hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Ağ Evdə Bayden dönəmi? - Türkiyə və Rusiya ilə münasibətlər necə olacaq?

Ağ Evdə Bayden dönəmi? - Türkiyə və Rusiya ilə münasibətlər necə olacaq?

ABŞ-da prezident seçkilərinə iki həftəyə yaxın vaxt qalır. Hazırkı reytinq sorğuları Demokratlar Partiyasının namizədi, sabiq vitse-prezident Cozef Baydenin qalib gəlmək şansının yüksək olduğunu göstərir.

Analitiklərin fikrincə, Baydenin prezident seçiləcəyi təqdirdə, ABŞ-ın xarici siyasətində Tramp administrasiyası ilə kəskin fərqli mövqelər ortaya qoyacaq. Bu prosesin Türkiyə ilə münasibətlərə də təsiri qaçılmaz olacaq. Qeyd edək ki, Co Bayden 2008-2016-cı illərdə ABŞ-ın vitse-prezidenti olduğu müddətdə Türkiyə ilə münasibətlərdə yaranan soyuqluq artan xətt üzrə gedib. Hətta 2016-cı il iyunun 15-də Türkiyə silahlı dövlət çevrilişi cəhdinin təşkilində Ərdoğan hakimiyyəti ABŞ rəhbərliyini, o cümlədən C.Baydeni ittiham edib. Bu hadisədən az sonra Türkiyəyə səfər edən Bayden dövlət çevrilişinə cəhdi pisləyərək üzr istəmişdi. ABŞ-da erməni lobbisinin əsas nümayəndələrindən biri olan Co Bayden antitürk mövqeyi ilə seçilir. O, həm də Barak Obama administrasiyasında təmsil olunduğu illərdə PKK-nın vasitəsilə müstəqil kürd dövləti yaratmaq planını dəstəkləyən siyasətçilərdən biri olub.

Bu baxımdan, ABŞ-da prezident seçkiləri Türkiyədə diqqətlə izlənilir. Ağ Evdə hakimiyyət dəyişikliyi ABŞ-Türkiyə ilə münasibətlərin yeni mərhələyə daxil olması deməkdir. Əlbəttə, Trampın prezidenti dövründə Ankara və Vaşinqton arasındakı gərginlik aradan qalxmayıb. Lakin son illər Türkiyə Yaxın Şərqdə regional siyasi güc mərkəzinə çevrilib və Tramp administrasiyası bu prosesə mane olmayıb. Hazırda Türkiyənin Cənubi Qafqazda da geosiyasi təsirinin artması müşahidə olunur. Lakin ABŞ bu siyasətə Rusiya və Fransadan fərqli olaraq, daha çox müşahidəçi mövqedən yanaşmağı üstün tutur. Baydenin Türkiyə ilə bağlı siyasi kursunun nədən ibarət olacağı ilə bağlı isə müxtəlif proqnozlar səslənir. Əgər o, eks-prezident Obamanın siyasətini davam etdirərsə, Türkiyə ilə münasibətlər yenidən gərginləşə bilər. Bu halda Ankara Baydenin ABŞ-ın birinci düşməni hesab etdiyi Rusiya ilə yaxınlaşa bilər. Lakin post-Obama dövründə dünyada ciddi geosiyasi və qlobal əhəmiyyətli dəyişiklər baş verib. Həmçinin, Türkiyənin Yaxın və Orta Şərqdə, Şimali Afrikada, Aralıq dənizi hövzəsində, Cənubi Qafqazda mövqeləri güclənib. Suriya münaqişəsində 2016-cı ildən etibarən Rusiya və İranla taktiki müttəfiqlik nümayiş etdirən Türkiyə artıq Kremlin dünyanın bir sıra bölgələrində, o cümlədən post-sovet məkanında rəqibinə çevrilməyə iddialıdır. Bu baxımdan, Rusiyaya qarşı mübarizədə Türkiyə ilə yaxınlaşma Baydenin maraqlarına cavab verir. Ona görə də Baydenin xarici siyasət platformasında prezident seçilərsə, Türkiyə ilə barışıq məsələsinin yer aldığı bildirilir.

Politoloq İlqar Vəlizadə Cebhe.info-ya açıqlamasında bildirdi ki, ABŞ-ın xarici siyasət kursunu yalnız prezident deyil, dövlət maraqları müəyyən edir. Qeyd edilən səbəbdən, Türkiyə ilə münasibətlərin gələcəyi ABŞ-ın dövlət maraqlarından asılıdır:

“Ümumilikdə taktiki fikir ayrılığı ola bilər. Amma ABŞ-a etibarlı tərəfdaşlar lazımdır. Xüsusilə də Türkiyə çox çətin bir regionda yerləşən nüfuzlu oyunçudur. Türkiyə ilə qarşıdurmaya getmək Amerikanın uzunmüddətli maraqlarına cavab vermir. Dialoq bütün hallarda lazımdır. Hətta ciddi fikir ayrılıqlarının olmasına baxmayaraq , Obamanın prezidentliyi dövründə də bu dialoq mövcud idi. Bu vəziyyətin yaranmasında Obamanın subyektiv mövqeyi də rol oynayırdı. Çünki o, Türkiyəyə qarşı çox sərt siyasət yürüdürdü. Ancaq vitse-prezident Bayden və dövlət katibi Con Keri gərginliyi azaltmağa çalışırdılar. Ümid etmək olar ki, Bayden prezident seçilərsə tərəflər arasında konstruktiv dialoq olacaq. Çünki zaman və dünyada gedən proseslər dəyişir, maraqlar təkmilləşir. Türkiyənin nəinki Yaxın Şərqdə, hətta Cənubi Qafqazda artan rolunu ABŞ görməyə bilməz. Düşünürəm ki, Bayden daha konstruktiv mövqe tutacaq və dialoqa üstünlük verəcək”.

Lakin ekspert hesab edir ki, Baydenin hakimiyyətə gəlişi Türkiyə-Rusiya münasibətlərində heç bir zaman müttəfiqliyə səbəb ola bilməz.

“Xarici işlər naziri Sergey Lavrov da dedi ki, Türkiyə bizim müttəfiqimiz ola bilməz. Türkiyə Rusiya ilə strateji tərəfdaş ola bilər. Amma ABŞ-la Türkiyə NATO çərçivəsində müttəfiqdir. Hər iki ölkə arasında strateji dostluq haqqında müqaviləsi var. Bu da çox mühüm sənəddir. ABŞ-ın və Türkiyənin öhdəlikləri var və bundan yan keçmək çətin məsələdir. Ona görə də Türkiyə-Rusiya münasibətləri olduğu kimi davam edə bilər. Çünki ümumi maraqlar var. Amma Bayden prezident seçilsə, ABŞ-Türkiyə müttəfiqliyi sual altına düşə bilməz. Hər iki ölkə bu müttəfiqliyin dəyərini yaxşı anlayır”.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 5798

Bizim Telegram səhifəmizi izləyin