hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.9142
  • NEFT - 65.79
  • clouds-weather

Ağ Ev bahalı neftlə son savaşa qalxdı

Ağ Ev bahalı neftlə son savaşa qalxdı

Neft sahəsinə xidməti şirkəti "Baker Hughes"un həftəlik məlumatına görə, ABŞ-dakı neft qazma qurğularının sayı 30 mart - 5 apreldə bir əvvəlki həftəyə nisbətən 15 ədəd artaraq 831-ə yüksəlib. 

ABŞ-ın neft qazma qurğusu sayındakı artıma baxmayaraq, Liviya və Venesuelada geosiyasi risklərin artacağı həyəcanı cümə günü Brent neftin bir bareli 70,60 dollardan, Qərbi Texas (WTI) tipli xam neftin bir bareli isə 63,17 dollardan bağlanıb.

ABŞ neft qazma qurğularının sayını artırmaqla qlobal bazarlarda hegemonluğunu saxlamağa çalışır.Dəfələrlə ABŞ prezidenti Donald Trampın neftin dəyərinin davamlı şəkildə artımının qarşısını almaq üçün OPEC ölkələrinə hasilatı artırmaq barədə çağırışlar edib.

Gözlənilirdi ki, hasilat həcmlərinin azaldılmasına dair OPEC-in qəbul etdiyi qərar 2019-cu ildən qüvvəyə minəndən sonra hasilat həcmləri də azalacaq.Amma gözləntilər özünü doğrultmadı.Ekspertlər hesab edir ki, Pekindəki Çin-ABŞ danışıqlarının gömrük tarifləri haqqında müsbət qərarlar verəcəyi gözləntisi də neft qiymətlərinin artmasında təsirli olub.

Neft məsələləri üzrə ekspert Zəfər Vəliyev “Cümhuriyət” qəzetinə bildirib ki, ABŞ-da neft qazma qurğularının sayındakı artım bazar siqnallarına söykənir:

“OPEC və neft hasil edən digər dövlətlərin, eləcə də ABŞ-ın hasilata və yaxud da qazma aktivliyinə yanaşma tərzləri çox fərqlidir. Ümumiyyətlə, ABŞ-ın şist neft yataqlarında fəaliyyət göstərən şirkətlərin qazma fəaliyyətini və hasilatını heç bir dövlət tənzimləmir.Amma OPEC və digər müttəfiq dövlətlərdə neft hasilatı, qazma aktivliyi əsasən tələb-təklif prinsipi əsaslanır.ABŞ-da isə bazar siqnallarına və qiymətə söykənir.Qiymətlər artdıqca qazma aktivliyi yüksəlir.Amma bu, neft hasilatının artması demək deyil. Ötən iş həftəsində əsas artım ABŞ-ın aparıcı Permian neft və qaz yatağında baş verib. Bu yataqda aktiv qazma qurğularının sayı 460-ı keçib.

Qiymət istənilən vaxtı aşağı düşə bilər. Çünki həm Səudiyyə Ərəbistanının, həm Birləşmiş Ərəb Əmirliyinin enerji nazirləri etiraf edirlər ki, hələ də ABŞ-da və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv olan dövlətlərdə kommersiya təyinatlı neft ehtiyatlarının həcmi gözlənilən normadan kifayət qədər yuxarıdır. Hazırda dünyanın 28 dövlətində kommersiya təyinatlı neft ehtiyatları artmaqda davam edir.Məsələn, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv olan dövlətlərin ümumi kommersiya təyinatlı neft ehtiyatları 2 milyard 800 milyon bareldən yuxarıdır.Belə olan halda neftin qiymətinin birdən-birə 70 dollar həddinə çatması heç bir fundamental səbəbə söykənmir”.

Analitikin sözlərinə görə, ötən illə müqayisədə cari ildə gündəlik neftə olan tələbat 1.4 milyon barel artacaq:

“Yəni, dünyanın neftə olan tələbatı bir günlük 100 milyon bareli keçəcək. Amma bu o demək deyil ki, neftin qiyməti sürətlə artmalıdır.Sadəcə olaraq burada geosiyasi faktorlar əsas rol oynayır.Venesuela, İran ətrafında cərəyan edən hadisələr və eyni zamanda ABŞ-la Çin arasında ticarət müqaviləsinin hələ də müsbət sonluqla başa çatmaması neftin qiymətini istənilən halda təhdid altına ala bilər.

Digər təsir vasitələri də var. Neftin qiymətinin artması və enməsi əsasən Amerikadan gələn enerji informasiyalarına söykənir.Əgər bu həftə hasilat həcmlərində artma baş versə, onda neftin qiyməti aşağı düşəcək.May ayının əvvəlində ABŞ İranın neft ixracı ilə bağlı yenidən qərara qəbul etməlidir, çünki artıq 180 gün başa çatır.Əgər neftin qiymətində artımlar müşahidə olunarsa, İranın neft ixracında güzəşt limiti təyin ediləcək.İranın qlobal bazarlara çıxaracağı kifayət qədər sərbəst fiziki neft həcmləri var. Brend markalı neftin qiymətinin 70 dollara qalxması o demək deyil ki, artım davam edəcək.Neftin qiyməti həm iqtisadi, həm də geosiyasi faktorlara bağlıdır.Hər iki amil neftin qiymətinin artmasının əlehinədir”.

