hava haqqindaBakı
Bu gün +31 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0257
  • EURO - 1.8876
  • NEFT - 58.73
  • clouds-weather

AQTA-nın yağ müəmması: Agentlik istehlakçı hüquqlarını  pozur 

AQTA-nın yağ müəmması: Agentlik istehlakçı hüquqlarını  pozur 

Qida rasionumuzun əsas tələbatlarından biri də yağdır.

Son vaxtlar Azərbaycanda kərə yağı ilə bağlı narahatlıq yaradan xəbərlər yayılır. Uzun illərdir ki, market və bazarlarda satılan yağların bir çoxunun saxta və ziyanlı olduğu bildirilir. Ekspertlər zaman-zaman bu məsələyə toxunsalar da, söhbətin konkret hansı yağlardan getdiyi açıqlanmır. 

Bu günlərdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli satışa çıxarılan keyfiyyətsiz yağların tərkibində insan orqanizmi üçün təhlükəli maddələrin aşkar olunduğunu deyib. O bildirib ki, Azərbaycanda 12 adda yağın tərkibində trans yağların miqdarı normadan yuxarı olub.

Onun sözlərinə görə, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şamaxı, Lənkəran, Xaçmaz, Şəki, Tovuz Regional bölmələrində 32 adda müxtəlif yağ ekspertizaya cəlb olunub: “Təəssüf hissi ilə qeyd edim ki, həmin nümunələrin 12-də trans yağların miqdarı normadan yuxarı olub. Trans yağlar insan orqanizmində çətin əriyir və ya ərimir. Bu isə insan orqanizmi üçün ziyanlıdır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, trans yağ turşularının yüksək miqdarda qəbulu ürək-damar xəstəliklərinin riskini 21 faiz, ölümü isə 28 faiz artırır. Bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə demək istəyirəm ki, idxal zamanı qüvvədə olan normalara əməl etsinlər". 

Maraqlısı odur ki, Qoşqar Təhməzli 12 adda olan təhlükəli tərkibli yağların adlarını istehlakçılara açıqlamayıb. Hətta quruma “Cümhuriyət” qəzeti sorğu ilə müraciət etməyinə baxmayaraq, sorğu cavablandırılmayıb. 

Nümunə üçün bildirək ki, Rusiyanın məhsul və xidmətlərinin keyfiyyətinin yoxlanılması ilə məşğul olan müstəqil "Roskontrol" təşkilatı zaman-zaman keyfiyyətsiz qidalarla bağlı apardığı araşdırmaların, ekspertiza nəticələrini ictimaiyyətə açıqlayır. İstehlakçılar məhz bu nəticələrə görə hansı qidaların istifadəyə yararlı olduğunu təyin və istifadə edir. Məsələn, bu günlərdə "Roskontrol"un ekspertləri 2018-ci il dekabr ayında onlarla kərə yağı növünü yoxladıqdan sonra bu yağları almağı tövsiyə ediblər: 

1. Brest-Litovsk 82,5% 
2. Radost vkusa 
3. Ekomilk 82,5% 
4. Vkusnoteev 
5. Valuiki 82,5% 
6. Belarusskoe 
7. Мilava 82,5% 
8. Lakomo 
9. Lurpak 82% 
10. Ankor 82% 
11. Valio Тradiçionnoe 82% 
12. Doyaruşka 82,5%. 

Bu yağlardan bəzisi Azərbaycan bazarında da var, ancaq onların adının hansı siyahıda olduğu bəlli deyil. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi aşkarladığı keyfiyyətsiz və təhlükəli yağların adlarını açıqlamaqdan ehtiyat edir. 

Belə olan halda Azərbaycan istehlakçısını haqlı olaraq bir sual düşündürür. Hansı yağları alaq? 

Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov Cebhe.info-ya açıqlamasında Qida Təhlükəsizliyi Agentliyinin yağ siyahısından xəbərsiz olduğunu deyib.

O bildirib ki, istənilən halda istehlakçının bu yağların adlarını bilməyə haqqı var: “Təəssüflər olsun ki, Qida Təhlükəsizliyi Agentliyi bu yağların adını açıqlamır. Bizə çox sayda zənglər gəlir ki, o yağların adı lazımdır, niyə açıqlanmır? Biz də açıqlaya bilmirik. Sabah Qoşqar Təhməzli ilə bir tədbirdə çıxış edəcəyik. Orada tənqidi üsulla məsələni vurğulayacağam. Heyf ki, agentliyin işində belə şəffaflıq çatışmır. İstehlakçıya malın adı lazımdır, onun harada istehsal edildiyi yox. Onu da deyim ki, cənub bölgəsində bəzi biznes qurumlarının antisanitar vəziyyətdə fəaliyyəti ilə bağlı məsələ açıqlandı. Tərəfdarıyam ki, biznes qurumlarını bağlamaq deyil, onların bazarda ayaqüstə durması, rahat fəaliyyəti üçün kömək lazımdır. Onları bağlamaqla iş getməz. Əhaliyə tövsiyə edirəm ki, ilk növbədə xaricdən gələn kərə yağları içərisində “Yeni Zellandiya” yağlarına, ikincisi isə yerli, böyük istehsalçıların istehsal etdiyi kərə yağlarına üstünlük verilsin”. 

Ekspert yağı tanımaq üsullarından da danışıb: “Marketdən yağ alarkən onu sıxın, hansı daha bərkdirsə, nisbətən təmiz kərə yağına yaxındır. Təmiz kərə yağını kəsəndə dağılır, parçalanır, səliqəli kəsilmir. Rusiyadan gətirilən yağların çeşidlərinə baxmaq lazımdır. Bəzən qarışıq yağların üzərinə inək şəkli çəkir və “təbii” yazırlar. İstehlakçı da elə bilir ki, üstündə inək şəkli və “təbii” yazısı kərə yağı deməkdir. Əslində isə kənarda kiçik hərflərlə bitki yağı olduğu yazılır. Bu cür çaşdırıcı məqamlar var. Eyni zamanda istehlakçılar üçün məlumat standartları qəbul olunmalıdır. Təəssüf ki, ölkədə belə standartlar yoxdur”. 

Ekspert Azərbaycanda istehsal olunan yağlara da toxunub. Deyib ki, bu yağların arasında etibarlı və etibarsızlar var: “Azərbaycanda istehsal olunan zeytun yağlarını mən etibarlı bitki yağı hesab edirəm. Xaricdən gətirilən “Kuvanskoe” günəbaxan yağını araşdırdıq. Məlum oldu ki, Rusiya adı ilə gətirilən bu yağda naməlum qatqılar var. Əslində isə günəbaxan yağı ilə heç bir əlaqəsi yoxdur. Bütün hallarda yerli kərə və bitki yağlarına üstünlük vermək lazımdır”. 

Alçina Amilqızı 
Cebhe.info


Oxunma sayı: 1090