hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

ABŞ şirkəti Azərbaycandan niyə gedir?

ABŞ şirkəti Azərbaycandan niyə gedir?

Macarıstanın energetika şirkəti MOL ABŞ-ın "Chevron" şirkətinin Azərbaycandakı neft yatağındakı payının 2 milyard dollardan baha qiymətə alınması barədə danışıqlar aparır. 

Bu barədə "Reuters" agentliyi bank və neft sahəsindəki mənbələrə istinadən məlumat yayıb. Agentliyin məlumatına görə, əvvəlcə MOL "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağındakı iki neft şirkətinin - "Chevron" və onun daha böyük rəqibi olan ABŞ-ın "Exxon Mobil" şirkətlərinin payları ilə maraqlanıb, lakin sonradan yalnız "Chevron"un 9,57 faizlik payının satın alınması üçün təklif edib. "Chevron" və MOL məsələyə şərh verməkdən imtina edib.

Xəbərdə qeyd olunur ki, danışıqlar Baş nazir Viktor Orbanın başçılıq etdiyi Macarıstan hökumətinin Mərkəzi Asiya ölkələri ilə daha yaxın əlaqələr qurmaq kursunu açıqlamasından sonra başlayıb. "Chevron" və "Exxon Mobil" şirkətləri hazırda yenidən yerli istehsala yönəliblər və buna görə "Exxon Mobil" AÇG-dəki 6,8 faizlik payı üçün alıcı axtarışlarını davam etdirəcək. Məlumata görə, satış prosesini "Bank of America Merrill Lynch" (BAML) həyata keçirir. BAML da məsələyə şərh verməkdən imtina edib. Qeyd edək ki, hələ 2018-ci ildə “Chevron” korporasiyası “Exxon Mobil” şirkətindən sonra Azərbaycanın “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsinə dair layihədəki payını satmağa hazırlaşırdı. Məlumata görə, “Exxon Mobil” şirkətinin həmin layihədəki 6.8 faizlik payını 2 milyard dollara satmaq planları ilə bağlı konsorsiumdakı digər Amerika şirkəti “Chevron”dan şərh almağa çalışıb. Bu şirkətdən deyiblər ki, onlar özləri də konsorsiumdakı 9.6 faizlik paylarını satmağı planlaşdırırlar.

Məlumat üçün bildirək ki, “Əsrin müqaviləsi”ində cəmi 5 Amerika şirkəti yer alırdı və indiyədək onlardan 3-ü paylarını satıb gedib. Sözügedən məsələ ilə bağlı SOCAR-ın və ABŞ-ın Azərbaycandakı səfirliyinin mövqeyini almaq istəsək də, aidiyyəti qurumlar “Chevron” şirkətinin özü ilə əlaqə saxlamağı məsləhət görüb əlavə şərh vermədi.

İqtisadçı-ekspert Rəşad Həsənov “Cümhuriyət” qəzetinə bildirib ki, ABŞ şirkətlərinin bu kimi layihələrdən çəkilməsi son nəticədə hər iki ölkə arasında iqtisadi münasibətlərin zəifləməsinə gətirib çıxara bilər:

“Məlumdur ki, enerji həssas sektordur. Bu sahədə iqtisadi maraqların olması regionun təhlükəsizliyi baxımından ABŞ-ın dəstəyini alınması imkanlarını artıran məqamlardandır. ABŞ ötən 27 il ərzində həm Xəzərin, həm də Azərbaycan sərhədlərinin təhlükəsizliyi ilə bağlı müxtəlif proyektlərə 1 milyard dollara yaxın vəsait ayırıb. Əgər şirkətlər enerji bazarından çəkilərsə, bu, növbəti dövrlərdə ABŞ-ın Azərbaycanda maraqlarının zəifləməsinə gətirib çıxara bilər. Bu, strateji baxımdan Azərbaycanda digər ölkələrin, o cümlədən Rusiyanın möhkəmlənməsinə müəyyən qədər şərait yarada bilər ki, bu da ölkəmiz üçün arzuolunan variant deyil. Amma mən ABŞ şirkətlərinin iqtisadi kontekstdən vəziyyəti qiymətləndirməsi ilə bağlı qərar qəbul etməsi versiyasına üstünlük verirəm. Böyük ehtimalla enerji bazarında volatilliyin müşahidə olunması son 5-6 ildə bu sektorda fəaliyyət göstərən şirkətlərin maliyyə vəziyyəti ilə bağlı çətinliklərin yaranmasına gətirib çıxarıb. Eyni zamanda bu günə qədər aparılmış proqnozlar əsasında yatırılan investisiyalar şirkətlər üçün əvvəlki qədər cəlbedici görünmür. Çünki orta qiymətləndirmə aparsaq, 2015-ci ilin əvvəli ilə müqayisədə təxminən 55-60 faizə yaxın azalma var. Ehtimal olunur ki, bununla bağlı məqamları nəzərə alaraq şirkətlər vəsaitlərini alternativ bazarlarda yerləşdirməyə üstünlük verir. Ola bilsin, maliyyə çətinlikləri səbəbindən müəyyən müəssisələri əldən çıxarmağı gözə alırlar və bu kontekstdən də hazırda Azərbaycanda olan müəssisələr də bu siyahıya daxil olur”.

