hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0228
  • EURO - 2.0641
  • NEFT - 56.02
  • clouds-weather

Ankara üzünü Avropaya çevirir: Ərdoğan Türkiyəsi AB-yə buraxılacaq?

Ankara  üzünü Avropaya çevirir: Ərdoğan Türkiyəsi AB-yə buraxılacaq?

Türkiyənin Avropa Birliyinə üzvlüyü məsələsi yenidən gündəmə gəlib.

Hətta hər iki tərəf üçün qapanmış hesab edilən bu məsələnin rəsmi Ankaranın təşəbbüsü ilə müzakirəyə çıxarılması maraq doğurur. Avropa Birliyinin bu məsələ dair dəqiq mövqeyini hələ bəyan etməyib. Ancaq son günlər Avropa Birliyinə üzvlüklə bağlı Türkiyə hakimiyyətindən davamlı mesajlar gəlməkdədir. Halbuki, AKP iqtidarı dəfələrlə Türkiyənin buna ehtiyacı olmadığını və üzvlük məsələsinə bir daha qayıtmaq niyyətində olmadığını bildirib.

İndi Ankaradan gələn açıqlamalar Türkiyənin ilk növbədə, Avropa siyasətində dəyişiklikdən xəbər verir. Ancaq siyasi müşahidəçilər hesab edir ki, sözügedən təklif Türkiyənin daha geniş strateji maraqlarına hesablanıb.

“Brexitdən sonra yaranan qeyri-müəyyənliyi Türkiyənin Avropa ailəsində layiq olduğu yeri tutması ilə aradan qaldırmaq mümkün olacaq”-Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan belə deyib.

“Son illərdə hava məkanı pozuntularını və xüsusən də, hərbi statusu olan adalardakı qanunsuz fəaliyyətlərini artıran Yunanıstanı getdikcə böyüyən fəaliyyətlərindən imtina etməyə dəvət edirik. İnanıram ki, qonşumuz Yunanıstanla yanvarın 25-də başlayacaq danışıqlar yeni bir dövrün xəbərçisi olacaq. Avropa Birliyi 2004-cü ildə Kipr məsələsinin həllinə “yox” Yunan Kiprini tam üzvlüyə layiq görsə də, referenduma “hə” Türk Kipri qarşısında götürdüyü öhdəliklərini unudub. Avropa Birliyinin bu öhdəlikləri yerinə yetirməsini gözləyirik. Vəziyyət belədirsə, Avropa Birliyi Kipr məsələsinin həllində necə asanlaşdırıcı rol oynaya bilər?”, - Türkiyə lideri bildirib.

Ərdoğan hesab edir ki, Türkiyənin AB tərəfindən tam üzvlüyə qəbulu birliyin gələcəyi üçün ontoloji seçim olacaq: “Brexitdən sonra yaranan qeyri-müəyyənliyi Türkiyənin Avropa ailəsində layiq olduğu yeri tutması ilə aradan qaldırmaq mümkün olacaq”.

Qeyd edək ki, prezident Ərdoğan yanvarın 9-da Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen ilə keçirdiyi videokonfransda Türkiyənin Avropa Birliyinə üzvlüyə qəbul olunması istiqamətində addımlar atılmasının vacibliyini müzakirə edib. Rəcəb Tayyib Ərdoğan həmçinin Türkiyə vətəndaşlarının Avropa Birliyi ərazisinə vizasız gediş-gəlişinin təmin olunmasını da təklif edib. Dövlət başçısı Türkiyənin gələcəyini Avropanın tərkibində gördüyünü açıqlayıb.

Cənab Ərdoğan üzvlük məsələlərinin müzakirəsinə dair Türkiyə və Avropa Birliyi arasında danışıqların bərpa olunmasının vacibliyini deyib. Qeyd edək ki, 2017-ci il iyulun 7-də Avropa Parlamenti Türkiyənin AB-ə üzvlüyü ilə bağlı danışıqların dayandırılması barədə qərar qəbul edib. Buna səbəb kimi 2017-ci il aprelin 16-da keçirilmiş konstitusiya referendumunun qüvvəyə minməsi göstərilir. Əslində isə Türkiyə ilə AB arasındakı danışıqlar 2005-ci ildən dayanmışdı. AKP iqtidarı rəsmi Brüsseli qeyri-səmimilikdə və Türkiyənin Avropa Birliyinə qoşulmasına maraqlı olmamaqda ittiham edirdi. Türkiyəli ekspertlərin bu məsələyə yanaşması müxtəlifdir.

Ayhan Kaya hesab edir ki, rəsmi Ankaranın Avropa Birliyinə marağının artması Türkiyənin son zamanlar beynəlxalq münasibətlər sistemində getdikcə təklənməsi ilə bağlıdır. Ona görə də qlobal proseslərdə fəal yer almaq istəyən Türkiyə özünə daha güclü müttəfiqlər axtarmağa başlayır. Digər səbəb Rusiya amili ilə bağlıdır. Türkiyə artıq Rusiya ilə birlikdə davam edə bilməyəcəyinin fərqindədir. Yəni Türkiyə hakimiyyətimnin Qərblə yaxınlaşması onun Rusiya ilə yollarını ayırmaq qərarından xəbər verir.

