hava haqqindaBakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0681
  • NEFT - 67.97
  • clouds-weather

Ali Baş Komandanın qətiyyətli “İsgəndər-M” mesajı: Azərbaycanın milli maraqlarının müdafiəsinə yönəlib - BİZİM TƏHLİL

Ali Baş Komandanın qətiyyətli “İsgəndər-M” mesajı: Azərbaycanın milli maraqlarının müdafiəsinə yönəlib - BİZİM TƏHLİL

Şuşa şəhərinə “İsgəndər-M” raketinin atılması ilə bağlı Azərbaycanın rəsmi müraciətinə Rusiya tərəfi dəqiq cavab verməkdən yayınıb.

Bu isə Rusiyanın həqiqətin üzə çıxmasında maraqlı olmadığını göstərir. Ona görə də “İsgəndər-M” raketlərinin Ermənistanın əlinə necə keçməsi və Azərbaycana qarşı istifadə olunması ilə bağlı sualların cavabları hələ də açıq qalır.

Əslində, Prezident İlham Əliyevin Azərbaycan Dövlət Televiziyasına müsahibəsində səsləndirdiyi fikirlər Rusiya Müdafiə Nazirliyinə ünvanlanan sualların cavabının kifayət qədər aydın olduğunu göstərir.

Sadəcə olaraq, Azərbaycan rəsmi Moskvanın baş vermiş faktı səmimi etiraf etməsini gözləyir. Əks təqdirdə, Azərbaycan dövləti özü gerçəkliyi yerli və beynəlxalq ictimaiyyətə açıqlamalı olacaq. O zaman çətin vəziyyətə düşən Ermənistandan daha çox Rusiya olacaq. Çünki Ermənistan “İsgəndər” raketlərinin istehsalçısı deyil. Rusiya isə bu raket komlekslərinin istehsalçısı olmaqla yanaşı, həm də yayılmamasına dair beynəlxalq öhdəlik götürüb. 1987-ci ildə SSRİ və ABŞ arasında imzalanmış "Yaxın və Ortamənzilli raketlər haqqında" müqavilənin ləğv edilməsinə dair sazişə görə Rusiya “İsgəndər-M” raketlərini başqa ölkəyə ixrac edə bilməz. Çünki “İsgəndər-M”-lər 500 km məsafəni vurmaq və nüvə başlığı daşımaq gücünə malikdir.

Doğrudur, 2019-cu ildə Rusiya və ABŞ həmin müqaviləni tərk edib. Co Bayden isə prezident seçildikdən sonra Rusiya ilə Strateji Hücum Silahlarının Ləğvinə dair 1991-ci ildə imzalanmış sazişi və Yaxın və Ortamənzilli raketlərin ləğvinə dair müqaviləni bərpa etmək niyyətindədir. Sözügedən sənədə əsasən, Rusiya “İsgəndər” raketlərinin yalnız 280 kilometr məsafəni vura bilən növünü ixrac edə bilər. Həmin raketlərin üzərində “eksport” mənasını verən “E” hərfi yazılır. “M” tipli sistemlər isə yalnız Rusiyanın öz ərazisindəki hərbi bazalarda saxlanılmalıdır. Şuşa yaxınlığında aşkar edilən raketin qalıqları üzərində də M 9723 yazılıb. Bu seriya nömrəsindən də onun “İsgəndər M” olduğunu təsdiqini tapır. Üstəlik, “İsgəndər-M” qurğularının üzərində iki raket, “E” qurğularında isə bir raket yerləşdirilir.

Azərbaycan ərazisinə “İsgəndər” atılmasını əks etdirən videogörüntüdə də erməni əsgərlərin bir qurğudan eyni vaxtda iki raket buraxıdığı aydın görünür. Bu da həmin sistemin “İsgəndər-M” olduğunu sübut edir. Şuşa şəhəri yaxınlığında bir-birindən 780 metr məsafədə iki ədəd “İsgəndər-M” raketinin qalıqlarının aşkar olunması Rusiyanı çıxılmaz fakt qarşısında qoyub. Ona görə də rəsmi Moskva inandırıcı görünə biləcək yalan tapmaqda belə çətinlik çəkir.

