hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0516
  • NEFT - 54.77
  • clouds-weather

Allahverdi Bağırovun bacısı: “Nə qədər xocalılı yaşayırsa, qardaşım da onlarla yaşayır”

Allahverdi Bağırovun bacısı: “Nə qədər xocalılı yaşayırsa, qardaşım da onlarla yaşayır”

Noyabrın 20-də Ağdam rayonu uzun illik işğaldan azad edildi və Azərbaycana qovuşdu.

Bu azadlıq həm də canı-qanı bahasına hesabına torpaq uğrunda vuruşan əfsanəvi komandirin – şəhid Milli Qəhrəman, AXC-nin rayon təşkilatının sədri, Ağdam batalyonunun komandiri, "Qarabağ" futbol klubunun sabiq futbolçusu və baş məşqçisi Allahverdi Bağırovun məzarının azadlığı idi.

İllər sonra əsirlikdən can qurtaran Ağdam da, onun uğrunda şəhid olan komandirin də məzarı vətən övladlarının əli ilə rahatlıq tapdı. A.Bağırovun Ağdamdakı məzarı səliyəqə salındı, üzərinə Azərbaycan bayrağı sərildi, zabit qızları tərəfindən ziyarət olundu. İndi komandirimiz məzarında, azad və doğma torpağında rahat uyuyacaq.

“Maşının qapısından sallandım ki…”

Eldar və Allahverdi Bağırovların bacısı Almaz Bağırova Cebhe.info əməkdaşı ilə söhbətinə hələ məzarı ziyarət etmədiyini deyərək, dərin təəssüf hissi ilə başlayıb:

"Mən xəstəydim deyə aparmamışdılar, amma gedəcəyəm. Şükür olsun ki, heç olmasa, qəbrini tapdıq. Məndən ötrü illər keçməyib, o gün bu gündür. Allahverdi ilə dünyamız qaraldı. Həmin gün hücum əmri vermişdilər. Çox axtardım. Gecə yuxuda görmüşdüm, Allahverdiyə qurban kəsəcəkdim. Hər yerə getdim - cəbhəyə, batalyona, tapa bilmədim, dedilər İcra Hakimiyyətindədir, orada da tapa bilmədim... Gördüklərimə dedim ki, deyin, bacın Almaz səni axtarır. Haradasa saat 2-yə qalmışdı, o biri qardaşım, polis Əmir Bağırov gəldi. Dedi ki, Almaz, hücum əmri veriblər, mən də döyüşə gedirəm, polislər də gedir. O gedəndən bir qədər sonra Allahverdi yanında da bir neçə nəfərlə gəldi. Dedi ki, biz hücuma keçirik, buraları bombalayacaqlar, çıx. Dedim, mən getmirəm, burada qalacağam. Dedi, Almaz, Eldarın da, mənim uşağımı da yığ bir yerə, uşaqlarımızdan muğayat ol. İlk dəfə onda maşına tərəf qaçdım, maşının qapısından tutub sallandım. Dedim, ya məni də aparacaqsan, ya da səni buraxmayacağam. Dedi “Yox”, əlimi maşından araladı, bərk sürdü getdi. Axırıncı gördüyüm elə o oldu..."

“Allahverdidən sonra sayılmaz olduq”

Almaz Bağırova sonrakı hadisələri belə təsvir edib:

"Bərk atırdılar. Ağcabədiyə getdim, uşaqlar orada idi, amma bütün yolboyu ağladım. Gecə işıqlar sönmüşdü, həyətdə oturmuşduq. Gəldilər ki, bəs Allahverdi yaralanıb, qayınatası ilə gətiriblər. Getdik gördük ki… Dünyamız dağılıb... Gecə ilə onu götürüb evimizə gəldik, nə gəldik... Günorta gəldilər ki, Bakıya aparaq. Allahverdi həmişə deyirdi ki, Bakıda nəfəs ala bilmirəm, Ağdam torpağını çox sevirdi. Ona görə də dedim, yox, burada qalsın. Ağdamda dəfn elədilər. Qəbrinin üstü götürülməmişdi, beton idi. Elə orada da qaldı.