Əgər OPEC daxilində parçalanma olarsa...

Zəfər Vəliyev deyib ki, OPEC daxilində qərarların qəbul edilməsində, kvotaların müəyyən olunmasında, eləcə də bazarın təhlil edilməsində müəyyən fikir ayrılıqları var: 

“Bəzi hallarda İran, bəzi də İraq OPEC daxili qərarların əksəriyyəti ilə razılaşmır. OPEC-ə üzv dövlətlərin aktivində olan böyük emal gücünə malik zavodlar var. Bu emal zavodları dünya bazarlarına mütəmadi xam neft məhsulları çıxardır.Ona görə də OPEC-in dağılması qlobal neft bazarlarının tənzimlənməsini aradan qaldırır.Əgər OPEC daxilində parçalanma olarsa və qurum fəaliyyətini dayandırarsa, o zaman bu təşkilata üzv olan dövlətlərin hər biri müstəqil qərarlar qəbul edəcəklər.Bu dövlətlər hasilatı istənilən səviyyəyə qədər artıra da bilərlər, azalda da.Bu zaman qlobal neft bazarlarının tənzimlənməsi çətin vəziyyətə düşə bilər.Neft sürətlə bahalaşar və həmin sürətlə də ucuzlaşa bilər”.

İqtisad elmləri doktoru, professor Fikrət Yusifov “Cümhuriyət” qəzetinə bildirib ki, artıq neftin qiymətləri kritik həddi keçib: 

“Qiymətlər artmaqda davam edir. Təbii ki, neft ixracatçısı olan Rusiyaya, İrana, Venesuelaya qarşı ABŞ-ın tətbiq etdiyi sanksiyalar bu ölkənin neftin qiymətlərinin aşağı düşməsi ilə bağlı istəyinə uyğun olmasa da, Birləşmiş Ştatlar sanksiyaların miqyasını genişləndirmək siyasətindən əl çəkmək fikrində deyil. Gözlənilən budur ki, keçən ilin noyabr ayının 5-dən İran neftinin satışına 6 ay müddətinə tətbiq edilən sanksiyaların müddəti başa çatdıqdan sonra qadağaların vaxtı yenidən uzadılacaq və sanksiyalar tətbiq edilməyə başladıqdan sonra bu ölkədən neft ixracına razılıq verilmiş 8 ölkə may ayının əvvəlindən artıq bu razılıqdan məhrum ediləcək. Vəziyyətin belə olacağını bilən həmən ölkələrin İrandan neft idxal edən kompaniyaları artıq indidən buna hazırlıq görməyə başlayıblar.Yəni, onlar bazarda özlərinə yeni satıcılar axtarmaqdadırlar.Birləşmiş Ştatların Venesueladakı vəziyyəti günü-gündən daha da gərginləşdirməsi, bu ölkənin də neft ixracı imkanlarının aşağı düşməsinə səbəb olur.Bu arada Rusiyaya neft hasilatı ilə bağlı yeni sanksiyaların tətbiq ediləcəyi gözlənilir.Belə bir durumda Liviyada vəziyyətin gərginləşməsi neft bazarında qiymətlərin artmasına əlavə bir stimul yaradır”.

Dünya bazarlarında neftin qiymətlərinin azalmasını özünün strateji hədəfinə çevirmiş ABŞ yaranmış vəziyyətdə hansı addımları atmağı planlaşdırır?

Professor qeyd edib ki, hazırda ABŞ neft hasilatını və onun ixracını sürətlə artırmaq istiqamətində davamlı addımlar atılır, şist neft hasilatı genişləndirilir: 

“ABŞ OPEC və onunla əməkdaşlıq edən ölkələrə qarşı neftin qiymətlərinin tənzimlənməsinə qarşı yeni sanksiyaların tətbiqi istiqamətində konkret addımlar atılır. Bu günlərdə Birləşmiş Ştatlar Konqresində NOPEC (No Oil Producing and Exporting Cartels Act) qanun layihəsinin qəbul edilməsi gözlənilir.Bu qanun Amerika məhkəmələrinə OPEC ölkələrinə qarşı inhisarçılıqla bağlı işlərə baxmaq səlahiyyəti verəcək.Bu o deməkdir ki, OPEC-ə üzv olan və ilk növbədə bu təşkilatla əməkdaşlıq edən neft hasilatçısı olan ölkələr özlərinə problem yaşatmamaq xatirinə bir-birinin ardınca OPEC-i tərk etməyə başlayacaqlar.OPEC-in dağılması isə neft bazarına nəzarət sahəsində ABŞ-n hegemonluğunun bərqərar olması demək olacaq.Nəticə etibarilə, neft hasilatının həcminin bir mərkəzdən idarə olunması ortadan qalxacaq.Bu isə hasilatın artmasına, neftin qiymətlərinin isə son nəticədə ABŞ-ın istədiyi bir səviyyəyə qədər azalmasına imkan verəcəkdir”.

Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 2662