hava haqqindaBakı
Bu gün +34 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0259
  • EURO - 1.8816
  • NEFT - 57.98
  • clouds-weather

Amerikalı professor övladlarına Azərbaycan haqda nələr danışıb?

Amerikalı professor övladlarına Azərbaycan haqda nələr danışıb?

Azərbaycanda çalışan amerikalı müəllim, professor Jozef Daubenmirenin Unikal.org-a müsahibəsini təqdim edirik:

- Cənab Professor, Azərbaycanla nə vaxtdan tanış olmağa başlamısız?

-   Azərbaycana səfər etmək, oranın insanları ilə tanış olmaq arzum olub. İlk dəfə Azərbaycana təxminən 1 il əvvəl gəlmişdim. Həyat yoldaşım və mən Turkiyədə konfransda iştirak etdik. Orda müəyyən qədər din və mədəniyyətlə maraqlandım. Mübaliğəsiz deyirəm ki, həmin xalqın və insanlarının vurğunu oldum. 

Bir neçə il əvvəl Amerikada çalışdığım təhsil müəssisəsindən təqaüdə çıxdım. Sonra babalarımın vətəni olan Almaniyaya köçdüm. Resursların inkişafı və şəhərsalma üzrə doktorluq, eyni zamanda, “İngilis dili Xarici dil kimi” magistr dərəcəm var. Burada türk miqrantlara dərs dedim. 
Və nəhayət, 1 il əvvəl, 3 günlük həyat yoldaşımla birgə Azərbaycana gəldim və bura oldquca xoşumuza gəldi. Elə alındı ki, Bakıda yaşamaq və işləmək imkanı yarandı. Həyat yoldaşım da bu ideyanın bizim üçün uyğun olacağını bildirdi. 2018-ci il avqustun axırı hər şey yeni semestrlə birlikdə başladı və budur, biz artıq burdayıq.

-  Ölkəmiz haqqında ilk təəssüratınız nə idi?

- Azərbaycanda qalmaq fikrini qətiləşdirməzdən əvvəl mən xalqın, ölkənin tarixi və hazırkı vəziyyəti haqqında maraqlandım, bir sıra ədəbiyyatları nəzərdən keçirdim. Bakıya gələndə isə aeroportdan şəhərin mərkəzinə qədər olan gözəl arxitektura, memarlıq üslubu məni çox təsirləndirdi. İnsanların alicənablığı, mehribanlığı və səxavətliliyi isə vurğunluğumu bir qədər də artırdı və bu hisslər məni Azərbaycanda yaşamağa və işləməyə sövq etdi.

-    Qərarınıza yaxınlarınızın münasibəti necə oldu ?

- Bizim 4 övladımız və 8 nəvəmiz var. Övladlarımız öz həyatlarını yaşayırlar. Onlar təhlükəsizlik bağlı bir neçə sual vermişdilər. Bu, normaldır. Mən onlara əminliklə bildirdim ki, Azərbaycan çox təhlükəsiz bir ölkədir və onlar mənə inandılar. Mən indi də onlara Bakı, buranın ecazkar tarixi, müasirliyi barədə danışıram. Və indi onlar da artıq rahatdılar və xoşbəxtdirlər ki, Bakıda, bu rahat, gözəl şəhərdə bizim yaşamaq və işləmək imkanımız var. 

-  Dağlıq Qarabağ münaqişəsi barəsində nə düşünürsüz? Və ümumilikdə Amerika cəmiyyəti bu münaqişə barəsində nə dərəcədə məlumatlıdır? Bizim üçün çox maraqlıdır, Amerikalılar bu məsələ barəsində nə düşünürlər?

- Mən əminəm ki, Amerikalıların çoxu bu vəziyyət haqqında çox az məlumatlıdırlar. Baxmayaraq ki, bu münaqişə uzun illərdir davam edir. Bilirəm ki, çox sayda insan bu münaqişədən əziyyət çəkir, 1 milyona qədər azərbaycanlı öz dədə-baba yurdlarından didərgin düşüb. Bu, çox acınacaqlı haldır. Hesab edirəm ki, Ermənistan-Azərbaycan arasında olan Dağlıq Qarabağ münaqişəsinin həlli NATO-nun tərəfdaşlığında olan bütün dövlətlərin maraqlarına cavab verir. Və təbii ki, münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həlli vacibdir. 

- Azərbaycanın hansısa bölgələrində olmusunuzmu?

- Sentyabrda bura gəlmişəm. Semestr bitən kimi Naxçıvanda olmaq istəyərdim. Qubada səfərdə olmuşam. İnanılmaz dərəcədə gözəl rayondur. Sizin ölkənizin coğrafiyası və mədəniyyəti haqqında daha çox şeylər öyrənməyi səbirsizliklə gözləyirəm.


-   Yəqin ki, Azərbaycan mətbəxi ilə yetərincə tanışsınız artıq.

-   Açığı deyim, heç vaxt nizamlı qidalanmamışam, lakin burada əksinə. 
Biz bəzi maraqlı yeməklər bişiririk. Həftədə bir və ya iki dəfə Azərbaycan mətbəxi nə aid olan yemək yeyirik və heç vaxt məyus olmuruq (gülür-red.).

- Azərbaycanda yaşamaq həyat tərzinizə təsir etdimi?

