t Amerikanın sıxışdırdığı Əsəd və Ərdoğan barışacaqlarmı? – ŞƏRH
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0275
  • EURO - 1.8840
  • NEFT - 62.65
  • clouds-weather

Amerikanın sıxışdırdığı Əsəd və Ərdoğan barışacaqlarmı? – ŞƏRH

Amerikanın sıxışdırdığı Əsəd və Ərdoğan barışacaqlarmı? – ŞƏRH

Dünən Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan Moskvada Suriya kəşfiyyatının rəhbəri, general-mayor Əli Məmlüklə görüşüb.

Görüş zamanı İdlibdə atəşkəs və YPG terror təşkilatına qarşı mübarizədə əməkdaşlıq məsələləri müzakirə olunub.

Cebhe.info-ya açıqlamasında politoloq Vüqar Zifəroğlu bu danışıqların hazırkı vəziyyəti nəzərə alaraq bölgədəki gərginliyi yumşaltmaq xarakteri daşıdığını deyib:

“Söhbət Suriyada baş verən konfliktlərin həll olunmasına yönəlik addımların atılmasından gedir. Bu istiqamətdə müxtəlif formatlarda dialoqların təşkil edilməsi təbiidir. Rusiyanın da Türkiyə ilə Suriya arasında vasitəçilik edəcəyi gözləniləndir. Əsasən də Suriya böhranına dair Astana formatının yaranması Türkiyə və Rusiya maraqları baxımından qarşıya qoyduğu məqsədlərə çata bildi. Ən azı bugünkü Suriyada biz şiddətli qarşıdurmaların və döyüşlərin getməsinin şahidi olmuruq. Ümumiyyətlə, konfliktdə iştirak edən tərəflər özləri üçün müəyyən bir cizgilər formalaşdırıblar. Hazırda o cizgilərə də əməl edirlər. Amma həll olunmamış məqamlar da qalmaqdadır. Bunlardan biri də Türkiyənin təhlükəsizliyini təhdid edən terror qruplaşmalarıdır. 

Söhbət PKK-nın Suriya qolu olan PYD və YPG-dən gedir. Eyni zamanda da bölgədə mövcud olan İŞİD təhlükəsinin hələ də tam sovuşmamasıdır. Hazırda Türkiyənin Əsəd rejiminə münasibəti də 4-5 il əvvəlki münasibət deyil. Yəni əvvəllər Türkiyə Əsəd rejiminə qarşı daha sərt çıxış edirdi. Yəni Türkiyə birmənalı şəkildə Suriyada baş verənlərin kökündə Əsəd rejiminin olduğunu bəyan edirdi. Amma son 1-2 ildə bu münasibətlərin yumşalmasının və loyallaşmasının şahidi oluruq. Bu, o demək deyil ki, Türkiyənin Əsəd rejiminə münasibəti dəyişib. Ancaq mövcud reallıqlar onu tələb edir ki, bu gün Suriyada proseslərin müəyyən axara düşməsi üçün danışıqlara getmək lazımdır. Bu danışıqlar da milli maraqlara cavab verirsə, niyə də olmasın. Biz artıq dialoqların hərbi və təhlükəsizlik strukturları formatında başlamasının şahidi oluruq. Burada da məqsəd vahid mərkəzdən çıxış etmək və terror yuvalarına zərbə endirməklə hər iki tərəfin maraqlarını qorumaq, uzlaşdırmaqdır.

Qeyd edim ki, bir müddət əvvəl PYD/YPG terror qruplaşmaları İŞİD terrorçularını sərbəst buraxıb. Bu onu göstərir ki, Amerika yüksək dərəcədə İrana və Rusiyaya qarşı bölgədə mövcud vəziyyəti daha da qızışdırmağa çalışır. Qasım Süleymaninin öldürülməsindən sonra bu daha da aydın göründü. Artıq belə bir gedişat Türkiyə ilə Əsəd rejimini məcbur edir ki, hansısa bir formada dialoqlara getsinlər. Çünki bölgədə çoxlu terror qruplaşmaları var ki, bunlara qarşı da bir dövlətin təkbaşına mübarizə aparması çox çətindir. Bu mənada müəyyən qədər əməkdaşlığa getmək normaldır. Türkiyənin Əsəd rejiminə qarşı mövqeyi dəyişməsə də, bölgədəki vəziyyəti nəzərə alaraq vəziyyəti yumşaltmaq istiqamətində danışıqlar aparılacaq”.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 903