki Türkiyə ilə bu məsələdə razılığın əldə olunmaması ABŞ-ın Yaxın Orta Şərqdə yeni dünya nizamı ilə bağlı planına ciddi zərbə vura bilər. Ona görə də Bayden Ərdoğanın atdığı addımları məmnunluqla qarşılamasa da, dolayısı ilə bu addımlardan razı qalmadığını bildirməyəcək”.
Əli Bədir

Cebhe.info


Oxunma sayı: 12112

Bizim Telegram səhifəmizi izləyin