hava haqqindaBakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0681
  • NEFT - 67.97
  • clouds-weather

Ağ Ev “NATO+4” yaradır: “Rusiya Belarusu tam şəkildə işğal etməklə…”

Ağ Ev “NATO+4” yaradır: “Rusiya Belarusu tam şəkildə işğal etməklə…”

ABŞ-ın istəyi ilə Ukrayna, Gürcüstan və Moldova arasında hərbi ittifaqın yaradılması planlaşdırılır.

Polşa mətbuatının yazdığına görə, Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba hər üç ölkə arasında bununla bağlı məsləhətləşmələrə artıq başlanıldığını bildirib:

“Üçtərəfli birlik ideyasına gəlincə, mən ABŞ-ın dövlət katibi Toni Blinkenə dedim ki, ABŞ Qara dəniz və Mərkəzi Avropa bölgəsində Ukraynaya etibarlı tərəfdaş kimi arxalana bilər. Sizi inandırıram ki, Ukrayna, Gürcüstan və Moldova bu istiqamətdə fəal hərəkət edirlər”.

Məsələyə münasibət bildirən gürcü hərbi ekspert Vaxtanq Maisaya “Rezonansi” qəzetinə müsahibəsində hərbi ittifaq ideyasının yeni olmadığını deyib: “Bu, GUAM formatına bənzəyir. Hesab edirəm ki, bu təşkilat hərbi deyil, qeyri-rəsmi olacaq”.

Ekspertin fikrincə, ittifaqın mahiyyəti qarşılıqlı hərbi yardım göstərməkdən ibarət ola bilər:

“Lakin şübhə edirəm ki, Moldova hərbçilərini bu formata cəlb etmək mümkün olsun. Belə ki, ölkə konstitusiyasında daimi neytrallıq barədə bənd var. Birliyin Gürcüstan və Ukrayna arasında yaradılması mümkünlüyü daha çoxdur. Lakin ölkələr arasında hazırkı münasibətləri nəzərə alsaq, bunun mümkünlüyü şübhə doğurur”.

Bəzi məlumatlara görə, növbəti mərhələdə bu formata ABŞ və Rumıniya da daxil olacaq. Gürcüstanın NATO üzvlüyünə qəbul edilməsi ilə ABŞ Qara dəniz regionunda üstünlüyünü bu hərbi ittifaq çərçivəsində təmin edəcək.

Təbii ki, sözügedən birliyin yaradılmasına Rusiya biganə qalmayacaq. Yəni Qara dəniz regionunda Rusiyanın həm ABŞ-la, həm də Gürcüstan, Ukrayna və Moldova ilə münasibətləri gərginləşə bilər.

Politoloq Fərrux Məmmədov Cebhe.info-ya bildirib ki, Qara dəniz region və Cənubi Qafqazı əhatə edəcək bu geosiyasi plan ABŞ Prezidenti Co Baydenin yeni hərbi siyasət strategiyasının tərkib hissəsidir.

“Tramp dönəmində ABŞ-ın hərbi siyasəti ciddi uğursuzluq yaşadı. Bu prosesin tərkib hissəsi kimi ABŞ-ın NATO ilə bağlı siyasətində səngimələrin olduğunu qeyd etmək olar. Ukraynanın avrointeqrasiya istiqamətində qurulan xarici siyasət strategiyasında rolunun azaldılması, Rusiya tərəfindən Donetsk və Luqanskda qondarma dövlətlər yaradılması, bu kimi təxribatçı addımların qarşısının alınmasında Tramp administrasiyasının hərbi dəstək verməməsi ABŞ-ın Avropadakı siyasətinə böyük xələl gətirdi. Bayden dönəmi isə bütövlükdə müttəfiqlərə və tərəfdaşlara sığınmanı özündə ehtiva edir.

Prezident Baydenin Rusiya Prezidenti Putinə sərt mesajı, xüsusilə Navalnı məsələsindəki sərt mövqeyi, Çinlə telefon danışığında ortaq nəticələrə gəlinməsi isə göstərir ki, Trampın fiaskosundan sonra ABŞ-ın xarici siyasəti yeni siyasi, iqtisadi və hərbi mərhələyə daxil olur. Bu, əslində, başlanılmış bir eradır. Sadəcə olaraq, davam etdirilir. ABŞ Gürcüstanı Cənubi Qafqazda NATO-ya tezliklə üzv görmək istəyir. Çünki Dağlıq Qarabağ münaqişəsi tənzimlənməsi ilə başlayan qüvvələr nisbətinin köklü şəkildə dəyişməsi, Rusiyanın və İranın əsas hegemonluğunun ləğv edilərək, NATO-nun üzvü olan Türkiyənin Cənubi Qafqaza daxil olması, eləcə də ABŞ-ın hərbi gəmilərinin Qara dənizdəki aktivliyi yeni hərbi siyasətin qapıda olduğunu göstərdi.

Bu, uzunmüddətli geostrateji planın həyata keçirilməsinin davamıdır. Moldova, Gürcüstan, Ukrayna ittifaqı əvvəl də GUAM format çərçivəsində mövcud idi. Yalnız Rumıniya bu quruma daxil deyildi. İndi yaradılması təklif edilən hərbi əməkdaşlıq formatı isə daha yüksək səviyyəli ittifaqdır. Bu hərbi birlik Qara dənizdə Gürcüstan, Ukrayna və Moldovanın tərəfdaşlığının ən yüksək səviyyəyə qaldırılması, vaxtilə SSRİ-yə qarşı ən güclü cəbhələrdən biri olmuş Rumıniyanın da geosiyasi prosesə qoşulması NATO-ya üzv olmaq istəyən dövlətlərin alyansını formalaşdıracaq.

