hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

Ağasif Şakiroğlu: “Əli Kərimli özü mənim yanıma elçi göndərmişdi axı...” - MÜSAHİBƏ

Ağasif Şakiroğlu: “Əli Kərimli özü mənim yanıma elçi göndərmişdi axı...” - MÜSAHİBƏ

Cebhe.info-nun müsahibi Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu olub.

GAP sədri ölkənin siyasi gündəmi, qarşılıqlı ittihamlar və digər məsələlərlə bağlı sualları cavablandırıb:

-Ağasif bəy, sədri olduğunuz partiyadan başlayaq. Uzun müddət qeydiyyatsız fəaliyyət göstərdiniz, ötən ilin sonunda isə partiya qeydiyyata alındı. Rəsmi dövlət qeydiyyatından sonra partiyada nə dəyişdi?

-Gələcək Azərbaycan Partiyası 2013-cu ilin dekabrında təsis edildi, 2014-cü ildə qurultay keçirəcək fəaliyyətə başladıq. Azərbaycan qanunvericiliyi qeydiyyatı mütləq etmirdi. Açığını desəm, GAP yaranandan biz heç vaxt Ədliyyə Nazirliyinə qeydiyyat üçün müraciət etməmişdik. Bunun 3 səbəbi var idi. Birincisi, biz ölkədə olan vəziyyəti dəyərləndirirdik və bilirdik ki, biz müraciət etsək belə, partiyanın qeydiyyata alınması real deyil. İkinci səbəb isə o idi ki, Gələcək Azərbaycan Partiyası Açıq Cəmiyyət Partiyasının hüquqi və siyasi varisi idi. GAP Açıq Cəmiyyət Partiyası buraxılaraq onun sosial bazasında təsis olunub. Açıq Cəmiyyət Partiyası isə 2013-cü il prezident seçkilərinin nəticələrini tanımamışdı. Biz həmin dövrdə məsələyə belə baxırdıq ki, nəticələrini tanımadığımız prezident seçkilərinin fonunda təyin olunan Ədliyyə nazirinə müraciət ediriksə, onu tanımış oluruq. Üçüncü səbəb isə o idi ki, qanunvericilik qeydiyyatı şərt kimi qoymurdu, biz də düşünürdük, qeydiyyatsız da fəaliyyət göstərmək olar. 2020-ci ilin əvvəlindən isə ölkədə başqa bir siyasi mühit yarandı. Əli Həsənov, Ramiz Mehdiyev istefaya göndərildi, onların yerinə yeni kadrlar təyin olundu. Ardınca gördük ki, bir-bir partiyalar qeydiyyata alınır. Biz də aparılan dialoqun və gedən siyasi prosesin nə dərəcədə səmimi olub-olmadığını yoxlamaq üçün sənədlərimizi təqdim etmək qərarı verdik. Nəticədə də Ədliyyə Nazirliyi bizi dövlət qeydiyyatına aldı. Əmin olduq ki, aparılan dialoq, qurulan yeni siyasi münasibətlər səmimidir, şəffaflıq üzərində qurulub. Qeydiyyata alınmasaydıq da, faciə deyildi. Amma biz bununla həm də hakimiyyətin dialoqda nə dərəcədə səmimi olduğunu yoxladıq. Eyni zamanda düşündük ki, aparılan islahatlar fonunda proporsianal seçki sistemi tətbiq olunar, o zaman partiyanın dövlət qeydiyyatında olmasının rolu artır. Partiya qeydiyyata alındıqdan sonra qərargah məsələsi sərfəli şərtlərlə həll olundu.

- Ölkədə olan partiyaların sayı sizi qane edirmi?

