hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

ABŞ uyğurlara görə Çinə sanksiya tətbiq etdi - Saziş ertələnir

ABŞ uyğurlara görə Çinə sanksiya tətbiq etdi - Saziş ertələnir

Rəsmi Vaşinqton uyğur türklərinə qarşı həyata keçirdiyi repressiyalara görə Çinə sanksiyalar tətbiq etmək istəyir. 

Cebhe.info-nun məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp NATO-nun Londonda keçirilən sammiti çərçivəsində açıqlama verib. Bununla bağlı məlumatda bildirilir ki, ABŞ konqresmenləri hökuməti “Qlobal Maqnitski" qanununun tərkib hissəsi olaraq, Sinzyan Uyğur Muxtar Bölgəsindəki yaranmış vəziyyətlə əlaqədar Çin hakimiyyətinə qarşı sanksiyalara baxmağa məcbur edir. Konqresmenlər Çinin şimal-qərbindəki Uyğur Muxtar Vilayətində insan hüquqlarının pozulmasına diqqət çəkir. Sənəd həmçinin ABŞ hökumətini muxtar bölgədə yerləşən ÇXR orqanlarının nümayəndələrinə Amerika mal və xidmətlərinin ixracına mümkün qadağanı nəzərdən keçirməyi nəzərdə tutur. Bundan əlavə, sənəddə Çin Xalq Respublikasının sədri Si Tszinpinə ünvanlanmış müraciət də yer alıb. Ondan hüquq müdafiəçilərinin məlumatına görə, bir milyona yaxın uyğurun saxlandığı islah düşərgələrinin bağlanması xahiş olunur. Qanun layihəsi bu ilin sentyabr ayında Senat tərəfindən təsdiqlənib. İndi sənəd imzalanmaq üçün Prezident Donald Trampa göndərilib. Ağ Evin rəhbərinin bu qanunu imzalayacağı istisna edilmir.

Düzdür, ABŞ prezidenti daha əvvəl Pekinlə saziş bağlamaq üçün vaxtının olmadığını və razılaşmanın gözlənildiyi kimi bu ilin dekabrında deyil, 2020 seçkilərindən sonra bağlanmasının mümkün olduğunu bildirmişdi. Trampın fikrincə, uyğurlarla bağlı qanun layihəsi Çinlə ticarət sazişini dərhal durdura bilər. “Ancaq indi razılaşmaq istəyirlər və bunun doğru olub-olmadığını görəcəyik”, - ABŞ prezidenti Londonda belə deyib.

Qanun layihəsinin qəbul olunacağı təqdirdə, danışıqların təkərinə çubuq qoyulacaq. Pekin artıq bu mövzuda açıqlama verərək sənədi Çinə zərərli bir hücum adlandırıb və ABŞ-ı qanun layihəsinin qarşısını almağa çağırıb. “Reuters”in ticarət danışıqlarında Çinin mövqeyi ilə tanış olan rəsmilərdən əldə etdiyi məlumata görə, "Uyğur qanunu" ÇXR ilə ABŞ arasındakı müqavilə üçün real təhlükə yaradır. Agentliyə açıqlama verən analitiklərin fikrincə, Çinin həmin sənədə reaksiyası, Trampın bu yaxınlarda imzaladığı Honqkonq qanunundan daha kəskin ola bilər. Pekin “ABŞ-ın hegemon təbiətini” qeyd edərək sənədi "Amerikanın sui-qəsdi" adlandırıb. 

Müşfiq Abdulla 
Cebhe.info


Oxunma sayı: 3092