hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.9142
  • NEFT - 65.79
  • clouds-weather

Anti-İran cəbhəsi böyüyür: Dollar, neft, silah…

Anti-İran cəbhəsi böyüyür: Dollar, neft, silah…

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) neft səbəti bir barel üçün 1,34 dollara yüksəlib.

OPEC tərəfindən təsbit edilən səbət qiyməti cümə axşamı günü bir barel üçün 63,95 dollar olub. Qeyd edək ki, OPEC-in neft səbəti Əlcəzayir, Anqola, Ekvador, Qabon, İndoneziya, İran, İraq, Küveyt, Liviya, Nigeriya, Qatar, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Venesuela neft qiymətlərindən hesablanır. Məlumat üçün bildirək ki, OPEC və OPEC-ə üzv olmayan ölkələr arasında neft hasilatının azaldılmasına dair müqavilənin müddəti iyunun 30-da bitir.

Müqaviləyə iyulun 1-2-də yenidən baxılması gözlənilir. Proqnozlara görə, müqavilə şərtlərinin uzadıldığı təqdirdə neft qiymətləri 55- 65 dollar səviyyəsində sabitləşəcək. Ehtimal olunur ki, tərəflər yeni bir razılaşmaya da gələ bilər, eyni zamanda mövcud müqavilə şərtlərini davam da etdirilə bilər. Növbəti OPEC toplantısında İranla Venesuelanın iştirakı gözlənilmir. Xatırladaq ki, ötən il dekabrın 7-də Vyanada OPEC-ə üzv və qeyri-üzv dövlətlərin nazirlərinin V görüşündə neft hasilatının gündəlik 1,2 milyon barel azaldılması ilə bağlı razılıq əldə olunub. “Əməkdaşlıq Bəyannaməsi”nin icrası cari ilin ilk yarısı üçün nəzərdə tutulub.

Məlumatlara görə, son üç həftədə İranın gündəlik neft ixracatının həcmi kəskin azalaraq 300 min barelə düşüb. Bildirilir ki, İranın iyun ayında neft ixracatının həcminin kəskin aşağı düşməsinə (günlük 300 min barel) baxmayaraq, islam respublikasının cari ildəki büdcəsində gündəlik neft ixracatının həcmi 1 milyon 500 min barel nəzərdə tutulmuşdu. Qeyd olunur ki, Amerikanın sanksiyalarından əvvəl, İranın gündəlik neft ixracatının həcmi 2 milyon 500 min barel təşkil etsə də, bu rəqəm getdikcə kəskin azalmağa başlayıb.

Ötən gün ABŞ prezidenti Donald Trampla Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman arasında telefon danışığı olub. Danışıq zamanı qlobal neft bazarlarında Səudiyyə Ərəbistanın rolu ilə İran məsələsinin müzakirə olunduğu bildirilib. Ağ Evdən verilən açıqlamada deyilir ki, iki lider Yaxın Şərqdə və qlobal neft bazarlarında sabitliyin təmin olunmasında Səudiyyə Ərəbistanının həlledici rolunu müzakirə ediblər.

Bundan başqa, İran rejiminin gərginliyi artıran davranışlarından qaynaqlanan təhdidlər də müzakirə edilib.

Neft məsələləri üzrə ekspert Zəfər Vəliyev “Cümhuriyət” qəzetinə bildirib ki, iyulun 2-də keçirilməsi nəzərdə tutulan Vyana toplantısında neft bazarlarının gələcəyi ilə bağlı ən məqbul yol müqavilə müddətinin daha 6 ay uzadılmasıdır:

“Müqavilə iştirakçısı olan dövlətlərin başqa çıxış yolu yoxdur. Müqavilənin hər hansı bir formada pozulması və iştirakçı dövlətlər arasında hər hansı bir fikir ayrılığının dərinləşməsi qlobal neft bazarlarına mənfi təsir göstərəcək. Bu zaman neftin qiymətində kifayət qədər enmələr müşahidə oluna bilər. Çünki növbəti 6 ayda qlobal neft bazarlarının vəziyyəti məhz bu toplantıda qəbul olunan qərarlardan, eyni zamanda bazarın düzgün təhlilindən keçir. İki dövlət - Venesuela və İran həmin müqavilənin şərtləri ilə razılaşmır. Hazırda Venesuelada sutkalıq neft hasilatı 740 min barel civarında dəyərləndirilir. Amma İranda neft hasilatının hansı səviyyədə olması ilə bağlı dəqiq fikir bildirmək çox çətindir. İranda neft hasilatının 1 milyon bareldən çox azalması və neft ixracının 400 min barel civarında qərar tutması haqqında dəqiq informasiyalar yoxdur. Bir neçə gün bundan əvvəl Siciliyada mövcud neft emalı zavoduna göndərilən neftin analizləri nəticəsində bəlli oldu ki, bu neft İraqın yox, İranın yüngül neftidir. Buna görə də İranın neft ixracı ilə gündəlik neft hasilatı haqqında dəqiq fikir söyləmək mümkün deyil”.

Ekspert onu da qeyd edib ki, iyulun əvvəllərində Vyanada keçirilən toplantında qəbul edilən qərarlardan çox şey aşlıdır: “2016-cı ildən 2019-cu ilin ilk 6 ayına kimi Vyana sazişinin iştirakçıları qarşılarına qoyduqları hədəflərə tam nail ola bilməyiblər. Bazar bundan sonra dəqiq təhlil olunmalı, eyni zamanda dünyanın iqtisadi artım tempi, həm yüngül və ağır neft balansı, həm də dünyadakı mövcud rezervlər nəzərə alınmalıdır və buna uyğun da qərarlar qəbul edilməlidir. Ümumiyyətlə, bazar daim monitorinq olunmalıdır. Hazırda həm sərbəst gücləri yüksəkdir, həm də rezervlərdə qəbul edilən normadan artıq neft həcmləri mövcuddur. Bütün bu amillər neft bazarlarını daim təhdid altına alır. Hesab edirəm ki, sazişin indiki şərtlər altında davam etməsi həm Səudiyyə Ərəbistanına, həm Rusiyaya, həm də digər iştirakçı ölkələrə sərf edəcək. Əks təqdirdə, bazarın tənzimlənməsi daha çətin ola bilər və qiymət indiki səviyyədən 20-25 faiz aşağı düşər. Hazırkı qiymətlər normaldır. Enmə yalnız Vyana toplantısına qədər davam edə bilər. Əgər bu toplantında pozitiv qərarlar qəbul edilsə, bazar düzgün tənzimlənərsə, neftin qiyməti 65-70 dollara qədər yüksələ bilər. Hazırda bazarda hər hansı bir qiymət artımına nail olmaqdan söhbət getmir. Neftin qiymətini 60-65 dollar dəhlizində saxlamaq lazımdır. Bazara neftin qiymətinin artması ilə bağlı dezinformasiyalar buraxmaq əks təsir verə bilər. Neftin qiymətinin 70-75 dollar civarında olması, nə dünyanın indiki iqtisadi göstəricilərinə uyğundur, nə də mövcud bazar şərtlərinə. Buna görə də çalışıb qiyməti 60-65 dollar dəhlizində stabil saxlamaq və bazarı düzgün tənzimləmək lazımdır. Neçə ki, dünyanın bütün enerji bazarlarında rezervlərdə normadan artıq neft həcmləri mövcuddur vəziyyət belə də davam edəcək. Hesab edirəm ki, ilin sonuna qədər Vyana sazişinin şərtləri qüvvədə qalmalıdır, başqa çıxış yolu yoxdur”.

Yeganə Oqtayqızı

Cebhe.info


Oxunma sayı: 1739