-Bizim əsas hədəflərimizdən biri “Siyasi partiyalar haqqında” Qanunun dəyişdirilməsidir. Hesab edirik ki, 80 milyonluq Türkiyədə 15, 10 milyonluq Azərbaycanda isə 56 partiyanın olması gülməlidir. Bunun səbəbi odur ki, min imza ilə partiya yaratmağa icazə verilir. Hakimiyyətə iddialı, iqtidar olmaq istəyən partiyanın sədri mütləqdir ki, prezident seçkilərində iştirak etsin. Prezident seçkilərində iştirak etmək üçün isə namizədin qeydiyyata alınması üçün 40 minin üzərində imza lazımdır. Əgər burada 40 minin üzərində imza istənilirsə, siyasi iddia ilə çıxış edən partiya niyə min imza ilə qeydiyyata alınmalıdır? Hesab edirəm ki, partiyaların qeydiyyata alınması üçün də səsvermə hüququ olan vətəndaşların 1 faizinin imzası tələb olunmalıdır. Çünki xırda, təkadamlıq partiyaların çox olması xarici xidmət orqanlarının Azəraycandakı işinə yarayır. Onlar 10-15 xırda partiyanı tapır, pul verib birləşdirir və nəticədə Azərbaycanda destruktiv siyasi fəaliyyətlə məşğul olurlar.

-Maraqlı məqama toxundunuz... Bu gün Gələcək Azərbaycan Partiyası deyəndə cəmiyyət təkcə Ağasif Şakiroğlunu tanıyır. Siz də təkadamlıq partiya kimi görünmürsünüz?

-Xeyr. Məsələn, Rəsul Quliyev və Ağasif Şakiroğlu artıq iki olur. Rəsul Quliyev partiyanın məndən də öndə olan ən populyar simasıdır, Milli Məclisin ilk sədri olub. Rəsul Quliyevin kifayət qədər elektoratı var. Rəsul Quliyevin bizim partiyanın üzvü olması onun elektoratının həm də GAP-ın üzvü olması deməkdir. Bu gün Rəsul Quliyevin tərəfdarları GAP üzvlərinin 90 faizini təşkil edir. İndi Rəsul Quliyev kimi üzvü olan partiya təkadamlıq ola bilərmi? Digər tərəfdən, GAP-ın çox sayda kütləvi tədbirləri olub və bunun foto, videogörüntüləri var. GAP-ın təkadamlıq partiya olmadığı görünür. Son olaraq biz Ədliyyə Nazirliyinə min imza tələb olunduğu halda, 17 min imza yığıb vermiş bəlkə də tək partiyayıq. Təkadamlıq partiya bunu edə bilərmi? Sizin sualınızda həqiqət var ki, mətbuatda görünən iki sima var: Ağasif Şakiroğlu və Rəsul Quliyev. Bunun səbəb isə GAP-ın idarəetmə fəlsəfəsinin fərqli olmasıdır. Məsələn, GAP-da şöbə sədrləri seçki ilə seçilmir, birbaşa təyin olunur. Bu da strukturlaşma baxımından təsadüfi şəxslərin rayon şöbələrinə gəlib problem yaratmasının qarşısını alır. İdarə Heyəti tərəfindən partiyanın adından mətbuata danışmaq üçün iki nəfərə, mənə və Rəsul Quliyevə icazə verilib. Digər şəxslər isə sadəcə vəzifəsini icra edir. Onların vəzifəsi mənim apardığım siyasəti dəstəkləməkdir. Onların özlərini müstəqil siyasəti yoxdur.

-Deyirlər ki, Ağasif Şakiroğlunun adamları əslində Rəsul Quliyevin pullarıdır. Rəsul Quliyev sizə nə qədər pul verir?

-Partiyanın maliyyə imkanları məhduddur. Təbii ki, maliyyəni pulu olan adam verər. Rəsul Quliyev miqrant həyatı yaşayır, mühacirətdə olduğu ölkədən aldığı yardımla dolanır. Ailə üzvləri təbii ki, işləyir, çalışır. Özünün yaşı işləməyə imkan vermir. Maliyyə çətinliyi çəkən birinin bizə pul verməsi bir qədər reallığı əks etdirmir. Bəli, partiyanın o qədər də geniş olmayan bir büdcəsi var. Rəsul Quliyevə sevgisi olan bir qrup iş adamı var, onlar partiyaya pul verir. Məbləği bilmək istəsəniz, parlamentdə təmsil olunan partiyaların dövlətdən aldığı maliyyənin dörddə biri qədər aylıq büdcəmiz mövcuddur.

-Sizə verilən ianələrin hesabatını dövlətə verirsiniz?

-Əvvəl ianələr partiyanın mərkəzi aparatı tərəfindən qəbul olunurdu. İndi artıq rəsmi bank hesabları var, ianələr də birbaşa ora köçürülür. Onun da hesabatı veriləcək.

