hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Ağ Evdə 100 milyardlıq görüş: Ərdoğan 30 əvəzinə 142 km, üstəlik “ soyqırım” vədini də aldı - MOSKVADA TƏLAŞ

Ağ Evdə 100 milyardlıq görüş: Ərdoğan 30 əvəzinə 142 km, üstəlik “ soyqırım” vədini də aldı - MOSKVADA TƏLAŞ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a rəsmi səfəri başa çatıb. 

Rəcəb Tayyib Ərdoğanla Donald Trampın keçirdiyi birgə mətbuat konfransı daha çox qarşılıqlı jestlər və pozitiv məzmunlu ümumi bəyanatlarla yadda qaldı. Tərəflər arasında müzakirə olunan məsələlər barədə ətraflı açıqlama verilsə də, konkret razıalaşmaların əldə olunması barədə məlumat yoxdur. Bu isə danışıqların heç də asan keçmədiyinə dair qənaət yaradır. Bu isə danışıqların nəticəsiz başa çatması kimi də başa düşülə bilər. Lakin həm Türkiyə, həm də ABŞ prezidentinin  bir sıra məsələlər üzrə təklifləri  dəstəkləməsi  ikitərəfli münasibətlərdə kompromis tapılacağını istisna etmir. 

Lakin mövcud problemlərin bir səfər çərçivəsində həllini tapacağı real görünmür. Çünki Ankara-Vaşinqton münasibətlərindəki  gərginlik hələ aradan qalxmayıb. Prezidentlərin həm iqtisadi, həm də siyasi məsələlər üzrə ayrılıqda işləmək üçün nazirlərə xüsusi tapşırıq verməsi tərəflər arasında təmas nöqtələrinin tapılması üçün zamana ehtiyac olduğunu göstərir. Yəni ABŞ və Türkiyə münasibətlərində yumşalmanın baş verməsi və əlaqələrin bərpası ən yaxşı halda mərhələli şəkildə gerçəkləşə bilər. 

Çünki həm Türkiyənin, həm də ABŞ-ın strateji maraqlarına zidd olan mübahisəli məqamlar var. Görüşdə əsasən Suriyadakı vəziyyətin və iki ölkə arasındakı ticarət dövriyyəsinin 100 milyard dollara çatdırılmasına dair müzakirə aparılıb. Lakin prezidentlərin açıqlamaları qapalı danışıqlarda əlavə mövzuların da yer aldığını göstərir. Türkiyənin Rusiyadan S-400 “Triumf” raketdən müdafiə sistemləri alması, ABŞ-ın Fətullah Güləni təhfil verməkdən imtina etməsi ilə bağlı tərəflər yenə də ortaq məxrəcə gələ bilməyib. 

Suriyadakı vəziyyətə dair Ağ Evlə rəsmi Ankara arasında hansı məqamlarda anlaşmanın əldə olunduğu açıqlanmır. Ancaq Prezident Ərdoğanın sözləri Türkiyənin Suriya ilə bağlı ABŞ-a yeni təkliflər təqdim etdiyini göstərir. Bu plan Suriya ərazisində İŞİD-ə qarşı mübarizədə Türkiyə ilə birgə koordinasiyalı fəaliyyətin həyata keçirilməsini,  terrorçuluğa qarşı mübarizədə  ABŞ-ın YPG-yə deyil, NATO çərçivəsində Yaxın Şərqdəki yeganə müttəfiqi olan Türkiyəyə güvənməsini, qaçqınların Suriyaya qaytarılması üçün rəsmi Vaşinqtonun iştirakı ilə Raqqadan  Deyr əz-Zora qədər yeni təhlükəsizlik zonasının yaradılmasını nəzərdə tutur. Prezident Ərdoğan Türkiyənin Suriyanın şimalında terrorçulardan azad etdiyi ərazilərə 1 milyon 400 min qaçqını qaytardığını deyib. Bu göstərici ilə kifayətlənməyin mümkün olmadığını deyən dövlət başçısı ABŞ-la  razılıq əldə olunacağı təqdirdə Raqqa-Deyr əz-Zor istiqamətində yaradılacaq təhlükəsizlik zonasına 2 milyon qaçqının yerləşdirilə biləcəyini söyləyib. Bu isə Suriyanın qaçqınlar probleminin həllində ciddi dönüş yarada bilər. Donald Tramp  Türkiyənin qaçqınlara 40 milyard dollar vəsait xərcləməsini heyranlıqla qarşıladığını və təqdir etdiyini desə də, yeni təhlükəsizlik zonası barədə fikrə münasibət bildirməyib. Bu da ABŞ-ın Suriyanın neft və qazla ən zəngin yataqları olan Deyr əz-Zora nəzarəti əldə saxlamaq planları ilə bağlıdır. Hətta Deyr əz-Zorda bəzi neft quyularından gündəlik hasil olunan “qara qızıl”ın həcmi 365 min bareldən artıqdır.

