hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0237
  • EURO - 2.0722
  • NEFT - 77.72
  • clouds-weather

Ağ Evdən seçki çağırışı: ABŞ niyə Poroşenkonu dəstəklədi?

Ağ Evdən seçki çağırışı: ABŞ niyə Poroşenkonu dəstəklədi?

ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi Kurt Volker Ukrayna xalqına müraciət edərək onları prezident seçkilərində Petro Poroşenkoya səs verməyə çağırıb.

O, jurnalistlərə bildirib ki, Poroşenkonun rəqibi özünü mövcud sistemin və mövcud prezidentin rəqibi kimi göstərən namizəddir. “Dövlət başçısı deyib ki, çalışdı, çox iş gördü, çox şeyə nail oldu. Amma hələ çox işlər görülməlidir. İndi isə Ukrayna xalqının qarşısında seçim etmək qalır”, - deyə Volker qeyd edib.

Onun sözlərinə görə, Poroşenkonun rəqibi islahatlar vəd edir, lakin Ukraynanın prezidenti son iyirmi ildə Ukraynanın hər hansı bir liderindən daha çox islahatlar həyata keçirib. Kurt Volkerin açıqlaması Petro Poroşenkoya ABŞ-ın açıq siyasi dəstəyini əks etdirir. Bu isə Zelenskinin seçkilərdə qələbəsinin ABŞ-ın Ukraynadakı maraqlarına cavab vermədiyini göstərir. Aprelin 21-də keçiriləcək səsvermənin ikinci turunda V.Zelenskinin qələbə şansı yüksək olduğundan K.Volkerin müraciəti rəsmi Vaşinqtonun narahatlığı kimi də dəyərləndirilə bilər.

Politoloq Natiq Miri hesab edir ki, Vladimir Zelenskinin seçilməsi Rusiya üçün əlverişlidir. Bu baxımdan, Poroşenko ABŞ üçün daha əlverişli namizəddir:

t

“ABŞ yaxşı bilir ki, Vladimir Zelenski oliqarx İqor Kolamoyskinin oyuncağıdır. Kolamoyskinin Rusiya xüsusi xidmət orqanları ilə çox ciddi əlaqələri var. Ona görə də, Zelenskinin Rusiya tərəfindən idarə oluna biləcəyinə dair Vaşinqtonda əndişə var. Kurt Volker də ABŞ-ın strateji müttəfiqi olan, onun siyasətini dəstəkləyən Poroşenkoya səs verməyə çağırır. Əslində, Volkerin bu müraciəti bir dövlətin başqa ölkənin daxili işlərinə müdaxiləsi sayılmalıdır. Ancaq ABŞ bir hegemon güc kimi bəzən belə müdaxilələr edə bilir. Yəni Zelenski Rusiyayönümlü namizəd olduğuna görə, ABŞ rəsmisi Poroşenkoya səs vermək üçün xalqa müraciət etməli olub. Poroşenkonu hakimiyyətə gətirən də Ukrayna xalqıdır. Ukraynalılar beş il öncə, Qərbə inteqrasiya xəttinə üstünlük verdiyi üçün keçmiş prezidenti qovub, yerinə Poroşenkonu gətirdilər. Ona görə də, həmin qüvvələri fəallaşdırmaq üçün Volker Ukrayna seçicilərinə müraciət edib. Rusiya ilə Qərbə inteqrasiya tərəfdarlar arasında mübarizə gedir. Ya Zelenskinin timsalında Rusiyayönlü qüvvələr qələbə çalaraq yenidən avtoritar sistemə qayıtmalı, ya da ABŞ-ın maraqlarına uyğun olaraq, Qərbə inteqrasiya xəttinə üstünlük verən Poroşenkoya səs verilməlidir”.

Ekspert bildirdi ki, Kurt Volkerin müraciəti prezident seçkilərinin ikinci turuna təsir göstərə bilər. Qərbə inteqrasiya tərəfdarı olan sabiq namizəd Yuliya Timoşenkonun tərəfdarları və Qərbyönümlü elektoratın fəallaşması səsvermənin nəticələrini Poroşenkonun xeyrinə dəyişə bilər.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 8900