Allahverdidən sonra zəlil olmaq, bədbəxt olmaq nə deməkdir... Allahverdidən sonra sayılmaz olduq, axtarılmaz olduq, qiymətsiz olduq. Demədilər bir dəstə körpə ilə 2 gəlindir, 1 qızdır... O ki deyərlər ha, maşın tapdaladı, yox, bizi maşın tapdalamadı, tank tapdaladı, heç kim tərəfindən axtarılmadıq. Bu, məni öldürdü, bu, mənim həyatımı zəhərə döndərdi".

" Allahverdi siyasət adamı deyildi "

Almaz Bağırova deyir ki, qardaşlarının qətiyyən yalan danışmamaq xüsusiyyəti olub:

"Niyə Eldara qiymət verilmədi? Niyə bilmədilər ki, kim hücum edib? Axı hamısı işin içində idilər. İndi bayraqdan elə adamlar xeyir görür ki.... Arvadının qeyrətin çəkə bilməyənlər deyir, bayrağı mən taxdım. Sən kim idin onda? Rus polkovnikləri ilə Eldar sinə-sinəyə gəlmişdi. Camaat yatanda postlara çıxmışdılar. Eldar dünyadan gedənə qədər Ağdamın bir kəndi alınmamışdı. Onun ardınca Allahverdi. Allahverdi siyasət adamı deyildi. Bir bədbəxtlikləri vardı, yalan danışmırdılar. Hamını özləri kimi bilirdilər. Heç bir qiymət verilmədi. Guya kim axtardı? İndi son vaxtlar sağ olsunlar bu cavanlar nələrsə edir. Şəkillərini vururlar, köynəklərini çıxarırlar ("İmarət" Azad Azarkeş qrupunü nəzərdə tutur-red.). O gənclərə qurban olum. O gənclər hər yerdə Allahverdi Bağırovun adını qaldırırlar".

“Eldarın məzarı itdi”

Həmsöhbətimiz bildirib ki, digər qardaşı Eldar Bağırovun məzarı tamamilə dağılıb:

"Eldarın qəbri ata- anamın yanında idi, itdi, getdi, indi şumlayıblar. Bu idimi əziyyətinin, yuxusuz gecələrinin müqabili?! Bir şəhid adı vermədilər. Zəhməti batdı, getdi. Onda bir bacı necə olar? Min dəfə öldüm. Dünya tarixində Allahverdi kimi oğul vardımı? Eldarla Ağdamın lampası söndü, ona qiymət vermədilər. Axı Eldar hamınızdan çox əziyyət çəkmişdi. Şükür Rzayevi (Hüquqşünas, dövlət xadimi, ədliyyə general-mayoru. 1982-1986-cı illərdə Azərbaycan SSR-in nəqliyyat prokuroru-red.) o vaxt ermənilər Xankəndində əsir götürmüşdülər. Hökumət ala bilmədi, onu Eldar aldı. Bir dəfə Bakı Şəhər İcra Hakimiyyətində qarşılaşdıq. Dedilər, bilirsən, bu kimdir? Eldar Bağırovun, Allahverdi Bağırovun bacısıdır. Dedim, sən bu gün yaşamağını Eldara borclusan. Səni erməninin əlindən Eldar almışdı. Axtarmadılar. Bir "İstiqlal” ordeni verərdilər. Ağdam Xalq Cəbhəsi Eldar üçün birinci idi. Bilmirdilər Eldar kimdir? Şuşaya, Kəlbəcərə keçəni erməni əsir alırdı, hamısını Eldar azad edirdi. Erməniləri əsir götürüb dəyişdirirdi. İndi elə bil ki, heç birinə heç nə olmayıb. Nə qədər xocalılı yaşayırsa, Allahverdi Bağırov da onlarla yaşayır”.

Hər 3 qardaşını itirən Almaz xanım özünü günahkar hesab edir:

"Ağlamaqdan başqa mən bu illər ərzində nə etmişəm ki? Əmir də döyüşürdü. Hansına Qarabağ veteranı adı verdilər? Vermədilər. 12 ildir rəhmətə gedib. Həkim dedi, ürəyi şişib, nə boyda olub. Dözə bilmədi o da. 3 qardaşdan biri qalmadı... Haradasız? (Qardaşlarına müraciətlə) Şəkillərlə danışan bacı olmuşam. Pis bəndə olmuşam..."

Naibə Məmmədova
Cebhe.info


Oxunma sayı: 18041

Bizim Telegram səhifəmizi izləyin