hava haqqindaBakı
Bu gün +8 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8828
  • NEFT - 62.35
  • clouds-weather

Ağ Evdən İranı sevindirən qərar: Müharibə arxivə göndərildi

Ağ Evdən İranı sevindirən qərar: Müharibə arxivə göndərildi

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun istefası ciddi siyasi sensasiyaya səbəb olub. 

Bu da sərt kurs  tərəfdarı olan və realist mövqeyi ilə seçilən Con Bolton ABŞ-ın xarici siyasətinin müəyyənləşməsinə mühüm təsir göstərən bir diplomat kimi tanınıb. Hətta Boltonun ABŞ-ın xarici siyasətinin formalaşmasında dövlət katibi Mayk Pompeodan daha fəallığı ilə seçilirdi. Ona görə də belə nüfuzlu siyasətçinin Tramp administrasiyasından uzaqlaşdırılması bir sıra suallar doğurub. Lakin hakimiyyətdə olduğu dövrdə Donald Tramp artıq üç dəfə milli təhlükəsizlik məsələləri üzrə müşavirini tutduğu vəzifədən xaric edib. Maykl Lelliveld, Herbert Makmaster və Con Bolton öz vəzifələrini axıra qədər icra edə bilməyib. Əksər hallarda, belə istefalar  Donald Trampla yaranmış  fikir ayrılığına görə baş verir. Bu sıraya ABŞ-ın sabir dövlət katibi Reks  Tillersonu, Ceymis Mettis, ədliyyə naziri Ceff Şensi də aid etmək olar. Ona görə də prezident Trampla Con Bolton arasında hər hansı mübahisənin baş verdiyi şübhə doğurmur. Bəzi məlumatlarda Trampın milli təhlükəsizlik məsələləri üzrə müşavirini işdən qovduğu bildirilsə də digər mənbələr Con Boltonun Ağ Evin rəhbərinə etiraz edərək istefa ərizəsini yazdığını bildirir. 

CNN telekanalının məlumatına görə, ABŞ Prezidentinin  sərt xətt tərəfdarı olan Con Boltonu  vəzifəsindən kənarlaşdırmasına səbəb aralarında güclü narazılığın yaranması olub. Nəticədə, Tramp Boltondan istefa verməsini xahiş edib.

“BBC” xəbər verir ki, Bolton Trampla Əfqanıstandan İrana qədər bir sıra xarici siyasət məsələlərində  razılaşmayıb. Bolton Trampın açıqlamasından az sonra “twitter”də yazıb ki, əslində öncə o, istefasını Trampa təklif edib. Lakin ABŞ prezidenti ona  “bunu sabah müzakirə edərik” cavabını yazıb. Hadisələr barədə bu xəbərlər yayılandan sonra Bolton “Fox News”-a bildirib ki, o, milli təhlükəsizlik məsləhəçisi kimi istefa verib.

“The New York Times” qeyd edib ki, Boltonun istefası onun İran və KXDR ilə bağlı həyata keçirilən siyasətə görə Trampla arasında yaranan gərginlik fonunda baş verib. “Vaşinqton Post” da onun dövlət katibi Mayk Pompeo ilə münasibətlərinin gərgin olduğunu vurğulayıb. Daha sonra dövlət katibi bir çox məsələdə Boltonla razılaşmadığını etiraf edib.

Rusiya mətbuatı isə Donald Trampla Con Bolton arasında yaranmış fikir ayrılığının səbəbi kimi casus qalmaqalını göstərib. Qeyd edilir ki, mübahisəyə səbəb  Kremlə qədər daxil olmağa nail olmuş xüsusi agentin təxliyəsi  ilə bağlı olub. Ancaq bu hadisənin təfərrüatları açıqlanmır. Məsələyə münasibət bildirən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə “Con Bolton istefası ABŞ-ın daxili işidir”-deməklə kifayətlənib. 

Milli təhlükəsizlik məsələləri üzrə müşavir postunun icrası müvəqqəti olara Çarlz Kappermana tapşırılıb. Con Bolton tutduğu vəzidən azad edildikdən sonra Ağ Evdə milli təhlükəsizlik məsələləri üzrə müşavir postuna ən azı on nəfərin namizədliyini nəzərdən keçirilir. Yeni müşavirin adının gələn həftə məlum olacaq. 