Çünki Azərbaycan tərəfinin təqdim etdiyi dəlillər Rusiyanın beynəlxalq imicinə ciddi zərbə vura bilər. Bir sözlə, Rusiya kimin və hansı vasitə ilə Ermənistana çatdırmasından asılı olmayaraq, özünü yalnız Azərbaycanın qarşısında deyil, bütün beynəlxalq ictimaiyyətin qarşısında etibardan salıb. Kremldə yaxşı anlayırlar ki, Ermənistanın əli ilə törədilən bu hərbi cinayət artıq dünya ölkələrini narahat etməyə başlayıb. “İsgəndər-M” raketlərinin Rusiya tərəfindən yaradılmış separatçı rejimlər tərəfindən növbəti gün Gürcüstana, Ukraynaya, Moldovaya, lap elə Kalininqraddan Litvaya, yaxud Polşaya atılmayacağına heç bir təminat yoxdur. Bu baxımdan, Rusiya çox ciddi səhvə yol verdiyinin fərqindədir. Lakin Azərbaycan tərəfinin müraciətini təkzib etmək və ya üstündən sükutla keçməklə məsələni unutdurmağa çalışır.

Halbuki Azərbaycana “İsgəndər-M” raketinin atılması beynəlxalq skandaldır. Ona görə də bu cinayətin gündəmdən çıxacağı inandırıcı görünmür. Azərbaycan Prezidenti də öz müsahibəsində məhz bu reallıqlara əsaslanaraq həqiqəti gizlətməyin mümkün olmadığını bir daha Rusiya tərəfinin nəzərinə çatdırıb. Dövlət başçısı İlham Əliyev bir qayda olaraq, istənilən məsələyə münasibətin bildirərkən Azərbaycanın milli maraqlarına, siyasi reallıqlara və hüququn aliliyi prinsipinə uyğun davranır.

Bu səbəbdən, Ali Baş Komandan İlham Əliyevin “İsgəndər-M” raketləri ilə bağlı qadırdığı məsələ ilk növbədə Azərbaycanın milli və dövlət maraqlarının müdafiəsi məqsədi daşıyır. Ölkə başçısı belə bir təhlükəli silahın ermənilərin əlinə keçməsi ilə bağlı faktları aprelin 13-də ADA Universitetində keçirilən beynəlxalq konfransda da qaldırmaqla bu hərbi cinayətin miqyasının digər xalqlar və dövlətlər üçün problem yaratdığını diqqətə çatdırdı. Təbii ki, Ermənistan bütün qonşu dövlətlərə ərazi iddiası irəli sürən terrorçu ölkədir və hər zaman belə qorxulu raketlərdən istifadə edəcəyi istisna olunmur. Gəncəyə, Bərdəyə, Mingəçevirə, Xızıya atılan ballistik raketlər bu təhlükənin real olduğunu sübut etdi. Əgər Ermənistan nüvə silahı daşıyan ballistik raket atırsa, deməli, daha qorxulu kütləvi qırğın silahları tətbiq edə bilər. İkinci Qarabağ Müharibəsində Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi Onik Qasparyanın Azərbaycan ərazisindən keçən neft və qaz kəmərlərini vurmaq təklifi ermənilərin öz məqsədlərinə çatmaq üçün dost və düşmən olmasına baxmayaraq, hamını və hər şeyi məhv etməyə hazır olduğunu göstərir.

Ancaq belə ağır silahları Ermənistan deyil, Rusiya istehsal edir. “İsgəndər-M” raketlərinin Ermənistana çatdırılmasına görə də Rusiya məsuliyyət daşıyır. Bu baxımdan, Rusiya Azərbaycanın təqdim etdiyi həqiqəti danmaq əvəzinə, bu kütləvi qırğın silahının Ermənistana ötürülməsində iştirak etmiş şəxsləri cinayət məsuliyyətinə cəlb etməklə üzərindəki bu ləkəni silə bilər. Lakin “İsgəndər-M”-lə bağlı faktları ört-basdır etməklə Rusiya rəhbərliyi özünü daha çətin duruma saldı. Azərbaycan Şuşaya atılan raketin məhz “İsgəndər-M” olduğunu sübut edən kifayət qədər dəlillərə malikdir və bunu Prezident İlham Əliyev bir daha rəsmi Moskvanın nəzərinə çatdırıb.

