hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.9142
  • NEFT - 62.84
  • clouds-weather

Ağ Evdən Azərbaycana QARABAG DƏSTƏYİ

Ağ Evdən Azərbaycana QARABAG DƏSTƏYİ

Amerika Birləşmiş Ştatarının (ABŞ) Dövlət Departamenti yeni hesabat yayıb. 

Sənədə Ermənistanı işğalçı adlandıran bənd salınıb. Qeyd edək ki, bu ifadə ABŞ tərəfindən ilk dəfə hesabata salınır. Həmin bənddə göstərilir ki, separatçılar Ermənistanın dəstəyi ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əksər hissəsini və ona bitişik 7 rayonu nəzarətdə saxlamaqda davam edirlər. Dövlət Departamentinin bu hesabatına ABŞ mətbuatı da diqqətçəkən reaksiya verib. 

Belə ki, hesabatın ardınca ABŞ-ın nüfuzlu “Vaşinqton Tayms” qəzetinin müxbiri Monika Krouli və tanınmış “77 VABC” radiosunun aparıcısı Con Baçelor “erməni işğalı, vandalizmi” sözlərini xüsusi vurğulayıb. Bildirib ki, işğal altında qalan zəngin Azərbaycan torpaqları dağıntıya məruz qalıb, torpaqlar becərilmir, ermənilər Azərbaycan tərəfinə külli miqdarda maddi və mənəvi ziyan vurublar. Mediada ABŞ konqresmenləri və siyasətçilərinin güclü erməni lobbisinin təsiri altında olduğu vurğulanıb. ABŞ mətbuatı həmin konqresmenləri də sərt şəkildə tənqid edib.

Azərbaycanın haqlı mövqeyini etiraf edən ABŞ Dövlət Departamentinin bu hesabatı ekspertlər tərəfindən də müsbət qiymətləndirilib. “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) bölgədəki əsas tərəfdaşı məhz Azərbaycandır:

“Əfqanıstanda sülhməramlı qüvvələrimiz var, Azərbaycanın enerji resurslarının Avropaya çatdırılması ABŞ-ın maraqlarına xidmət edir. O baxımdan ki, Avropanın qaz məsələsində Rusiyadan asılılığı azalır. Bütün bunlara görə, ABŞ-Azərbaycan münasibətləri strateji əhəmiyyət kəsb edir. Buna görə də, Azərbaycanın əhəmiyyəti ABŞ üçün daha da artır. Mümkündür ki, Azərbaycan ABŞ-dan müsbət istiqamətdə dəstək də alsın. Bu bəyanatda səslənən fikirlər də məhz dəstək siyasətinin tərkib hissəsidir. Doğrudur, Dövlət Deprtamentinin hesabatlarında Azərbaycanla bağlı tənqidi fikirlər getsə də, bu da normaldır, əslində biz buna artıq öyrəşmişik. Əsas olan odur ki, ilk dəfə separatçılar adı və ünvanı ilə göstərilib. Hətta onu da etiraf ediblər ki, Konqresdə güclü erməni lobbisi var. Bu isə o deməkdir, ABŞ Azərbaycanla daha sıx münasibətlər qura bilərdi, amma Konqresdəki erməni lobbisi buna mane olur. Bu da çox böyük etirafdır. Əslində isə Vaşinqton Azərbaycanla sıx əməkdaşlıqda maraqlıdır. Doğrudur, bu əməkdaşlıq Azərbaycanın da maraqlarına xidmət edir. Çünki Azərbaycan istəyir ki, enerji resurslarını dünya bazarına çıxarsın, təhlükəsizlik problemlərini həll etsin. Bu istiqamətdə ABŞ-dan da kifayət qədər dəstək görür”.

Bu bəyanatın Dağlıq Qarabağ münaqişəsinin həllinə necə təsir edəcəyi məsələsinə gəlincə isə, Elxan Şahinoğlu bildirib ki, bu hesabat probleminin həllini sürətləndirməyəcək: 

“Bu, ABŞ-dan Azərbaycana çox vacib dəstəkdir. Amma bunun Qarabağ münaqişəsinin həllinə təsir edəcəyini demək doğru deyil. Ona qalsa, BMT-nin, Avropa Parlamentinin, Avropa Şurasının o qədər ədalətli qətnaməsi var. Amma görürük ki, həmin sənədlər münaqişənin həllini sürətləndirmir. Bir var söz deyəsən, biri var real addım atasan. Amma bütün hallarda çox müsbət bəyanatdır və Azərbaycan üçün faydalıdır”.

Vilayət Muxtar
 Cebhe.info


Oxunma sayı: 5382