Qeyd edək ki, Tramp bu yaxınlarda paylaşdığı “tvit”də “Suriya neftinin sahibi bizik” ifadəsini işlətmişdi. Ona görə də ABŞ nəzarətində saxladığı bu bölgədən başqa məqsədlə istifadə olunmasını istəmir. Analitiklərin fikrincə, ABŞ-ın Deyr əz-Zor neftini açıq yolla beynəlxalq bazara çıxartmaq imkanları yoxdur. Sadəcə olaraq, həmin bölgəyə nəzarət Tramp Administrasiyasına Suriyadakı geosiyasi üstünlüyünü saxlamağa kömək edə bilər. 

Bu məsələdə Türkiyə də təbii ki, siyasi  dividentlər güdür. Rəsmi Ankara üçün neft amili önəmli olmadığından, ABŞ-ın bölgədəki enerji maraqlarına qarşı çıxmır. Əgər ABŞ Raqqa ilə Deyr əz-Zor arasında yeni təhlükəsizlik zonasının yaradılmasına icazə verərsə, bu, YPG terrorçularının Suriyanın içərilərinə doğru xeyli geri çəkilməsi deməkdir. Əgər “Sülh çeşməsi” əməliyyatı zamanı Türkiyə YPG terrorçularının 30 kilometr cənuba çəkilməsini tələb edirdisə, Raqqadan Deyr əz-Zora  qədər 142 kilometrlik ərazi də yaraqlılardan təmizlənə bilər. Bu isə Türkiyəyə Suriyanın cənub-şərqinə doğru xeyli irəliləmək imkanı yaradır. Ancaq bu məsələdə Türkiyə ilə ABŞ arasında razılaşmanın əldə olunduğunu söyləmək tezdir. 

Rəsmi Ankara Ağ Evdən PYD/YPG terror təşkilatı ilə müttəfiqliyə son qoyulmasını tələb edir. Hətta bu məqsədlə R.T.Ərdoğan ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin YPG-ni terror təşkilatı kimi tanıması barədə sənədləri Prezident Trampa təqdim edib. Buna baxmayaraq, Trampın mətbuat konransında kürdləri “müttəfiq” adlandıraraq onlara təşəkkür etməsi YPG ilə işbirliyini dayanadırmaq istəmədiyini deməyə əsas verir. Lakin Prezident Trampın “siyasət iqtisadiyyata təsir etməməlidir” təklifini irəli sürməsi onun Türkiyə ilə ticarət dövriyyəsini 100 milyard dollara çatdıqmaq istiqamətində konkret addımlar atmaq niyyətindən xəbər verir. Hətta Trampın mətbuat konfransında  ticarət nazirinə bu işlə məşğul olmağı tapşırması Türkiyə ilə fikir ayrılığını aradan qaldırmaq üçün xüsusi jesti kimi başa düşülə bilər. Ancaq Türkiyəyə qarşı sanksiyalar təhlükəsinin gündəmdə qalması Ağ Ev rəhbərinin təklif etdiyi kimi siyasəti iqtisadiyyatdan ayırmağa mane olur. Konkret olaraq, tərəflər  Türkiyənin Rusiyadan  “S-400” RMS-lərinin alınması mövzusunda anlaşma əldə edə bilməyib. “F-35” qırıcılarının Türkiyəyə satılması ilə bağlı müzakirələri davam etdirmək qərara alınsa da, bu məsələ mübahisəli olaraq qalır. Ona görə də ABŞ Konqresi Türkiyəyə sanksiyalar məsələsini yenidən gündəliyə sala bilər. Bu isə ikitərəfli iqtisadi münasibətlərə zərbə vuracaq.  

