hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8961
  • NEFT - 59.01
  • clouds-weather

Arif Hacılı: “Qurultayda başqan seçilməsəm...” - MÜSAHİBƏ

Arif Hacılı: “Qurultayda başqan seçilməsəm...” - MÜSAHİBƏ

Oktyabrın 13-də  Müsavat Partiyasının qurultayı keçiriləcək. Partiyanın ali yığıncağında yeni başqan seçiləcək. 

Bu post uğrunda hələlik  3 namizəd - sabiq başqan müavini Yadigar Sadıqlı, keçmiş məhbus, Qarabağ qazisi Tofiq Yaqublu və Müsavat Partiyasının indiki başqanı Arif Hacılı mübarizə aparır. Qurultay ərəfəsində Müsavat Partiyasının başqanı Arif Hacılı ilə söhbətləşdik.

Arif Hacılı Cebhe.info-ya müsahibəsində cəmiyyəti maraqlandıran bir sıra məsələlərə aydınlıq gətirdi. 

- Arif bəy, qurultayda yenidən başqan olmaq şansınız nə qədərdir? 

- Qurultay nümayəndələri ilə görüşlər keçirirəm. Bu gün də Beyləqan, Ağcabədi, İmişli və Füzuli rayonundan olan qurultay nümayəndələri ilə görüş keçirdim. Bakı şəhərində də təxminən 20-yə yaxın rayon təşkilatından qurultay nümayəndələri ilə görüşmüşəm. Xaçmazda, Şəkidə, Cəlilabadda, Kürdəmirdə, Salyanda, Goranboyda da görüşlərim olub. Bu görüşlərdən gəldiyim nəticə ondan ibarətdir ki, bu seçkilərin nəticələri mənim arzuladığım kimi olacaq. Tam əminliklə deyirəm ki, bu seçkilərdə Müsavat Partiyası qazanacaq. Müsavat Partiyasının üzvlərinin düzgün qərar qəbul edəcəyinə heç bir şübhə etmirəm. 

- Yenidən başqan seçilsəniz, partiyada hansı dəyişikliklər olacaq?

- Bir çox yeni işlər başlayıb. İstər xarici, istərsə daxili siyasət, təşkilatlanma, təbliğat və informasiya sahəsində işlərimizə başlamışıq. Bu işləri inkişaf etdirmək, genişləndirmək niyyətindəyik. Eyni zamanda gələn il parlament seçkilərinin keçirilməsi gözlənilir. Parlament seçkilərinə tam hazırlaşmaq, ölkədə seçkiqabağı demokratik şəraitin yaradılması, Seçki Məcəlləsində dəyişikliklərin edilməsi, ölkədə bərabərhüquqlu seçki şəraitin yaradılması üçün mübarizəmizi davam etdirmək, eyni zamanda ümumilikdə Azərbaycan müxalifətinin, demokratik düşərgəsinin birgə fəaliyyətinə nail olmaq üçün addımlar atmaq niyyətindəyik. 

- Rəqibləriniz olan Tofiq Yaqublu və Yadigar Sadıqlıya partiyada hansısa post, məsələn, müavinlik təklif etmisiniz? 

- Yəqin ki, seçkilərdən sonra bu məsələ haqqında danışmaq olar. 

- Seçilməsəniz, nə edəcəksiz? 

- 22 il Müsavat Partiyasının başqanı olmadan üzv olmuşam. İstənilən halda ən uzağı 4 ildən sonra Müsavat Partiyasının başqanı ola bilmərəm. Çünki Müsavat Partiyasının Nizamnaməsi buna yol vermir. Ona görə də hüquqi məsələlərlə bağlı heç bir problem yoxdur. 

- Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər sizə dəstək verdi. Əvvəlki qurultayda isə heç kimə dəstək ifadə etməmişdi. Bunun səbəbini İsa Qəmbər özü açıqladı. Bəs siz İsa bəyin mövqeyini necə dəyərləndirdiniz? 

- İsa bəyin əsaslandırmasını yetərli hesab edirəm. Əlavə əsaslandırmaya ehtiyac duymuram. Sadəcə onu əlavə etmək istəyirəm ki, bu, İsa bəyin təkcə Müsavat Partiyasının qurultayına, nümayəndələrinə aid olan bir mesaj deyildi. Azərbaycanın bu gününə də aid olan mesaj deyil bu. Ümumilikdə, Azərbaycanın cəmiyyətinə, gələcəyinə yönəlmiş bir mesajdır. 

Vilayət Muxtar 
Cebhe.info


Oxunma sayı: 8724