hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

AMEA-da koronavirusa qarşı peyvənd hazırlanmır: ”O qədər də asan iş deyil”-İNSTİTUT DİREKTORU

AMEA-da koronavirusa qarşı peyvənd hazırlanmır: ”O qədər də asan iş deyil”-İNSTİTUT DİREKTORU

Türkiyəli alim Uğur Şahin koronavirusa qarşı daha uzun müddət təsirini saxlayan vaksinin hazırlanmasına başlanıldığını bəyan edib. Bundan əvvəl isə Qazaxıstanda alimlər peyvənd hazırlığına başladıqlarını deyiblər. Rusiya, Çin, ABŞ mütəxəssislərinin hazırladıqları peyvənd isə artıq istifadə olunur.

Bir müddət əvvəl Azərbaycanda da COVID-19-a qarşı vaksinin hazırlanacağı ilə bağlı iddialar səsləndirildi.

Bəs Azərbaycanda bu sahədə indiyədək hansı işlər görülüb?

Cebhe.info-ya bu barədə danışan Azərbaycan Milli Elmlər Akademiyası Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru İradə Hüseynovanın sözlərinə görə, Azərbaycanda vaksin hazırlanması üçün lazım olan infrastruktur hələlik yoxdur.

“Azərbaycandan kənarda azərbaycanlı alimlər vaksin hazırlayırlar. Belə ki, AMEA müxbir üzvü professor Tərlan Məmmədov Türkiyənin Akdeniz Universitetində, professor Vidadi Yusifov Amerikada İndiana Universitetində COVID-19-a qarşı vaksin hazırlanmasında iştirak edir.

Alimlərimiz həm adını çəkdiyim universitetlərdə işləyirlər, həm də bu sahə üzrə araşdırmalar aparırlar. Hazırda vaksin hazırlanması üçün lazımı kadrlarımız hazırlanıb və müəyyən infrastruktur qurulacaq. Yəqin ki, gələcək üçün bu işlər Azərbaycanda da həyata keçiriləcək.

Ümumiyyətlə, dünya üzrə rəsmi beş vaksin təklif olunub. Biz vaksin hazırlayan təşkilatlarla əlaqə qurmağa çalışırıq. Vaksin hazırlamaq o qədər də asan iş deyil”.

Xatırladaq ki, Türkiyənin Akdeniz Universitesində fəaliyyət göstərən azərbaycanlı professor, AMEA-nın müxbir üzvü Tərlan Məmmədov və onun rəhbərlik etdiyi tədqiqatçılar qrupu tərəfindən COVID-19-a qarşı sprey formasında dərman və peyvənd hazırlanıb. T.Məmmədov maliyyə mənbələri tapılarsa, dərmanı 4 ay ərzində bazara çıxara biləcəklərini vurğulayıb.

Əbülfət Baxşəli
Cebhe.info


Oxunma sayı: 1882