hava haqqinda Bakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0262
  • EURO - 1.9056
  • NEFT - $ 72.38
  • clouds-weather

Ağ Ev İranı savaşsız çökdürəcək

Ağ Ev İranı savaşsız çökdürəcək

“New York Times” qəzetinin yazdığına görə, Ağ Ev Yaxın Şərqə 120 minlik ordu göndərmək planı üzərində işləyir. 

Məlumatda qeyd edilir ki, bu plan İranın Amerika qüvvələrinə qarşı hücumu baş tutarsa və ya bu ölkə nüvə silahı əldə etmək üçün fəaliyyətlərini davam etdirərsə, Yaxın Şərqə Amerikanın 120 minlik hərbi qüvvəsinin ezam edilməsini nəzərdə tutur.

“New York Times”ın adlarının açıqlanmasını istəməyən amerikalı rəsmilərə istinadən yayımladığı xəbərə əsasən, qeyd edilən planı ABŞ müdafiə nazirinin səlahiyyətlərini icra edən Patrik Şanahan mayın 9-da keçirilmiş görüş zamanı təqdim edib. Ötən həftə keçirilmiş görüşdə Con Bolton da daxil olmaqla, ölkənin yüksək dövlət məmurları iştirak edib. Şanahanın təqdim etdiyi plan ABŞ-ın İrana qarşı hərbi əməliyyat variantının yenilənmiş formasıdır və ona yenidən baxılması və yenilənməsi ilə bağlı göstərişi Bolton verib. Amerikalı rəsmilərinin qəzetə dediklərinə görə, yeni planda İrana yerüstü hücum etmək qeyd edilməyib. Çünki bunun üçün daha çox hərbçiyə ehtiyac duyulur.

İclas zamanı, həmçinin İrana qarşı bir neçə hərbi plan irəli sürülüb. Lakin ən çox hərbçinin regiona göndərilməsini ehtiva edən plan Patrik Şanahana məxsusdur.

Xatırladaq ki, son günlər ərzində Amerika ilə İran arasında münasibətlər son dərəcə gərginləşib. ABŞ mayın 5-də İrana açıq mesaj vermək üçün körfəzə “USS Abraham Linkoln” təyyarə daşıyan gəmisi ilə birlikdə qırıcıların göndəriləcəyini bəyan etmişdi. Bir neçə gün sonra isə Amerika ordusu regiona B-52 tipli strateji bombardımançıların göndərildiyini və onların Qətərin “Əl-Üdeyd” hava bazasında mənzilləndiyi barədə məlumat yaymışdı. Digər tərəfdən, mayın 12-də BƏƏ yaxınlığında ticari gəmilərə edilən hücumda da İranın əli olduğu ehtimal edilir. Bu məsələ ilə bağlı Amerika prezidenti rəsmi Tehrana xitabən bildirib ki, ““İran səhvə yol verib nəsə etməyə çalışsa, bədəlini çox ağır ödəyəcək”.

Tramp bildirib ki, əgər İran körfəzdə düşünülməmiş addım atıb hansısa bir səhvə yol versə, bu onun üçün çox ağır başa gələcək: 

“Mən İranla bağlı çoxlu xoşagəlməz xəbərlər eşidirəm. Əgər İran nəsə etməyə çalışsa və hansısa olaylar baş versə, böyük çətinliklərlə üz-üzə qalmalı olacaq və ağır əzab-əziyyətlə rastlaşacaq. İran həmin səhvinə görə də, ağır xəsarət alacaq. Onlar yol verdikləri səhvin nəticələrindən heç də sevinməyəcək, məmnun qalmayacaqlar. Onlar mənim nə dediyimi yaxşı başa düşürlər. Nə baş verəcəyini görəcəyik”-deyə, Tramp Tehran rejiminə kəskin xəbərdarlıq edib. Bu arada Böyük Britaniyanın xarici işlər naziri Ceremi Hant İranla Amerika Birləşmiş Ştatları arasında toqquşma riskinin olduğunu deyib. Brüsseldə bu barədə jurnalistlərə açıqlama verən Hant bildirib: “Biz tərəflər arasında toqquşmaların yaşanacağı ilə bağlı olan risklərdən və bununla da ziddiyyətlərin qeyri-iradi olaraq kəskinləşməsindən narahatıq”.

Politoloq Qabil Hüseynli isə hesab edir ki, ABŞ hazırda İran rejimini iqtisadi sanksiyalar və daxili etiraz aksiyaları ilə çökdürməyə çalışır. Ancaq hərbi əməliyyatların baş verəcəyi də istisna deyil: 

“ABŞ əhalini İran hakimiyyəti əleyhinə qaldırmaqla molla rejimini nüvə proqramından imtinaya dair yeni sazişə imza atdırmağa məcbur etmək istəyir. Çünki İranda iqtisadi vəziyyət kifayət qədər ağırdır. Neftin satışı demək olar ki, 50 faizdən aşağı düşüb. Ölkədə güclü inflyasiya var. Əhalinin maddi rifah halı pisləşib, qiymət artımı çox yüksəkdir. Ona görə də ABŞ sanksiyaları sərtləşdirəcək və ölkə daxilində İan rejiminə qarşı təhlükələr yaratmağa çalışacaq. Bu mümkün olmasa, Amerika ola bilsin ki, İranın hərbi obyektlərini və siyasi rəhbərliyin binalarını bombalayacaq. Hazırda ABŞ İranın bütün nüvə və raket obyektlərini nişana alıb. İran atəş açmaq istəsə, həmin obyektlər dərhal vurulacaq. Rəsmi Tehran deyir ki, biz ABŞ-ı başından vuracağıq. Zənnimcə, İran ABŞ-ın təzyiqlərinə axıra qədər davam gətirə bilməyəcək. Molla rejimi yavaş-yavaş da olsa, ABŞ-ın şərtlərini qəbul etməli olacaq. Müharibə İranın bir dövlət kimi süqutuna gətirib çıxaracaq. Bu səbəbdən də İran həm nüvə proqramından, həm də raket silahından istifadə etməyə məcbur olacaq. Əgər İran tərəddüd etsə və ABŞ-a qarşı sabotaja əl atsa, siyasi rəhbərliyin iqamətgahları, nüvə obyektləri, hərbi bazaları və hərbi istehsal müəssisələri aviazərbələr vasitəsilə sıradan çıxarılacaq. Amma bu ən son variantdır. Yerüstü hərbi müdaxiləyə isə ehtiyac yoxdur. Xalqın rejimə qarşı mübarizəsi həmin müdaxiləni əvəz edəcək”.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 650