Ona görə də Donald Trampın Prezident Ərdoğanla görüşə Türkiyəyə qarşı sanksiyaların tərəfdarı olan senatorları dəvət etməsi sonradan Konqresin siyasi təzyiqlərindən yayınmağa xidmət edir. Danışıqlardan sonra senator Lindsi Qrahamanın qondarma erməıni soyqırımının tanınması  ilə bağlı təklifi blok etməsi münasibətlərdə ilkin yuimşalmanın əldə olunması kimi dəyərləndirilə bilər. 

Politoloq Qabil Hüseynli Cebhe.info-ya bildirib ki, Ərdoğanın Ağ Evə səfəri ABŞ-la münasibətlərdəki  gərginliyi aradan qaldırmaq baxımından zəruridir:

“Amerika ilə uzun müddətdir davam edən ziddiyyətə son qoyulacaq. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İrəvandakı bəyanatı Türkiyə Prezidentinin xarici siyasətə yenidən nəzər salmasına imkan yaratdı. Rəsmi Ankara Rusiyanın etibarlı müttəfiq olmadığını gördü. ABŞ Türkiyə ilə asanlıqla barışığa getməyəcək. Amerikada anlayırlar ki, Türkiyədə hakimiyyətlər gəldi-gedərdir. Türkiyə üçün vacib olan məqamlardan biri qondarma erməni soyqırımı qətnaməsinin Senatda qəbul olunmamasıdır. Artıq buna ümidlər var. Senat Nümayəndələr Palatasının qəbul etdiyi bu əhəmiyyətsiz sənədi təsdiqləməyəcək. Bu da Ərdoğanın səfərinin ən böyük nailiyyətlərindən biridir. Bundan başqa, Ərdoğan Türkiyənin NATO-ya sadiq olduğunu və alyansın bütüm tədbirlərində yaxından iştirak edəcəklərini bildirdi. Türkiyə Prezidenti YPG-nin terrorçu təşkilat olduğunu təsdiq edən materialları ABŞ tərəfinə təqdim etdi. Münasibətlərin birdən-birə mexaniki olaraq dəyişəcəyini zənn etmirəm. Hər halda münasibətlərdəki gərginlik demək olarar ki, aradan qaldırıla bildi. ABŞ Türkiyəni itirmək istəmir və bunu açıq bəyan edir. Türkiyə xalqı da Amerika ilə dostluq tellərinin qırılmasının əleyhinədir”. 

Ekspertin fikrincə, ABŞ Türkiyə ilə iqtisadi əlaqələri genişləndirmək üçün təklif etdiyi vədləri razılaşdırıb. Çünki hər iki ölkə arasında ticarət dövriyyəsinin 100 milyard dollara çatdırılması Türkiyəyə də lazımdır.Amma Suriyadakı vəziyyətlə bağlı anlaşma əldə etmək asan deyil. 

“Çünki Suriyada Rusiya ilə Türkiyənin birgə fəaliyyəti xeyli məsafə qət edib. Bu əməkdaşlığı  pozmaq asan olmayacaq. Lakin Türkiyə-ABŞ münasibətlərinin düzəlməsi fonunda  Türkiyə-Rusiya əlaqələrinin pozulması labüd görünür”.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 6183