Ekspert hesab edir ki, şirkətlərinin layihələrdən çəkilməsində ciddi dövlət təzyiqinin olması ehtimalı çox aşağıdır:  

“ABŞ-ın hansısa formada alt planı da ola bilər. Məlumdur ki, ABŞ-la İran arasında münasibətlər ən gərgin məcraya daxil olub. Ehtimal ki, “Chevron” kimi böyük şirkətlər bu planlarla bağlı məlumatlıdır və nəticədə regionda yarana biləcək xaos, müharibə şəraiti və yaxud da Xəzərin təhlükəsizliyi ilə bağlı risklər, habelə İran tərəfindən ABŞ-ın Xəzərdə olan maraqlarına təhlükənin olması kimi məsələlər nəzərə alınaraq bu layihələrdən çəkilməyə qərar veriblər. Bu versiyalara rəğmən istənilən halda maddi olaraq şirkətlərdə payların hər hansı bir idarəediciyə ötürülməsi şirkət üçün itkilərə gətirib çıxarmır. Amma nəzərə almaq lazımdır ki, “Chevron” kimi peşəkar bir şirkətin hər hansı bir konsorsiumda iştirak etməsi, konsorsiumun gücünü daha da artıran məqamdır. Bunun başqaları ilə əvəzlənməsi son nəticədə konsorsiumun ümumi imkanlarının zəifləməsinə, gələcək əlavə investisiya yatırımları imkanlarının azalmasına gətirib çıxara bilər. Amma bu məsələ barədə ətraflı məlumata malik deyiləm”.

Rəşad Həsənov onu da qeyd edib ki, “Chevro”nun Macarıstanın enerji şirkəti ilə əvəzlənməsi Azərbaycanın seçimi deyil: 

“Əgər “Chevron” öz payını satırsa, “kim alacaq?” məsələsi aktuallaşır. Son nəticədə Azərbaycanın maraqlarının təmin olunması daha yaxşı olardı. Amma istənilən halda payını satan şirkət xarici şirkətdir və o, daha əlverişli ticarət şərtləri daxilində bu alğı-satqını həyata keçirmək istəyir. Düşünmürəm ki, bu alğı-satqı həyata keçirilərkən ilk olaraq Azərbaycanın maraqları nəzərə alınır. Çünki şirkət ilk olaraq öz ticari maraqlarını ortaya qoyur. Amma istənilən halda, daha böyük və peşəkar şirkətlərlə münasibətlərin olması, birlikdə hər hansı bir layihələrin icra olunması, Azərbaycan kontekstindən daha avantajlı hesab olunur. Xüsusilə söhbət “Chevron”dan gedirsə, növbəti dövr ərzində ABŞ-la Azərbaycan arasında ümumi iqtisadi münasibətlərin zəifləməsinə gətirib çıxarır”.

Analitik fikrincə, ABŞ-ın Azərbaycanda strateji marağı təkcə bu şirkətlərin ölkədə iştirak etməsi ilə bitmir: 

“ABŞ-ın strateji maraqları çərçivəsində Avropa İttifaqının enerji təhlükəsizliyi məsələsi də var. Əks halda, Avropa İttifaqı enerji baxımından Rusiya kimi konservativ ölkələrdən asılı vəziyyətdə qalır. Bu isə ABŞ-ın regiondakı maraqlarına ziddir. ABŞ mümkün qədər çalışır ki, Avropa ölkələri Rusiyadan daha müstəqil siyasətə və iqtisadiyyata sahib olsunlar və ciddi risk olmasın. Çünki Avropa İttifaqı ABŞ üçün böyük bir iqtisadi tərəfdaş hesab olunur. Avropa İttifaqı üçün yaranmış risk ABŞ üçün də neqativ konyunkturun yaranmasına gətirib çıxarar. Buna görə də hesab edirəm ki, bu şirkətlərin çəkilməsi təbii ki, maraqların zəifləməsinə səbəb olacaq, amma ABŞ-ın Azərbaycanın enerji bazarındakı marağının tam olaraq aradan qalxmasına deyil”.

Yeganə Oqtayqızı
Cebhe.info

P.S. “Cümhuriyət” qəzeti məsələ ilə bağlı “Chevron” şirkətinin Azərbaycandakı nümayəndəliyinə sorğu ilə müraciət edib.


Oxunma sayı: 1981