Üçüncü ehtimal kimi Türkiyənin ABŞ-da Bayden administrasiyası ilə yaxınlaşmaq niyyəti göstərilir. Belə ki, Co Baydenin prezidentliyi dönəmində ABŞ-ın Avropa Birliyi ilə yaxınlaşacağı gözlənilir. Bu baxımdan, Türkiyənin Avrointeqrasiya siyasətinə üstünlük verməsi paralel olaraq, Bayden administrasiyası ilə də münasibətlərin istiləşməsinə hesablanıb. Ekspertin fikrincə, real siyasi vəziyyət Türkiyənin Avropa Birliyi-ABŞ münasibətləri müstəvisində yer almasını diktə edir. Ayhan Kayanın sözlərinə görə, Türkiyənin Avropa Birliyinə üzvlük siyasətinə dönüşü həm də perspektivdə daxili ictimai rəyə hesablanıb. Pandemiyanın təsiri nəticəsində Türkiyə iqtisadiyyatının böhranlı duruma düşməsi, ölkədə sosial və siyasi qütbləşmənin artması Ərdoğan iqtidarını vəziyyətdən çıxış yolu kimi Avropa Birliyinə doğru üz tutmağa vadar edib. Xüsusilə də koronavirus səbəbindən ölkəyə daxil olan xarici sərmayələrin minimum həddə çatması həmin resessiyanın əsas göstəricilərindən biri kimi özünü göstərir.

Ölkədə inflyasiyanın, devalvasiyasının, işsizliyin və bahalaşmanın artması Türkiyə üçün ciddi problemlərə çevrilib. Bu baxımdan, Qərb sərmayəsinin cəlb edilməsi, sanksiyaların ləğvi Türkiyə iqtisadiyyatının canlanması üçün cəlbedici amil ola bilər. Prezident Ərdoğanın Ursula von der Layenlə danışıqlarda 1996-cı ildə Türkiyə ilə Avropa Birliyi arasında imzalanmış Gömrük İttifaqı sazişinin yenilənməsini xahiş etməsi Ankaranın bu məsələdə güzəştlərə hazır olduğundan xəbər verir. Qeyd edək ki, 2017-ci ildə Türkiyə Avropa Birliyinin irəli sürdüyü bəzi siyasi şərtləri qəbul etmədiyinə görə, Gömrük İttifaqı sazişinə dəyişikliklərlə bağlı müzakirələr dayandırılmışdı. Sazişin mətni yenilənərsə, Türkiyə Avropa bazarına daha çox məhsul çıxartmaq imkanı qazana bilər. Bu qaydalar Türkiyənin mal və məhsullarına tətbiq edilən rüsumların da aşağı salınmasını nəzərdə tutur. Eyni zamanda, türk vətəndaşlara sərbəst vizanın tətbiqi onların Avropa Birliyi ölkələrində işləmək imkanını asanlaşdıra bilər. Lakin Uluç Özülker bildirib ki, Avropa Birliyi Türkiyəyə maraq göstərmir. Bunun da başlıca səbəblərindən biri Türkiyənin Yaxın Şərq regionunda yerləşməsidir. Bu isə Türkiyə üçün ciddi problemlər yaradır. Ona görə də Avropa Birliyi Türkiyəni öz sıralarına qəbul etməklə Yaxın Şərqə həmsərhəd olmaq istəmir.

Politoloq Baskın Oranın fikrincə, Avropa Birliyi ilə yaxınlaşma Türkiyənin deyil, prezident Ərdoğanın xarici siyasətidir. Lakin Avropa Birliyinin Ərdoğanla münasibətlərində ciddi problemlər var.

Ona görə də Rəcəb Tayyib Ərdoğanın hakimiyyəti dönəmində Avropa Birliyinin Türkiyəni üzvlüyə qəbul edəcəyi real görünmür. Bütün bunlara baxmayaraq, Türkiyənin hazırda əsas aktora çevrildiyi geosiyasi proseslər Avropa Birliyi ilə yaxınlaşmanı zəruri edir. İstər Yunanıstanla münasibətlərdə, istər Şərqi Aralıq dənizi bölgəsində yaşanan gərginlik fonunda Türkiyə başda Yunanıstan, Fransa, Kipr, Almaniya olmaqla Avropa dövlətlərinin ciddi müqaviməti ilə üzləşib. Ona görə də yaranmış vəziyyəti öz xeyrinə dəyişmək üçün Türkiyənin Avropa ilə diplomatik anlaşmaya getməsinə ehtiyacı var. Bu səbəbdən, Türkiyənin Avropainteqrasiya kursunu seçməsi Qərbdən gələn təzyiqləri azaltmaqla yanaşı, qeyd edilən problemlərin həllində Ankaranın mövqelərini güclənirə bilər.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 1849

Bizim Telegram səhifəmizi izləyin