hava haqqinda Bakı
Bu gün +15 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0262
  • EURO - 1.9145
  • NEFT - $ 71.16
  • clouds-weather

Ağ Evdən ikili mövqe: Krıma işğal, Colana haqq

Ağ Evdən ikili mövqe: Krıma işğal, Colana haqq

Natiq Miri: “Colan təpələrində ABŞ neft şirkətləri tərəfindən regionun ən böyük neft və qaz yataqları tapılıb”

Amerika Birləşmiş Ştatları (ABŞ) yenidən ikili standartlardan çıxış edərək işğal faktına haqq qazandırıb. Belə ki, ABŞ İsrailin Colan təpələrini özünümüdafiə, Rusiyanın Krımı ilhaqını isə işğal adlandırıb. Məlumdur ki, hər iki fakt işğaldır. Amma ABŞ-ın İsrailin işğal siyasətinə bəraət verməsi diqqəti fərqli istiqamətə yönləndirib. Belə ki, ABŞ-ın dövlət katibi Mayk Pompeo bildirib ki, İsrail və Rusiyanın fərqli motivləri olduğuna görə, Colan yüksəklikləri və Krımla bağlı vəziyyəti eyniləşdirmək mümkün deyil.

Pompeo ABŞ Senatında dinləmələr zamanı deyib ki, İsrail Colan yüksəkliklərini Suriyadan müdafiə olunmaq məqsədilə ələ keçirib, Rusiya isə Krımı Ukraynadan ona heç bir təhlükə olmadığı halda işğal edib.

“Bir-birindən fərqli başqa vəziyyəti təsəvvür etmək çətindir” -deyə, Pompeo İsralin Colan yüksəkliklərini ələ keçirmək və Rusiyanın Krımı ilhaq etməsi arasında fərqləri izah etməyə çalışarkən bildirib. Pompeonun sözlərinə görə, Colan yüksəklikləri “hücuma məruz qaldıqdan” sonra İsrailin bir hissəsi olub.

“İsrail müdafiə olunurdu, onun mövcudluğu təhlükə qarşısında idi”, Pompeo bildirib. Dövlət katibi Colan yüksəkliklərinin ələ keçirilməsinin Suriya rejimindən “mü-dafiə olunmaq” üçün zəruri olduğunu deyib. “Rusiya müdafiə olunmurdu. Rusiya ona təhlükə törətməyən xalqın ərazisini işğal etmək üçün məqam tapıb”,-deyə Pompeo qeyd edib. 

Maraqlıdır, ABŞ niyə ikili mövqe nümayiş etdirir? Colan yüksəklikləri və Krım arasında fərq nədir?

Politoloq Natiq Miri “Cümhuriyət” qəzetinə şərhində ABŞ dövlət katibi Pompeonun açıqlamasının həqiqətə söykənmədiyini deyib: 

“Çünki bu faktın adı işğaldır. Colan təpələri Suriya torpağıdır və İsrail tərəfindən işğal olunub. İşğal olunmasına rəğmən heç bir dövlət, o, cümlədən beynəlxalq təşkilatlar İsrailin bu torpaqlar üzərində suveren haqqını tanımayıb. BMT-nin bu torpaqların işğal olunduğu ilə bağlı bir neçə qətnaməsi mövcuddur. Bu hadisənin adı işğaldır və bu gün baş verən hadisə də Suriya torpaqlarının İsrail tərəfindən ilhaqıdır. İsrailin suveren haqqını BMT-nin qətnamələrinin əksinə olaraq ABŞ qanunsuz şəkildə tanıyıb”.

N.Miri hesab edir ki, Rusiyanın Krım və ətrafını işğal etməsində də rəsmi Moskvanın geosiyasi maraqları önə çıxır:

“Rusiyanın Qara dənizə çıxışı məhdud səviyyədə idi. Bu da Qərbin Qara dəniz üzərindəki təkhakimiyyətliyinə səbəb olurdu. Rusiya da buna heç bir halda razı ola bilməzdi. Bu baxımdan Rusiya öz təhlükəsizliyini qorumaq və Qara dəniz üzərindəki hökmranlığını sübut etmək üçün Krım və Sevastopolu işğal etdi. Ardınca isə saxta refererendum keçirərək ilhaq prosesini tamamladılar. Ona görə də hər iki hadisənin adı işğaldır, qeyri-qanuni ilhaqdır. Bu hadisələri də beynəlxalq təşkilatlar işğal faktı kimi dəyərləndirir. Həmin ölkələrin işğal məsələsini tanımır, qəbul etmir”.

Natiq Miri qeyd edib ki, Colan təpələri ABŞ və İsrailə 100 milyard dollar qazandıracaq:

“Pompeonun belə bir açıqlama verməsi isə birbaşa olaraq ABŞ-ın geosiyasi maraqları ilə bağlıdır. Colan təpələri ilk növbədə İsrailin təhlükəsizliyi baxımından ABŞ üçün çox önəmlidir. Digər tərəfdən Colan təpələrində ABŞ neft şirkətləri tərəfindən regionun ən böyük neft və qaz yataqları tapılıb. Bu neft və qaz yataqları İsraillə birgə istismar olunacaq. Yəni, bu, gələcəkdə 100 milyard dollar civarında vəsaiti həm ABŞ, həm də İsrailə qazandıracaq. Məsələnin kökündə bu cür geosiyasi maraqlar var. Pompeo bu cür fikirləri ortaya atmaqla beynəlxalq ictimaiyyətinin fikrini yayındırmaq  niyyəti güdür. Düşünürəm ki, bu açıqlama heç bir halda həqiqətə söykənmir, bəhanədən başqa bir şey deyil”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 38968