hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

Ağ Evin namizədi Ərdoğana qarşı: Türkiyə erkən seçkiyə gedir? - Şərh

Ağ Evin namizədi Ərdoğana qarşı: Türkiyə erkən seçkiyə gedir? - Şərh

Qabil Hüseynli: “Qərb çalışacaq ki, Əhməd Davudoğlunu, Əli Babacanı və Abdulla Gülü bir koalisiyada birləşdirsin”

Əhməd Davudoğlunun istefası Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) qopmaları sürətləndirib. 

Sabiq baş nazirin ardınca  bir neçə sabiq millət vəkili və bölgə təşkilatlarının rəhbərləri də AKP-dən ayrılıb. AKP sədrinin sabiq müavini Selçuk Özdağ, Türkiyə Böyük Millət Məclisinin  İnsan Haqqları Araşdırma komissiyasının sabiq üzvü  Ayxan Səfər Üstün və keçmiş İstanbul millət vəkili Abdullah Başçı hakim partiyadan istefa veriblər.

İstefa verənlər arasında Türkiyənin Somalidəki sabiq səfiri də var.

Türkiyə mediasında yayılan məlumatlara görə, yaxın günlərdə AKP-dən istefa verəcək millət vəkillərinin sayı arta bilər. Əhməd Davudoğlu və iyul ayında istefa vermiş baş nazirin sabiq müavini Əli Babacan artıq AKP-çi deputatlarla danışıqlar aparıldığını gizlətmir. Yaxın vaxtlar 15 nəfərə yaxın millət vəkilinin AKP sıralarını tərk etdiklərinə dair bəyanat  verəcəyi gözlənilir. Ancaq onlara təzyiqlərin qarşısını almaq üçün hələlik həmin deputatların adları açıqlanmır. 

Politoloq Qabil Hüseynlinin sözlərinə görə,  Əhməd Davudoğlunun istefası Türkiyənin siyasi həyatında yeni mərhələnin başlanmasından xəbər verir. Hətta bu proses yaxın perspektivdə hakimiyyət dəyişikliyinə gətirib çıxara bilər:

“Əhməd Davudoğlu  həm AKP-nin sədri,  həm  də ölkənin baş naziri olub. Yəni hakim partiya daxilində Ərdoğan qədər nüfuzlu vəzifələri tutub. Onun AKP-dəki dayaqları möhkəmdir. Əhməd Davudoğlu professordur, iqtisadiyyat üzrə nüfuzlu alimdir. Ona Türkiyədə çox böyük rəğbət bəsləyirlər. Bu nöqteyi-nəzərdən Davudoğlu ilə bərabər AKP-dən qopmalar intensiv olacaq. Zənnimcə, Davudoğlu öz partiyasını formalaşdırmağa başladısa, Əli Babacan və Abdulla Gül də ya ona qoşulacaq, ya da öz siyasi partiyalarını yaratmağa başlayacaq. Bunun nəticəsində AKP kifayət qədər zəifləyəcək. Əhməd Davudoğlunun baş nazir vəzifəsindən uzaqlaşdırılması da onun  nüfuzunun durmadan artması  ilə bağlı idi. Çünki o, ölkədə daxilində getdikcə populyarlaşır, AKP-də siyasi reytinqi yüksəlirdi. Onun nüfuzunun belə artmasından narahat olan Rəcəb Tayyib Ərdoğan Davudoğlunu tutduğu postlardan uzaqlaşdırdı. Bundan sonra sırf siyasi rəqabət dövrü başlanır. Mən güman edirəm ki, Əhməd Davudoğlu AKP-nin kifayət qədər güclü hissəsini öz tərəfinə çəkib yeni quracağı partiyaya apara biləcək. Əli Babacanla Abdulla Gül yeni partiya yaradarsa, AKP daha da zəifləyəcək. Ümumiyyətlə bu mərhələnin başlaması ilə Türkiyədə yeni bir siyasi dalğa gəlir. Bu dalğa AKP-nin sökülməsi ilə nəticələnəcək. Sağ düşərgədə yeni partiyaların yaranması ola bilsin ki, Türkiyədə növbədənkənar parlament, hətta prezident seçkilərinin keçirilməsi ilə nəticələnəcək. Əhməd Davudoğlu start nöqtəsindən hərəkətə başladı. Əli Babacan və Abdulla Gül də bu prosesə dəstək verərsə, AKP üçün çox ağır dövrə qədəm qoyacaq”.

Qeyd edək ki, Ərdoğan iqtidarından narazı olan Qərbin hakim elitada yaranmış mərkəzdənqaçma prosesindən istifadə etməyə çalışacağı ehtimalı yüksəkdir.  Artıq ABŞ başda olmaqla Qərbin Əhməd Davudoğluna dəstək verib-verməyəcəyinə dair suallar səslənməyə başlayıb. ABŞ-ın Türkiyəyə sanksiya tətbiq etməsinə dair təkliflərin Konqresə çıxarıldığı bir vaxtda Rusiya qırıcılarının İstanbulun üzərində, yəni NATO-nun hava məkanında təlimlər keçirməsi şübhəsiz ki, Ərdoğan hakimiyyətinə qarşı təzyiqlərin artması ilə nəticələnəcək. Bu məqsədlə Qərb sanksiyalardan daha çox başqa  bir vasitəni, yəni  Davudoğlu kartını istifadə edə bilər.  

Qabil Hüseynlinin sözlərinə görə, ABŞ Əhməd Davudoğluna hərtərəfli dəstək verir: 

“Qərb Əli Babacanla Abdulla Gülə də etimad göstərəcək. Amma bu etimad zamanı onları bir koalisiyada birləşdirməyə çalışacaq”. 

Müşfiq Abdulla 
Cebhe.info


Oxunma sayı: 2542