Bu posta ən real namizədlərdən biri ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Hukdur. Məlumatda qeyd edilir ki, o, bu işdə maraqlıdır və Ağ Ev ona yaxşı münasibət göstərir. Huk Dövlət Departamentində fəaliyyətinə bu quruma Reks Tillersonun rəhbərlik etdiyi dövrdə başlayıb və  Mayk Pompeo  dövlət katibi təyin edildikdən sonra da komandanın əsas üzvü olaraq qalıb. Huk bu yaxınlarda prezident Donald Trampı, həmçinin onun baş müşaviri, eyni zamanda kürəkəni Cared Kuşneri  Yaxın Şərq səfərində müşayiət edib. Hazırda ABŞ-ın xarici siyasət strategiyasında, o cümlədən Yaxın Şərqlə bağlı  İran məsələsi  əsas yerlərdən birini tutduğundan B.Hukun sözügedən vəzifəyə təyin edilməsi ehtimalı yüksəkdir. Brayan Huk İran və Yaxın Şərq üzrə təcrübəli mütəxəssisdir.  Ağ Evin “qırğısı” adlandırılan Con Boltonun vəzifədən uzaqlaşdırılması Tehranda sevinclə qarşılanıb. Hətta bu hadisə İranda təhlükənin sovuşması kimi dəyərləndirilir. İran hökumətinin mətbuat katibi Əli Rabii bu olayı müsbət əlamət hesab edib:

“Bir neçə ay bundan əvvəl Con Bolton bildirirdi ki, İran üç aydan sonra olmayacaq.  Biz hələ qalırıq, o isə getdi. Ağ Evdə genişmiqyaslı  müharibənin və iqtisadi terrorizmin tərəfdarı olanın aradan qaldırılması İran həqiqətlərini başa düşməyə daha az əngəl olacaq"-deyə Rabi öz “Twitter” səhifəsində yazıb.

Öz növbəsində, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif  Amerikanın daxili işlərinə dair heç bir açıqlama verməyəcəyini söyləyib.

Ancaq  İrana qarşı sanksiyaların əsas müəlliflərindən biri sayılan Brayan Hukun  milli təhlükəsizlik məsələləri üzrə müşavir postuna gətirilməsi  Tehran rejimi üçün daha ciddi problemlər yarada bilər.  Cənab Huk  İranla nüvə proqramına dair “daha yaxşı sülh müqaviləsi”nin tərəfdarı oldğunu söyləsə də bu məqsədə güclü təzyiq və İranın neft-qaz sektorunun tamamilə zəiflədilməsi yolu ilə nail olmağı təklif edir.  Con Boltonun yerinə Brayan Hukun namizədliyinin irəli sürülməsi ABŞ-ın yaxın perspektiv üçün xairici siyasətində İran məsələsinin ön plana keçəcəyini deməyə əsas verir. 

Amma Tramp milli təhlükəsizlik məsələləri üzrə müşavir vəzifəsinə Stiven Biqanı da təyin edə bilər. ABŞ-ın Şimali Koreya üzrə xüsusi nümayəndəsi olan Biqanın Boltonla əvəz edilməsi KXDR-in nüvə sınaqları  probleminin xarici siyasətin prioritetinə çevrilməsi deməkdir. Mənbələr onun Pompeo ilə yaxşı münasibətdə olduğunu qeyd edir. Habelə “Ford Motors” şirkətində rəhbər vəzifədə iş təcrübəsinin olduğunu vurğulayır.

İkinci namizəd əvvəllər milli təhlükəsizlik məsələləri üzrə prezidentin köməkçisinin müavini, ABŞ ordusunun ehtiyatda olan general mayoru Rikki Uoddeldir.  O, prezident administrasiyasını ötən il tərk edib, habelə Con Kellinin prezident kampaniyası zamanı Trampın müşavirinə yaxın olub.

Mümkün namizədlər arasında ABŞ-ın Almaniya və Niderlanddakı səfirləri - Riçard Qrenell və Pit Hokstranın adları da çəkilir. Riçard Qrenell də milli təhlükəsizlik məsələləri üzrə prezidentin köməkçisi vəzifəsində maraqlıdır. Yeddi il Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsində çalışan Pit Hokstra təcrübəli dövlət işçisi hesab edilir. Trampın  onun işindən razı qaldığı bildirlir.

Ağ Ev həmçinin, ABŞ ordusunun istefada olan polkovniki Duqlas Makqreqor  və istefada olan general Cek Kinin namizədliyini də müzakirə edir. “CNN” qeyd edir ki, Cek Kin “Taliban” terror hərəkatı ilə danışıqlar da daxil olmaq üzrə, bir sıra məsələdə Trampa qeyri-rəsmi  konsultasiya xidməti göstərir. Ancaq C.Kinin bu təklifdən imtina edəcəyi ehtimalı da yüksəkdir.

Teleşirkətin məlumatına əsasən, onuncu namizəd Boltonun ofisinin keçmiş rəhbəri Frederik Fleytsdir. 

Bu arada prezident  Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri Herbert Makmasterə zəng etməsi diqqəti cəlb edib. O, istefada olan general üçün özünün və Ağ Evdəkilərin darıxdığını deyib. Ona görə də sürpriz qərarları ilə seçilən prezident Trampın Makmasterə yenidən müşavir postuna qaytmağı təklif edəcəyi də gözləniləndir.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 1519