Xüsusilə də Gürcüstanın və Ukraynın NATO-ya daxil olmasını sürətləndirəcək. NATO-ya üzv olmaq dərin demokratik islahatlar tələb edir. Gürcüstan bu yolu keçib. Ukrayna isə buna hələ tam hazır deyil. Çünki Ukraynanın siyasi mentaliteti fərqlidir.

Ölkədə vahid siyasi hakimiyyət formalaşmayıb. Oliqarxiya sistemi qalmaqda davam edir, prezident başda olmaqla Ukraynaın idarə edilməsinə təsiri olan dairələr xarici siyasətin prioritetlərini yetərincə müəyyənləşdirə bilməyib.

Ukraynaın xarici siyasət və milli təhlükəsizlik strategiyaları ölkənin hansı kursu tutmalı olduğuna aydınlıq gətirməyib. Ona görə də hesab edirəm ki, Rumıniyanın ardınca NATO-ya doğru istiqamət götürəcək ən güclü dövlət ilk növbədə, Gürcüstandır”.

Politoloq bildirib ki, Gürcüstanın ardınca isə Moldovada yeni hakimiyyətə gələn Qərbyönlü Maya Sandunun liderliyi ilə bu prosesi reallaşdırmaq nəzərdə tutulur:

“Ondan sonra isə sırada Ukrayna dayanır. Ukrayna uzun müddətdir NATO ilə əməkdaşlıq edir. Lakin Yanukoviçin prezidentiliyi dövründə dayandırılan bu əməkdaşlıq sonra Poroşenkonun hakimiyyətə gəlişi ilə davam etdirildi. Avroatlantik məkana inteqrasiya Prezident Vladimir Zelenskinin mühüm prioroitetlərindən birini təşkil etsə də, hazırda Ukraynın xarici siyasətində dərin çatlar mövcuddur. Ona görə də ABŞ adıçəkilən postsovet ölkələrinin NATO-ya inteqrasiyasına nail olmaq üçün görünür, “NATO+4” modelini hazırlayıb. Həmin ölkələrdən biri, yəni Rumıniya NATO-nun üzvüdür.

Lakin Rumıniyanın funksiyası bu birlikdə lokomotiv rolu oynamaq, Gürcüstan, Moldova və Ukraynanın NATO-ya üzvlüyünü sürətləndirməkdən ibarətdir. Bu isə geosiyasi və hərbi vəziyyətin kökündən dəyişməsi deməkdir. Qeyd edilən strategiyanın həyata keçirilməsi regional qarşıdurmalara gətirib çıxaracaq. Rusiyanın aqressiyası kənarda qala bilməz. Gürcüstan, Moldova və Ukrayna NATO-ya üzv olasa, Rusiya Belarusu tam şəkildə işğal etməklə Avropanın qarşısına çıxmağa çalışa bilər. Çünki həmin ölkələrin NATO-ya daxil olması Qara dənizdə və Cənubi Qafqazda ABŞ-ın hərbi donanmasının, alyansa daxil olan 30 ölkənin kəşfiyyatının, hərbi kəşfiyyatının fəaliyyətə başlaması deməkdir. Bu isə Rusiyanın milli təhlükəsizlik siyasətinə ziddir.

Ona görə də Rusiya sona qədər müqavimət göstərəcək. Ona görə də Gürcüstan gözlənilmədən, qəfil və sürətli qərarla NATO-ya qəbul olunacaq. Ukraynanın NATO-ya daxil olmaq şansı Moldovadan daha çoxdur. Lakin rəsmi Kiyevin xarici siyasətində boşluqlar var. Ölkədəki xaotik durum demokratik Ukrayna modelini formalaşdırmağa mane olur. Bu da Rusiya üçün əlverişli imkan yaradır. Ona görə də ABŞ “NATO+4” formatını yaratmağı qərara alıb. Tezliklə, bu formatın hərbi təlimlərə başlamasının şahidi olacağıq. Baydenin mesajı açıqdır. O, Rusiyanı dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət etməyə çağırır. Bu günlərdə Prezident Zelenskinin Co Baydenə məktubunda “Ukrayna indiyə qədər nə üçün NATO-ya qəbul olunmayıb” ifadəsini işlətməsi Ukraynada elitanın birləşməməsinin və oliqarxiya sisteminin hakimiyyətə təsirinin nəticəsidir.

Zelenski ölkədə demokratik islahatların başlanılmasına nail olmaq istəyir. Ukraynanın dövlət başçısı oliqarxiya sisteminin fəaliyyətinə də yalnız bu yolla son qoymağa çalışır. ABŞ Prezidenti hələ tələsmir. Bayden NATO ölkələrinin rəhbərləri ilə müzakirələr aparmayıb. Ancaq Rusiyanın Baydenlə müəyyən məsələlərdə razılaşmağa məcbur olacağını düşünürəm. Əks-təqdirdə, Rusiyanı daha ağır sanksiyalar gözləyə bilər”.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 8889