“Cavabda göstərilmişdir ki, Rusiya tərəfi ballistik raketlərin buraxılmasını müəyyən etməmişdir. Bu, əslində, bizim məktubumuza olan tam cavab deyil. Çünki bizim məktubumuzda əsas sual ondan ibarət idi ki, ixrac üçün qadağan edilən və ölümcül “İsgəndər-M” raketləri Ermənistanın əlinə necə düşüb? Axı, bu, mümkün deyil. Bunun iki yolu var: ya qaçaqmalçılıq yolu ilə, ya da ki, beynəlxalq normaları, qaydaları pozmaq yolu ilə. Çünki Ermənistan ordusunda ancaq “İsgəndər-E”, yəni ekspert - ixrac variantı ola bilər. Onların arasında böyük fərq var. “İsgəndər-E” raketlərinin atəş məsafəsi 280 kilometrdir. “İsgəndər-M” raketləri daha uzaqmənzilli raketlərdir. Burada məsafə 500 kilometrdir. Yəni, Ermənistan ordusunda “İsgəndər-M” raketləri ola bilməzdi. Bunun ancaq iki yolu var. Başqa yolu ola bilməz. Çünki heç bir başqa ölkədə bu raketlər yoxdur. Bax, bu suala bizə cavab verilməlidir. Biz bu cavabı gözləyirik, Azərbaycan xalqı gözləyir. Biz bir çox məsələləri özümüz üçün aydın etmişik. Biz bilirik bu raketlər nə vaxt və nə üçün atılıb. Ancaq bizə rəsmi cavab verilməlidir, bu raketləri bizə atan Ermənistandan və Rusiyadan. Bu raket sistemləri ya Ermənistana verilib, yaxud da ki, qanunsuz yollarla Rusiyadan oğurlanaraq çıxarılıb. Bu suallara cavab yoxdur. Əlbəttə ki, bu, xoşagələn vəziyyət deyil. Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq əlaqələri var. Rusiya sülhməramlı qüvvələri Azərbaycanın razılığı ilə bizim torpağımıza - Qarabağa, Xankəndiyə və ətraf yerlərə gətiriliblər. Biz hesab edirdik ki, bu yeni əməkdaşlıq formatı bizim əlaqələrimizi möhkəmləndirəcək. Əslində, möhkəmləndirməlidir.

Ancaq “İsgəndər-M” raketlərinin Şuşa şəhərində tapılması və bu məsələ ilə bağlı bu günə qədər bizə tam cavabın verilməməsi, əlbəttə ki, Azərbaycan xalqında və Azərbaycan rəhbərliyində haqlı olaraq təəssüf və təəccüb hissi oyadır. Biz ümid edirik ki, bu məsələyə aydınlıq gətiriləcək. Strateji tərəfdaşlar arasında münasibətlər səmimi olmalıdır. Azərbaycan bütün strateji tərəfdaşlarla həmişə səmimi olub, həmişə öz sözünün üstündə durmuşdur, öz sözünü yerinə yetirmişdir. Üçtərəfli Bəyanat da Azərbaycan tərəfindən tam icra edilib. Biz ümid edirik ki, “İsgəndər-M” raketləri ilə bağlı məsələyə aydınlıq gətiriləcək. Çünki onlar Qənimətlər Parkında nümayiş etdirilir. Bunu inkar etmək, sadəcə olaraq, mümkün deyil. Hər halda, biz öz prinsipial mövqeyimizi bundan sonra da nümayiş etdirəcəyik”, - dövlət başçısı belə deyib.

Ona görə də Rusiya rəsmiləri həqiqəti etiraf etməyə məcburdur. Çünki İkinci Qarabağ Müharibəsi də təsdiqlədi ki, Azərbaycan Prezidenti milli və dövlətçilik maraqları məsələsində kifayətə qədər prinsipiallıq nümayiş etdirir. “İsgəndər” qalmaqalı da Azərbaycanın milli təhlükəsizliyi üçün ciddi təhdiddir. Strateji əhəmiyyətli bu məsələdə də Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeni bütün dünya görür. Prezidentin Azərbaycana qarşı “İsgəndər-M” cinayətini törətmiş bütün qüvvələrə mesajı yetərincə açıqdır: “Əməlinizi etiraf edin. Biz açıqlasaq, bütün dünyanın qarşısında daha çıxılmaz duruma düşəcəksiniz”.

İstər Rusiya, istərsə də Ermənistan üçün düşdükləri rüsvayçılıqdan xilas olmağın yolu Azərbaycan Prezidentinin çağırışına əməl etməkdir. Onlar öz günahını etiraf edib, peşman olduqlarını bildirməli, Azərbaycandan üzr istəməlidir.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 4181