-Deyirlər ki, Rəsul Quliyevin “mülayimləşməsinin” səbəbi Bakıya dönmək istəməsidir.

-Bakıda hər kəs evini satıb Amerikaya getmək üçün yollar axtarır. Rəsul Quliyev niyə Amerikadan Bakıya qayıtsın? Bunlar əsası olmayan iddialardır. Rəsul Quliyevin nəvəsi “Google” şirkətində işləyir və aylıq 40 min dollar maaş alır. Oğlu bankda çalışır, aylıq 60 min dollar əmək haqqı alır. Qızı sığorta şirkətində işləyir, 50-55 min dollar maaşı var. Əslində bunları demək etik deyil, sadəcə iddialara cavab olaraq deyirəm. Təbii ki, Amerikanın şərtləri ağırdır, bizim cəmiyyət üçün o rəqəmlər böyük görünsə də, ABŞ üçün orta səviyyəli gəlir sayılır. Bizim cəmiyyətlə müqayisə etsək, elə bil kimsə 3 min manat maaş alır. Bir insan orada özünə qurduğu bu şəraiti niyə qoyub Bakıya gəlsin? Təbii ki, Azərbaycan Rəsul Quliyevin vətənidir, o da bura rahat şəkildə gəlmək, getmək istəyir. İndi süni maneələr var, amma bu maneələrə görə Rəsul Quliyevin “mülayimləşməsi” absurd iddiadır. Rəsul Quliyev Bakıya gəlib hansı imtiyazdan istifadə edəcək? Başa düşürəm, bu iddialar Rəsul Quliyevin son zamanlar mətbuata verdiyi açıqlamalardan qaynaqlanır.

Biz müxalifət olaraq hakimiyyəti hər zaman karrupsiyada, Qarabağ siyasətini düzgün aparmamaqda, məmur özbaşınalığında, ölkənin milyardlarını talamaqda, azad seçkilərin olmamasında ittiham edirdik. Rəsul Quliyev haradasa deyib ki, seçkilər demokratik keçirilib? Ölkədə azad məhkəmə yoxdur. Bu olmasa, aparılan islahatların da heç bir effekti olmayacaq. Amma korrupsiyaya qarşı mübarizə aparılır, bunun da daha şiddətli formada aparılmasını tələb edirik. Ona görə də bu məsələdə bir qədər yumşalmışıq, çünki artıq bu proses başladılıb. Ən azından ölkənin 15 faiz icra başçısı həbs olunub. Bu proses 1 ildən artıqdır davam edir və kampaniya xarakterli olmadığı görünür. Belə olan halda biz “korrupsiyaya qarşı mübarizə aparılmır” deməklə qərəzli, ədalətsiz olarıq, hətta hakimiyyəti həvəsdən sala bilərik. İndi biz müxalifətik deyə görülən işə “mız” qoymalıyıq? Qarabağ məsələsində həmişə mən də, Rəsul Quliyev də hakimiyyəti tənqid edirdik. İlham Əliyevdən qətiyyət, iradə, cəsarət tələb edirdik, səfərbərlik elan etməsini istəyirdik. İlham Əliyev nə etdi? Həmin qətiyyəti, cəsarəti bizim gözlədiyimizdən də artıq ortaya qoydu. Yəni Qarabağ məsələsində İlham Əliyevin yanında olmaq hər kəsin borcudur. Bizim partiyanın da mövqeyi belədir. Qarabağ məsələsində biz İlham Əliyevin əsgəriyik. İndi Rəsul Quliyev deməlidir ki, İlham Əliyev Şuşanı, Cəbrayılı, Hadrutu almaqla səhv edib? Rəsul Quliyevə qarşı bu kampaniyanı aparanlar isə AXCP və Müsavat Partiyasıdır.

- Sizi niyə sosial şəbəkədə “avtobus müxalifəti”, “cib müxalifəti” adlandırırlar?

-Bizi söyənlər Əli Kərimlinin komandasıdır. Əli Kərimli hər zaman özünü informasiyalı adam kimi aparır. Əgər biz hakimiyyətin layihəsi idiksə, təsis qurultayımızı AXCP-nin qərargahında niyə keçirirdik? Biz zamanında AXCP ilə müttəfiq olmuşuq.

