t Ağ Evdə “İran savaşı”: Qalib kim olacaq?
hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0277
  • EURO - 1.8958
  • NEFT - 65.06
  • clouds-weather

Ağ Evdə “İran savaşı”: Qalib kim olacaq?

Ağ Evdə “İran savaşı”: Qalib kim olacaq?

ABŞ-ın Nümayəndələr Palatası Prezident Donald Trampın İrana qarşı hərbi addımlar və müharibələrin aparılması ilə bağlı səlahiyyətlərini məhdudlaşdıran layihəni təsdiqləyib. 

Layihə Nümayəndələr Palatasının 224 üzvünün lehinə səs verməsilə təsdiqini tapıb. Tramp respublikaçı nümayəndələrdən bu qərarın əleyhinə səs verməyi istəmişdi.

Qeyd edək ki, Nümayəndələr Palatasının sədri Nensi Pelosi bu addımın atılmasını yanvarın 3-də İran İslam İnqilabi Keşikçiləri Qvardiyasının xarici əməliyyatlar üzrə komandanı Qasım Süleymaninin ABŞ hərbi hava qüvvələri tərəfindən məhv edilməsindən sonra irəli sürüb. “Nümayəndələr Palatasının ABŞ Prezidenti Donald Trampın səlahiyyətlərini azaltmaq barədə qətnaməsi dövlət başçısının Amerikanı qorumasına mane yaratmaq cəhdidir". Ağ Evin yaydığı açıqlamada belə deyilir. Prezident Administrasiyasından bildirilib ki, qətnamə tamamilə yersizdir. Məlumatda o da vurğulanıb ki, Konqresdəki demokratlar İranın terrorçu fəaliyyətinin qarşısının alınması üçün ordunun gücünü azaltmaq istəyir və beləliklə, ABŞ-ın regiondakı maraqlarının qorunmasına qarşı çıxırlar. Bununla yanaşı, mətbuat xidmətindən vurğulanıb ki, qətnamə sadəcə, daha bir siyasi gedişdir: “Sənədin hüquqi qüvvəsi yoxdur”. Qeyd edək ki, Nensi Pelosi bundan sonra Konqresin icazəsi olmadan Prezident Trampın İrana və digər ölkəyə qarşı hər hansı hərbi əməliyyat apara bilməyəcəyini bildirib. Siyasi ekspertlər isə hesab edir ki, ABŞ SEPAH-ı terror təşkilatı kimi tanıdığı üçün Konqres Prezidentin hərbi səlahiyyətlərini məhdudlaşdıra bilməz. Ağ Evin rəhbəri zərurət yarandığı təqdirdə, qanunverici orqanın razılığı olmadan anti-terror əməliyyatlarının başlanmasına dair əmr verə bilər. 

“Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltanın fikrincə, Nümayəndələr Palatasının qəbul etdiyi qətnamə daha çox ABŞ-da qarşıdan gələn prezident seçkilərinə hesablanıb. Yəni demokratlar seçkilər öncəsi yaranmış situasiyadan istifadə edərək Donald Trampa təzyiqi artırmağa çalışır:

“ABŞ-ın iştirakı ilə baş verən son hadisələrə bir neçə isqiqamətdən yanaşmaq lazımdır. Birincisi, məsələ ABŞ-daxili siyasi proseslər müstəvisində nəzərdən keçirilməlidir. Bu il ABŞ-da seçkilər keçiriləcək. Ölkənin iki aparıcı partiyası olan Respublikaçılar və Demokratlar arasında mübarizə getdikcə dərinləşir. Demokratlar Partiyası nümayəndələr Palatasında üstünlük təşkil etdiyi üçün bu imkandan istifadə edərək Prezident Trampa və onun administrasiyasına təzyiqlər göstərir və mesajlar verir. Nensi Pelosinin çıxışı və Prezidentin hərbi səlahiyyətlərinin azaldılması ilə bağlı Konqresin aşağı palatasının qərarı da buna xidmət edir. Donald Tramp bildirib ki, impiçmentlə bağlı məsələnin Senata təqdim olunmamasına görə Nensi Pelosi məsuliyyət daşıyır. Çünki demokratlar impiçment prosedurunu qəbul etdirmək üçün Senatda lazım olan səsi toplaya bilməyəcək. Eləcə də səlahiyyətlərin azaldılması məsələsi demokratların Prezidentə qarşı təzyiq vasitəsidir. Vyetnam müharibəsi zamanı da oxşar addımlar atılmışdı. İran İslam İnqilabı Keşikçiləri Qvardiyasına münasibət və onun liderlərindən birinin öldürülməsinə gəlincə, bu məsələyə yanaşmada dövlətlərin, təşkilatların mövqeyi fərqlənə bilər. Amma ABŞ İnqilab Keşikçiləri Qvardiyasına qarşı ötən illər ərzində sanksiyalar tətbiq edib. 2019-cu il aprelin 8-də isə SEPAH-ı “Terror təşkilatı” elan edib. ABŞ üçün İnqilab Keşikçiləri Qvardiyasının “Əl-Qaida”dan, İŞİD-dən, “Taliban”dan, “Əş-Şəbab”dan, “İrlandiya Respublika Ordusu”ndan, yaxud PKK-dan heç bir fərqi yoxdur. Çünki ABŞ adları çəkilən və digər belə qruplaşmaları terror təşkilatı elan edib. Bu da ABŞ qanunvericiliyə uyğundur. Burada qanunazidd heç bir addım yoxdur. Həmin məntiqlə gərək Nümayəndələr Palatası “Əl-Qaida”nın lideri Üsəma bin Ladenin və ya İŞİD lideri Əl-Bağdadinin də hüquqlarını müdafiə etsin. ABŞ üçün qəbul etdiyi qərarlar kontekstindən Əl-Bağdadi ilə PKK-nın terrorbaşı Abdulla Öcalanın heç bir fərqi yoxdur. Onların hamısı terrorçudur. Onların hamısı Amerikanın milli maraqlarına, vətəndaşlarına, o cümlədən hərbçilərinə təhlükə yaradır. Ona görə də bu terroçular zərərsizləşdirilməli, məhv edilməlidir. Yəni ABŞ-ın qəbul etdiyi əsas prinsip bundan ibarətdir. Eləcə də, Qasim Süleymani məsələsində ABŞ bu addımı atdı. Bu baxımdan, ABŞ istənilən vaxt “Əş-Şəbab”ın, yaxud digər terror təşkilatının liderini öldürə bilər. Hətta SEPAH-ı terror təşkilatı kimi tanıması ABŞ-a İrana müdaxilə etmək imkanı yaradır. Yəni Vaşinqton həm Amerika, həm də İran vətəndaşlarını terrorçulardam xilas etmək adı ilə əməliyyat keçirə bilər. İnqilab Keşikçiləri Qvardiyasına qarşı mübarizə hazırda ABŞ-ın prioritet məsələlərindən biridir. Birləşmiş Ştatlar perspektivdə Konqresin icazəsi olmadan İran ərazisinə müdaxilə edə bilər. ABŞ-ın qəbul etdiyi qanunlar buna yol verir. Ona görə də Nensi Pelosinin və demokratların qəbul etdiyi qətnamə ciddi əhəmiyyət daşımır. Onlar belə addım atmaqla özlərini sülh tərəfdarı kimi təqdim etməyə və növbəti seçkilərdə səs qazanmağa çalışır. Amma Çeçenistan prezidenti Cövhər Dudayevin 1996-cı ildə öldürülməsi məhz demokratların nümayəndəsi Bill Klintonun hakimiyyəti dövründə baş verib. Məlum olduğu kimi, C.Dudayevin hərəkət koordinatlarını Rusiyaya məhz ABŞ kəşfiyyatı ötürmüşdü. Yəni Rusiya ilə siyasi alver məqsədilə demokratlar Dudayevi qurban verdi. 

Hazırda ABŞ-ın Avrasiyada maraqlarının təmin olunmasına mane olan iki qüvvə var. Onlardan biri Rusiyadır. Rusiya post-sovet məkanında demokratikləşmənin qarşısımnı alır, münaqişə ocaqlarını təşkil edir və idarə edir. Şərqdə, müsəlman ölkələrində isə demokratikləşmə prosesinə ən böyük maneə İrandır. Bu iki maneə yaxınlaşır. ABŞ da buna qarşı mübarizə aparır. ABŞ-ın dövlət katibi Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri işləyəndə Qasim Süleymaniyə məktub göndərərək terrorizmə qarşı mübarizədə əməkdaşlıq təklif etmişdi. Lakin İran tərəfi bu təklifdən boyun qaçırdı. Nəticədə hadisələr indiki istiqamətdə cərəyan etdi. İraqda ABŞ-ın siyasi, iqtisadi, hərbi maraqları var. İran da buna mane olduğu üçün ABŞ SEPAH-ın “Qüds" qoluna qarşı zərbə endirməklə cavab verir”. 

Müşfiq Abdulla 
Cebhe.info


Oxunma sayı: 8812