hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0695
  • NEFT - 55.08
  • clouds-weather

Ağ Evdə Bayden dönəmi: 3 hədəfdən hansı “vurulacaq”?

Ağ Evdə Bayden dönəmi: 3 hədəfdən hansı “vurulacaq”?

Cozef Baydenin prezident seçilməsindən sonra ABŞ-ın xarici siyasətində baş verəcək dəyişikliklər müzakirə predmetinə çevrilib.

Ağ Evin yeni rəhbəri Donald Tramp administrasiyasından fərqli kurs yürütməyə hazırlaşır. Trampın prezidentliyi müddətində Çinlə ticarət müharibəsi, İranın nüvə və raket proqramının qarşısının alınması və beynəlxalq terrorçuluğa qarşı mübarizə ABŞ-ın xarici siyasətinin əsas prioritetlərini təşkil edib. Baydenin prezidentliyi dönəmində isə yeni hədəflərin meydana çıxacağı gözlənilir.

Yəni Bayden administrasiyası Rusiyanı ABŞ-ın başlıca rəqibi kimi görür. Ancaq Vaşinqtonun xarici siyasət taktikası dəyişsə də Çin, İran ABŞ üçün ciddi problem olaraq qalır. Bu baxımdan, Co Baydenin Trampın Çin və İran siyasətindən tamamilə imtina edəcəyinə dair fikirləri real hesab etməyən proqnozlar səslənir.

Məsələn, rusiyalı senator Aleksey Puşkov hesab edir ki, ABŞ özünə rəqib və düşmən ölkələr kimi qəbul etdiyi Çin və Rusiya ilə qarşı-qarşıya gəlmək niyyətindədir. Amerikanın yeni lideri ilk növbədə getdikcə daha inadkar olan Çinlə qarşı-qarşıya gəlməyi planlaşdırır.

Eyni zamanda, Vaşinqtonda hədəflərə çatmaq üçün müttəfiqlərin lazım olduğunu başa düşürlər:

“Bu, Çin və Rusiyanın təmsil etdiyi "avtoritar rejimlər"ə qarşı qlobal demokratiya koalisiyası qurmaq ideyasıdır”.

Puşkov Rusiyaya qarşı NATO adı altında belə bir koalisiyanın onsuz da mövcud olduğuna, Çin əleyhinə də ittifaq yaratmaq lazım gələcəyinə diqqət çəkib. Senator ABŞ-ın Asiya ölkələri üzərində təsirini genişləndirməyə başlaya biləcəyini düşünür. Bundan əlavə, Qərb alyansı ilə Rusiya və Çin arasında yerləşən Mərkəzi Asiya, Cənubi Qafqaz, Şərqi Avropa (xüsusən Belarus və Ukrayna) dövlətləri də prioritetdir. Lakin rusiyalı digər politoloq Yana Leksyutinanın fikrincə, Bayden Donald Trampın dövründəki kimi Çinlə kəskin qarşıdurma siyasəti yürütməyəcək. Ancaq ABŞ və Çin arasındakı mübarizə ticarət münasibətlərindən ideoloji müstəviyə keçə bilər.

Baydenin hakimiyyəti dövründə ABŞ-Çin münasibətlərində, xüsusilə Honq Konq məsələsi, Uyğur məsələsi və İnternet azadlığı mövzusu, insan hüquqları problemləri daha əhəmiyyətli yer tutacaq. ABŞ-ın texnologiya şirkətləri və sosial mediası diqqəti daha çox Çində senzuraya, nəzarətə və müşahidəyə yönəldəcək. Ekspert qeyd edir ki, Baydenin iqtisadi siyasətində Çinlə texnoloji rəqabət əsas yer tutacaq. Ticarət müharibəsi kontekstində vəziyyətin ciddi şəkildə yaxşılaşacağını gözləmək olmaz. Əksinə mövcud vəziyyətin qorunub saxlanacağını proqnozlaşdırmaq olar. Demokratlar ehtimal ki, tarif müharibəsini əhəmiyyətli dərəcədə artırmağa cəsarət edə bilməyəcək. Lakin Vaşinqton tərəfindən Çin idxal mallarına tətbiq olunan rüsumların endirilməsini gözləməyə dəyməz. Çin mallarına tətbiq olunan idxal rüsumları Amerika büdcəsinə milyardlarla dollar gəlir gətirir və Pekinin tərəfdaşlarına ciddi təzyiq kimi istifadə olunur.

