hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0695
  • NEFT - 55.08
  • clouds-weather

Apteklərdə dərman qıtlığını kim yaradır? - Özbaşına müalicə olunan alıcı, yoxsa qiyməti artıran satıcı?

Apteklərdə dərman qıtlığını kim yaradır? - Özbaşına müalicə olunan alıcı, yoxsa qiyməti artıran satıcı?

Antibiotiklərin reseptsiz satışı qadağan edilə bilər. Bununla bağlı hələlik qərar olmasa da, rəsmi qurumlar bu məsələnin üzərində çalışırlar.

TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva antimikrob preparatlardan düzgün istifadəyə dair mətbuat konfransında bu məsələyə toxunub. O, koronavirusa yoluxan xəstələrin özbaşına müalicəsinə etiraz edərək, həkim təyinatı olmadan antibiotik qəbulunu yolverilməz hesab edib:

“Təəssüf ki, koronavirusa yoluxan xəstələrin hamısı evdə özləri antibiotik qəbul etməyə başlayırlar. Bəzən onlar mümkün olan bütün dərmanları qəbul edirlər. Hətta xəstəliyi yüngül və simptomsuz keçirənlər də həmin preparatlara üz tuturlar. Bu, çox böyük fəlakətdir. COVID pandemiyası bitdikdən sonra biz çox təəssüf ki, antibakterial rezistentlik problemi ilə üz-üzə qalacağıq”.

TƏBİB-in şöbə müdiri bildirib ki, əksər hallarda xəstələr xəstəxanaya ağırlaşmış vəziyyətdə daxil olurlar və çox halda onlar birbaşa intensiv terapiya, reanimasiya şöbəsinə yerləşdirilir və süni tənəffüs cihazına qoşulurlar. Əvvəlki illərlə müqayisədə ağır və süni tənəffüs aparatına qoşulan xəstələrin sayı həddən artıq çoxdur.

Y.Qarayevanın sözlərinə görə, gələcəkdə antibiotikdən istifadəyə dair Səhiyyə Nazirliyi ilə birgə bir sıra işlər görülməlidir:

“Bir çox ölkələrdə apteklərdə reseptsiz antibiotik almaq olmur. Lakin ölkəmizdə bu mümkündür. Bu, o demək deyil bütün antibiotiklərə birbaşa qadağa qoyulsun. Bunu yavaş-yavaş etməyə başlamalıyıq. Bəzi geniş spektorlu antibiotiklər var ki, onların xəstəxanada belə istifadəsi infeksionist icazəsi olmadan mümkün deyil. Heç olmazsa, həmin antibiotiklərin reseptsiz satışına qadağa qoyulmalıdır ki, vətəndaşlar kimdənsə eşidib, internet səhifələrindən, sosial şəbəkələrdən oxuyub onları almasınlar. Lakin hələlik aztəsirli antibiotiklərin reseptsiz satışını saxlaya bilərik”.

Qeyd edək ölkənin dərman bazarında vəziyyət ürəkaçan deyil. Bəzi aptek şəbəkələrində ən adi pereparatları tapmaq olmur. Məsələn, temperaturun aşağı salınması üçün istifadə edilən preparatlar zaman-zaman apteklərdən yoxa çıxır. Təbii ki, insanların çoxunun özbaşına evdə müalicəsi və reseptsiz apteklərə müraciəti də bu məsələdə ciddi rol oynayır. Ya apteklərdə ciddi dərman çatışmazlığa var, ya da bu problem süni olaraq yaradılır.

Mövzu ilə bağlı Cebhe.info-ya danışan Tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, antibiotiklərin reseptlə alışı mühüm şərtdir:

“Neçə bədbəxt hadisələr olub ki, evdə xəstəyə özbaşına antibiotiklər vurulub, xəstə şoka düşüb, ölüb. Antibiotiklər yalnız həkim təyinatı ilə olmalıdır və onun icrasının həyata keçirilməsi də ev şəraitində olmamalıdır. Özbaşına xəstənin antibiotik qəbul etməsi məqsədəuyğun deyil. Ümümdünya Səhiyyə Təşkilatının tövsiyəsində də bildirilir ki, antibiotiklərin koronavirusun müalicəsində heç bir təsiri yoxdur. Yalnız bakterial infeksiya qoşulanda həkim təyinatı ilə antibiotik istifadə oluna bilər. Ona görə də nəinki antibiotik, həmçinin güclü təsirli dərmanlara, əksər metabolik dərmanlara, qan təzyiqi üçün nəzərdə tutulan preparatlara mütləq resept təyin olunmalıdır”.

Müxtəlif dərmanların aptek şəbəkələrində çatışmazlığına gəlincə, həkim əlavə edib ki, bu gün Azərbaycanın dərman bazarında vəziyyət ürəkaçan deyil:

“Defisit həm də çoxsaylı istehlakla bağlıdır. Həddindən artıq dərman istifadə olunur və buna görə də süni qıtlıq yaranır. Əlbəttə ki, qiymət artırmaq və problem yaratmaq üçün təbii qətlıq da yaradılır. Təəssüf ki, Azərbaycanda dərman bazarı uzun müddətdir ki, qaydaya salına bilmir. Azərbaycanın daxili dərman istehsalı dəfələrlə vurğulansa da, məsələ həllini tapmadı. Dərman təminatı sahəsində xeyli boşluqlar var və biz onun nəticələrini görürük. O ki qaldı lazımi dərmanların alınıb ölkəyə gətirilməsinə, koronavirusla mübarizə ilə bağlı kifayət qədər pereparat alınıb və ölkəyə gətirilib. Bu dərmanlar yalnız xəstəxanalara və virusla məşğul olan tibb müəssisələrinə verilib. Amma apteklərdə bununla bağlı əksər dərmanlar yoxdur”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 5281

Bizim Telegram səhifəmizi izləyin