-  Son 3 il ərzində Almaniyada işimlə məşğul idim. Demək olar ki, fasiləsiz olaraq hər gün səyahət edirdim. Qərbi Kaspi Universitetinə gələn zaman qərara aldım ki, bir qədər fasilə verəm və bu dəyişiklik mənim üçün çox xoş oldu. İndi başqa sahələrlə məşğul olmaq üçün yetərincə vaxtım var. 

-  Artıq siz akademik fəaliyyətlə məşğulsunuz…

- Elədir. Mən hər gün 80 dəqiqə dərs keçirəm. Bu, çox xoşdur. Lazım olduqca bəzi inzibati işlərə də qoşuluram.

- Bizim tələbələr xarici müəllimə nə dərəcədə maraq göstərirlər? Dərsdən əlavə hansısa məsələlərlə maraqlanırlarmı, məsələn, Amerika mədəniyyəti, ənənələri və həyat tərzi?

- Tələbələr çox hörmətcil və diqqətcildirlər. Açığı, mən onlarla Amerika həyat tərzi və mədəniyyəti haqqında o qədər də çox danışmıram, biz daha çox öz sahəmizin problemlərini müzakirə edirik. Qərbi Kaspi Universitetində keyfiyyətli təhsil üçün, müasir dövrün innovasiyaları ilə tanış olmaq üçün hər cür şərait var – həm universitetin mütəxəssis, kadr potensialı, həm infrastruktur, maddi-texniki baza, həm də mühit tələbəni öyrənməyə təşviq edir. Tələbələr də, hesab edirəm ki, bu imkanlardan lazımınca istifadə edirlər.

- Əgər səhv etmiriksə, siz Qərbi Kaspi Universitetində çalışan yeganə xarici müəllim deyilsiz. Vaxtınızın çoxunu xaricilərlə yoxsa Azərbaycanlı müəllimlərlə keçirirsiz? Universitetin əməkdaşları ilə qaynayıb-qarışa bilmisinizmi?

- Bəli, bizdə xaricdən olan mütəxəssislər də çalışır. Həqiqətən bizim müəllim kollektivini yüksək qiymətləndirirəm, lakin biz hamımız məşğuluq və adətən səhər qarşılaşarkən və ya auditoriyalarda görüşürük. Aylar keçdikcə bu böyük müəllim kollektivi ilə tanış oluram. Hər bir fərd ilə tanışlıq mənim üçün xoşdur. Məmnunam ki, belə həmkarlarla birlikdə işləyirəm. Digər tərəfdən də, mən 40 ildən çoxdur ki, evliyəm və düzünü desəm, vaxtımın çoxunu mənim yaxın dostum olan – həyat yoldaşım Sandy Wu ilə birlikdə keçirirəm.

- Amerikaya geri qayıdanda, şübhəsiz ki, Azərbaycanla bağlı çoxlu suallarla qarşılaşacaqsınız. Ölkəmizi necə təsvir edəcəksiniz?

- Azərbaycana gələndən bəri Amerikaya səfər etməmişəm deyə hələ ki, bu suallarla qarşılaşmamışam. Burda olmaqdan çox xoşbəxtəm. Ölkəniz və insanlarınız çox gözəldir. Bunları mütləq deməliyəm. Azərbaycanda dili yaxşı öyrənəcəyimə və burda keçirdiyim günlərin yaddaşımda uzun müddət qalacağına ümidim var.

-    Dostlarınız üçün nə alacaqsınız?

-    Yəqin ki, şirniyyatlar. Onlara burda görməli yerlərin şəkillərini və bir neçə dəfə ölkənizə məxsus xüsusi qida məhsullarını göndərmişəm. Qızım Londonda yaşayır və keçən həftə mən ona ölkənizə məxsus paxlava şirniyyatını göndərdim. Və o, bu şirniyyatı çox bəyəndi. 

-  Cənab Professor, son olaraq gənclərə məsləhətlərinizi eşitmək istərdik.

-  Mən Heydər Əliyevin kəlamlarından ibarət “Hikmətli sözlər”  toplusunu oxuyuram. Onun adını ölkənizdə böyük ehtiramla çəkirlər. Onun gənclərə verdiyi tövsiyələri də olduqca dəyərli hesab edirəm. İlk növbədə, bu kitabı oxumayan hər kəsə bu kitabı oxumağı tövsiyə edirəm. 

Gənclərə məsləhətim odur ki, öz istəklərinizi həyata keçirmək üçün tələsməyin. Yaradanımız xeyirxah və mərhəmətlidir. Əgər biz öz mənəviyyatımızı qoruyub irəliyə doğru dürüst və mətin addımlarla getsək, o, bizə hər zaman yardımçı olacaq. Bundan əlavə, hər gün daha da çox çalışın və hər gün edəcəklərinizin daha da yaxşısını etməyə nail olun. Çalışın, bu yolda büdrəməyin. Əksinə, seçdiyiniz yolda olan çətinliklərə hər zaman qalib gəlməyə özünüzdə güc tapın.

Seçdiyiniz yolda kifayət qədər əyləncələrin də olduğuna əmin olun. Bir neçə klublara qoşulun və sosial ünsiyyətdən həzz alın. Yaxşı dostlar qazanın. Tez-tez ürəkdən gülün. Valideynlərinizin fəxri olun. Siz təkcə bu yolu uğurla başa vursanız, ömrünüzün sonuna kimi hər çətinliyin qarşısında durmağı bacaracaqsınız. Cəsarətsiz olmayın. Gələcək parlaqdır. Hər gün yeni bir başlanğıcdır.

Cebhe.info


Oxunma sayı: 1893