Prezident seçkiləri kampaniyasındakı çıxışlarında Bayden Çinin dünya və ya regional ticarət qaydalarını təyin etməsini qəbuledilməz adlandırıb. O, Birləşmiş Ştatların əmək münasibətləri, ətraf mühitin mühafizəsi, şəffaflıq və s. sahəsində yüksək standartlar yaradacaq ticarət qaydalarının formalaşdırılması, yüksək keyfiyyətli ticarət müqavilələrinin bağlanması prosesinə rəhbərlik etmək niyyətini açıqlayıb. ABŞ-ın Trans Sakit Okean Əməkdaşlıq Təşkilatına qayıtması çətin göründüyü üçün Baydenin bu məqsədinə necə çatacağını proqnozlaşdırmaq olduqca çətindir. Ümumiyyətlə, Baydenin demokratiya koalisiyası qurmağa çalışacağı və bu məsələdə sələfindən daha uğurlu olacağı ehtimalı var. Seçki kampaniyası bəyanatlarından da göründüyü kimi, Bayden müttəfiqlərinə və tərəfdaşlarına iqtisadi təzyiqlərə son qoymaq niyyətindədir. O, insan hüquqları, texnologiyanın inkişafına təsir edən məsələlər, ticarət və iqtisadi mövzularda bütün demokratik dünyanın Çinə konsolidasiya edilmiş təzyiqini gücləndirmək istəyir. Co Baydenin seçkidən sonra verdiyi bəyanatlar yeni administrasiyanın İranın nüvə proqramına laqeyd qalmayacağını göstərir.

Sadəcə, Bayden Trampdan fərqli olaraq, ABŞ-ın İranın nüvə proqramına dair Hərtərəfli Fəaliyyət Planına qaytamasının tərəfdarıdır. Bayden bildirir ki, respublikaçıların İranla bağlı siyasəti iflasa uğrayıb. Tramp ABŞ-ın müttəfiqlərini İrana silah embarqosunu uzatmağa inandıra bilmədi və BMT Təhlükəsizlik Şurasının üzvləri rəsmi Tehranın əleyhinə sanksiyaları yeniləməyi rədd etdilər. Prezident Bayden hesab edir ki, İranın nüvə silahı əldə etməsi Səudiyyə Ərəbistanı, Türkiyə, Misir kimi ölkələr də analoji addım atmağa sövq edə bilər. Eyni zamanda, o, ABŞ-ın Hərtərəfli Fəaliyyət Proqramına qayıtması üçün İranın raket proqramından imtina etməsi şərtini irəli sürür. Rəsmi Tehran isə artıq bu tələbi yerinə yetirməkdən imtina edib.

Ona görə də Baydenin prezidentliyi dövründə İrana qarşı sanksiyaların davam edəcəyi ehtimal olunur. ABŞ prezidenti problemin dinc yolla həllindən nə qədər söz açsa da İranı seçim qarşısında qoyan sətiraltı kəskin mesajlar da verir. Bu isə Bayden dönəmində ABŞ-ın güzəştə gedən deyil, diktə edən tərəf olaraq qalmaq niyyətindən xəbər verir.

“İran qarşı-qarşıya gəlməyi seçsə, həyati maraqlarımızı və qoşunlarımızı qorumağa hazıram. Ancaq İran əməldə buna hazır olduğunu sübut edərsə, mən diplomatik yolla getməyə hazıram”-deyə Bayden bildirib.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 2124

Bizim Telegram səhifəmizi izləyin