-Sonra nə dəyişdi?

-Biz ilk yürüşümüzü Əli Kərimli ilə etmişik. 2016-cı ilin 11 sentyabrında Əli Kərimli “Məhsul” stadionunda Gələcək Azərbaycan Partiyasını salamlayıb. Biz Əli Kərimli ilə çox yaxın olmuşuq. Hətta o dərəcədə yaxın olmuşuq ki, məndən özəl xahişlərdə bulunub. 11 sentyabrdan sonra 17 sentyabr mitinqi olacaqdı. Əli Kərimliyə zəng etdim ki, GAP bu mitinqlərin daha geniş maştablı olmasını istəyir. 2 min nəfərlik kolonla “Məhsul” stadionuna gələ bilərik. Amma şərtimiz var. Şərtlərimiz odur ki, Rəsul Quliyevin adından partiyanın rəhbəri olaraq mən çıxış edəcəyəm. Dedi ki, qərar verilib ki, mitinqdə yalnız Milli Şuranın Koordinasiya Şurasının üzvləri çıxış etsin. İkinci şərtimiz belə oldu ki, GAP mitinqə öz bayraqları ilə gələcək. Ona da cavab verdi ki, mitinqdə qərar belədir, təkcə Azərbaycan bayraqları dalğalanacaq, heç AXCP bayrağı da olmayacaq. Son şərtimiz isə o idi ki, bizim kolonun qarşısında Rəsul Quliyevin portireti olacaq. Ona belə cavab verdi ki, razılıq belə olub ki, yalnız Rəsulzadənin portiretləri qaldırılsın. Bu, o deməkdir ki, gəl mənim mitinqimə adam gətir, ad mənim olsun, səni də istismar edim. Biz də mitinqə qatılmadıq. Biz 11 sentyabrda şərtsiz gəldik, amma davamlı şəkildə mən səni sevə bilmərəm, sən məni sevməsən. Həmin dövrdə də Rəsul Quliyev bir yazı yazmışdı, heç kimin də adı çəkilmirdi.

Yazıdan 21 gün sonra Cəmil Həsənli həmin yazıya cavab verərək Rəsul Quliyevi korrupsiyada ittiham etdi. Biz də Cəmil Həsənliyə sual verdik ki, o zaman sənin üzvü olduğun partiya niyə Rəsul Quliyevlə müttəfiq oldu? Siz bir korrupsionerlə hakimiyyətə gəlmək istəyirdiz? 2013-cu ildə Rəsul Quliyev kimi korrupsioner adlandırdığın adamın dəstəyinə niyə ehtiyacın var idi? Deməli, sən məqsədlərinə nail olmaqdan ötrü korrupsionerlə iş birliyinə getmisənsə, sabah da terrorçu ilə gedərsən. Ya bu adam korrupsioner deyil, sən bu adama şər atırsan, ya da ki, sən bir korrupsionerin qarşısında əyiləcək qədər cılız birisən. Bunlardan sonra bizim davamız başladı. Sonra Əli Kərimli mühafizəçilərindən bir neçəsini və köməkçisini bizim Mərkəzi İcra Aparatının rəhbərinin yanına yolladı. Xahiş etdi ki, atəşkəs elan edək, dayanaq. Biz dedik ki, baş üstə, dayandıq. Hətta etika xatirinə göstəriş verdim, müəyyən paylaşımları sildik. Siləndən sonra Əli Kərimli komanda verdi, mən o göstərişin skrinini oxumuşam, AXCP üzvləri yazdı ki, güya hakimiyyət gördü ki, təbliğat əks effekt verir, GAP-a göstəriş verdi ki, paylaşımları silin. İndi bunu çoxu bilmir, amma Əli Kərimli özü mənim yanıma elçi göndərmişdi axı. Əli Kərimlinin məsələsi odur ki, mənim yanımdasansa, istismarımdasansa, səndən güclü, əqidəli, güclü adam yoxdur, amma bir addım kənardasansa, satqınsan.

-Müsahibə üçün təşəkkür edirəm, Ağasif bəy.

-Çox sağ olun!

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 9791