hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

ABŞ vətəndaş müharibəsinə doğru: “Seçkidən əvvəl 400 milyon silah alınıb”

ABŞ vətəndaş müharibəsinə doğru: “Seçkidən əvvəl 400 milyon silah alınıb”

ABŞ-ın hazırkı Prezidenti Donald Tramp özünü noyabrın 3-də keçirilmiş Prezident seçkilərinin qalibi hesab etdiyini deyib.

Bu barədə D.Tramp özünün “Twitter” hesabında yazıb. “Seçkiləri qazandım!”,- deyə Tramp qeyd edib. Lakin adıçəkilən sosial şəbəkə ABŞ Prezidentinin bu açıqlamasını qeyri-ciddi məlumat kimi göstərib. Trampın "tvit"i platforma tərəfindən aldadıcı paylaşım kimi qeydə alınıb. Trampın bu açıqlamasına Demokratlar Partiyasından seçkilərin qalibi olmuş Co Baydenin Ağ Evin aparat rəhbəri etmək istədiyi Ron Klayn münasibət bildirib.

O, NBC-yə açıqlamasında Trampın sözlərinin ölkədəki vəziyyətə heç bir şəkildə təsir göstərməyəcəyini söyləyib. “Donald Trampın “Twitter”i Co Baydeni prezident və ya əksinə etmir. Bunu Amerika xalqı etdi ”-Klayn belə deyib. Onun sözlərinə görə, Ağ Ev rəhbərinin açıqlamaları Baydenin prezidentlik uğrunda mübarizədə qələbəsini bir daha təsdiqləyir. Co Baydenin seçki qərargahı prezident Trampı bu həftə hakimiyyətin ötürülməsinə dair saziş imzalamağa çağırıb. Buna baxmayaraq, Donald Tramp səsvermənin saxtalaşdırıldığını və seçkilərin nəticələrini tanımadığını bəyan edib. Noyabrın 15-dən başlayaraq, ABŞ-da Tramp tərəfdarlarının etiraz aksiyasına başlaması Ağ Evin rəhbərini ruhlandırıb. Donald Tramp hələ ki, Ağ Evi tərk etmək niyyətində görünmür. Beləliklə, ABŞ tarixində ilk dəfə şərti olaraq ikihakimiyyətliliyin yarandığını söyləmək olar. Ona görə də prosesin məhkəməyə qədər davam edəcəyi proqnozlaşdırılır. Donald Trampın vəkili Cey Sekulo onun tərəfdarlarını sakitləşməyə çağıraraq bildirib ki, prezidentin komandası müxtəlif ştatlardakı məhkəmə şikayətlərini koordinasiya edir. Lakin vəkil Trampın müvəffəqiyyət şansının çox yüksək olmadığını da etiraf edib.

“Əsəbi vəziyyəti və ümidsizliyini başa düşürəm. Ancaq iki-üç gün ərzində hər şeyə son qoyacaq və ya səsvermənin nəticələrini dəyişdirəcək bir qərar olmayacaq”-deyən Sekulo yeni iddiaların qaldırılacağını və bunun bir neçə həftə sürəcəyini diqqətə çatdırıb.

“Bunu deyim: bu asan deyil, mürəkkəbdir. Bir tərəfdən hər şey qaydasında getsə, möcüzə olacaq. Ancaq məhkəmə sizə qarşı qərar çıxarmayana qədər mübarizədən vaz keçməyin. Belə ki, qanunun aliliyinə hörmət edirik”.

Vəkil Donald Trampın və seçkilərin taleyinin nəticədə, ABŞ Ali Məhkəməsi tərəfindən müəyyən ediləcəyini deyib. Qeyd edək ki, artıq ABŞ-ın Üçüncü Dairə Apellyasiya Məhkəməsi prezident Trampın iddiasını əsassız hesab edib. Ona görə də kütləvi etiraz aksiyalarının təşkili və Trampın nəticələrlə barışmaması Seçicilər Kollegiyasına siyasi təzyiq kimi qiymətləndirilə bilər.

Politoloq Elşən Manafov hesab edir ki, ABŞ-da seçkisonrası yaranmış vəziyyətin inkişafı indi Trampın tutacağı mövqedən çox asılıdır. Həm hakimiyyətin dinc ötürülməsi, həm də vətəndaş müharibəsinin baş verməsi üçün ciddi səbəblər formalaşıb.

