hava haqqindaBakı
Bu gün +29 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0270
  • EURO - 1.9066
  • NEFT - 64.41
  • clouds-weather

Ağ Evin "Qarabağ planı" gündəmdə: Sabah Vaşinqtonda nə olacaq? 

Ağ Evin "Qarabağ planı" gündəmdə: Sabah Vaşinqtonda nə olacaq? 

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Vaşinqtona səfər edən Azərbaycanın  və Ermənistanın xarici işlər nazirləri ilə görüşmək istədiyinin bildirib.

Bu barədə o, özünün “Twitter” hesabında yazıb. 

Con  Bolton “Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında dialoqun davamına imkan yaratmaq üçün onlarla görüşü səbirsizliklə gözləyirəm”, - deyib.

Ölkəsinin regionda sülhün yaranmasında maraqlı olduğunu deyən Bolton bəyan edib ki, bunun üçün köməyə hazırdırlar. Qeyd edək ki, iyunun 20-də Vaşinqtonda ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə Elmar Məmmədyarov və Zöhrab Mnasakanyan arasında görüş keçiriləcək. ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşavirinin açıqlaması Ermənistan-Azərbaycan münaqişəsinin həllində Con Boltonun diplomatik səylərinin yenidən fəallaşması kimi qiymətləndirilə bilər. Yəni xarici işlər nazirlərinin görüşünün Vaşinqtonda keçirilməsi ABŞ-a siyasi təşəbbüsü ələ almaq imkanı yaradır. Ona görə də ABŞ-dakı müzakirələr  münaqişənin nizamlanmasına dair “Bolton planı”nı yenidən gündəmə gətirə bilər.

 Ancaq bu planın reallaşması tərəflərin, ilk növbədə isə Ermənistanın kompromisə nə qədər hazır olmasından asılıdır.   

Xatırladaq ki, 2018-ci ilin oktyabr ayında Cənubi Qafqaza səfər edən Con Bolton münaqişə tərəflərinə Dağlıq Qarabağ probleminin həllinə dair təkliflər paketi təqdim edib. Yayılan məlumatlara görə, “Bolton planı” adlanan həmin sənəd Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllini nəzərdə tutur. Sözügedən “yol xəritəsi” 1997-ci ildə Ermənistan prezidenti Levon Ter-Petrosyanın razılıq verdiyi mərhələli həll planına çox yaxın  hesab olunur. Təkliflərdə ilk növbədə, Dağlıq Qarabağın ətrafında yerləşən işğal altında olan ən azı beş və ya yeddi rayonun Azərbaycana qaytarılması nəzərdə tutulur. Növbəti mərhələdə məcburi köçkünlər öz evlərinə qaytarılmalı, Laçın rayonundan Ermənistana nəqliyyat dəhlizi ayrılmalı, Dağlıq Qarabağ üçün keçid statusu verilməlidir. Yekun mərhələdə isə Dağlıq Qrabağın hüquqi statusu müəyyənləşməlidir. 

Həmin vaxt rəsmi Vaşinqton Ermənistanda hakimiyyət dəyişikliyi baş verdiyinə görə Nikol Paşinyanın bu təklifi qəbul edəcəyinə ümidlə yanaşırdı. Xüsuilə, “Qarabağ klanı”nın “məxməri inqilab”  yolu ilə devrilməsi  nəticəsində hakimiyyətə  Qərbyönlü qüvvələrin gəlməsi  ABŞ-da münaqişənin həllinə dair ciddi ümidlər yaratmışdı. Hətta Con Bolton oktyabr ayının 25-də İrəvanda N.Paşinyanla görüşü zamanı ona dekabr ayında keçiriləcək növbədənkənar parlament seçkilərindən sonra Dağlıq Qarabağ probleminin həlli istiqamətində cəsarətli addımlar atacağına ümid etdiyini söyləmişdi.

Yəni  ABŞ Ermənistanın yeni liderinin hakimiyyətini möhkəmlətdikdən sonra kompromisə gedəcəyinə ümid edirdi. Çünki  Ermənistanın  Azərbaycan və Türkiyə ilə sərhədlərinin açılması ABŞ-ın maraqlarına cavab verir.  Con Boltonun İrəvana səfərindən sonra da aydın oldu ki, ABŞ Prezidentinin müşaviri Nikol Paşinyandan İranla sərhədləri bağlamağı və ticarət əlaqələrini məhdudlaşdırmağı təklif edib. “Bolton planı”nın strateji hədəfləri münaqişənin həlli nəticəsində Ermənistanın İranla sərhədlərinin bağlanmasını, eləcə də Rusiyanın təsir zonasından çıxmasını özündə əks etdirir. Lakin hakimiyyətə ABŞ-ın xüsusi xidmət orqanlarının maliyyə və siyasi dəstəyi  ilə gəlmiş N.Paşinyan sonrakı mərhələdə xarici siyasətdə Rusiya  və Fransa ilə yaxınlaşmaqla Con Boltonun  təklifini  qəbul etməkdən yayına bildi. 

İndi isə Ağ Ev Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Vaşinqton görüşünə “Bolton planı”nı yenidən gündəmə gətirmək üçün siyasi fürsət kimi baxır.  Çox güman ki, Con Boltonun Elmar Məmmədyarov və Zöhrab Mnasakayanla görüşməkdə məqsədi də məhz tərəfləri qarşılıqlı razılaşmaya nail olmaq üçün siyasi risklərə hazır olmağa sövq etməkdir.  Ancaq  hazırda “Qarabağ klanı” ilə mübarizəni davam etdirən Nikol Paşinyanın  kompromisə gedəcəyi inandırıcı görünmür.

Rəqib klanın lideri Robert Köçəryanın azadlıqda olduğu hazırkı durumda N.Paşinyanın işğal edilmiş əraziləri Azərbaycana qaytarması Ermənistanda növbəti hakimiyyət dəyişikliyinə yol aça bilər. Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin R.Köçəryanla bir saatlıq məxfi görüşü də Kremlin Qarabağ klanını hakimiyyətə qaytarmaq  üzərində çalışdığını göstərir. Ona görə də N.Paşinyanı hazırkı situasiyada daha çox hakimiyyətini qorumaq və “Qarabağ klanı”nı tam zərərsizləşdirmək düşündürür. “Qarabağ klanı”na yaxın hakimlərin korrupsiyada ittiham edilərək məhkəmə orqanlarından xaric  edilməsi, Dağlıq Qarabağdakı işğalçı rejimlə N.Paşinyanın münasibətlərinin gərginləşməsi,   Baş prokuror Armen Davtyanın Robert Köçəryanın yenidən həbs olunması üçün Apelyasiya Məhkəməsinə müraciəti  Ermənistanda siyasi qarşıdurmanın artmasından xəbər verir.  Bu isə Paşinyana Con Boltonun kompromisə getmək təklifindəın yayınmaq üçün siyasi manevr imkanları açır. 

Müşfiq  Abdulla 
Cebhe.info


Oxunma sayı: 2102