“Tramp Baydenin seçkilərdə qalib gəldiyini elan etsə də bildiridi ki, seçkilərdə kütləvi saxtakarlıq baş verib və ABŞ tarixində ilk dəfə səsvermənin poçt vasitəsilə keçirilməsi seçkilərin nəticəsinə ciddi təsir göstərib. Rəsmi məlumatlara görə, Tramp 72 milyon, Bayden isə 77 milyon seçicinin səsini qazana bilib. Tramp ona və respublikçılara sadiq olan ştatlarda səslərin yenidən sayılması ilə bağlı iddia qaldırsa da bu, Trampla Bayden arasında səslərin müstəsna dərəcədə azalmasına səbəb olmadı. Hər halda, seçkilərdən xeyli əvvəl də Baydenin qalib gələcəyi proqnozlaşdırılırdı. Co Bayden ABŞ-ı yenidən qlobal siyasət meydanına qaytaracağını vəd edir. Tramp isə Kalvin Kulicin mövqeyindən çıxış edərək bildirirdi ki, ABŞ-ın işi biznesdir. Trampın prezidentliyi dövründə ölkədə işsizlik xeyli azaldı və ABŞ-da orta təbəqə inkişaf etdi, on minlərlə istehsal müəssisəsi yaradıldı. Lakin pandemiya bu uğura zərbə vurdu. Koronavirusun vurduğu reallıqlardan Bayden və demokratlar, yəni dərin dövlətçilik nəzəriyyəsinin tərəfdarları istifadə etdilər. Etiraf etmək lazımdır ki, Trampın prezidentiliyi dövründə ABŞ öz sərhədlərindən kənarda müharibə aparmadı.

Tramp hətta Əfqanıstandan, İraqdan, Susiyadan qoşunları çıxartmağı qərara almışdı. Doğrudur, ABŞ-ın xarici siyasətində kəskin dönüşlər baş verirdi. Məsələn, Yerusəlimin İsrailin paytaxtı kimi tanınması Amerikanın ərəb ölkələri ilə münasibətlərində problemlər yaratdı. İrana qarşı sərt sanksiyalar tətbiq olundu. Trampın əleyhinə işləyən amillərdən biri onun Çinlə ticarət müharibəsi aparması oldu. Bu gün ABŞ mətbuatının yazdığından məlum olur ki, Çin Baydenin prezident seçilməsi üçün milyardlarla dollar vəsait xərcləyib. Demokratlar bu məlumatı inkar da etmirlər. Belə bir vəziyyət ABŞ-da XIX əsrin 60-cı illərində baş vermişdi. O dövrdə silahlı qarşıdurmadan çəkinmək mümkün olmadı. Ona görə də ABŞ-da vətəndaş qarşıdurmasının güclənə biləcəyi ilə bağlı ehtimallar var. Əgər Tramp öz tərəfdarlarına mübarizəni davam etdirmək üçün müraciət etsə, bu qarşıdurma baş verə bilər. Sonuncu prezident seçkiləri ərəfəsində ABŞ vətəndaşları 400 milyona yaxın silah alıb. Qaradərili seçicilərin əksəriyyətinin demokratlara səs verdiyini nəzərə alsaq, bu 1861-1865-ci illərdədki vətəndaş müharibəsinin təkrar olunmasına gətirib çıxara bilər. Həmin vaxt respublikaçıların namizədi Avraam Linkoln qalib gəlmişdi. ABŞ-ın şimal ştatlarının xeyrinə qərarlar qəbul etməsi sonda Linkoln hökumətinin qələbəsi ilə nəticələnmişdi. Belə ki, zəncilərə vətəndaş hüquqları verilirdi və köləlik ləğv olunurdu. İndi isə irqi ayrı-seçkiyin güclənməsi və Baydenin bu seçkilərdə miqrasiya qanunu yumşaldacağı ilə bağlı verdiyi bəyanatlar ABŞ-a xarici ölkələrdən miqrasiyasının artacağına səbəb olacaq. Eyni zamanda Tramp Federal Ehtiyatlar Sistemini prezidentin nəzarətinə qaytarmasını dərin dövlətçilik tərəfdarları Trampa bağışlamadılar. Bu seçkilər maliyyə oliqarxiyasının istehsal biznesi üzərində qələbəsi kimi yadda qaldı. Bu mənada, xarici siyasətdə dəyişikliklərin olacağı istisna edilmir”.

Politoloq onu da vurğuladı ki, maliyyə oliqarxiyası ilə istehsal-biznes dairələri arasında anlaşma əlunarsa, ABŞ-da siyasi qarşıdurmaya son qoymaq mümkün olacaq. Əks təqdirdə, böhranın dərinləşməsi 400 milyon silah almış amerikalıların siyasi müstəvidə toqquşmasına gətirib çıxara bilər. Bu isə ABŞ tarixində ikinci vətəndaş müharibəsinin baş verməsi deməkdir.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 10209

Bizim Telegram səhifəmizi izləyin