hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

Arif Hacılı: "Yaşım çox olsaydı, yaşımın çox olmasından danışacaqdılar" - MÜSAHİBƏ

Arif Hacılı: "Yaşım çox olsaydı, yaşımın çox olmasından danışacaqdılar" - MÜSAHİBƏ

Bir həftə sonra Müsavat Partiyasının qurultayı keçiriləcək. Demək olar ki, təşkilati-texniki işlər tamamlanıb, başqanlığa namizədlər rəsmən müəyyənləşib və təbliğat kampaniyası başlayıb.

Hazırkı Müsavat başqanı, növbəti dönəm üçün də başqanlığa namizəd olan Arif Hacılı "Unikal" qəzetinə müsahibəsində qurultayöncəsi vəziyyətlə bağlı fikirlərini bölüşüb:

-Arif bəy, qurultaya bir həftə qalıb. Partiyanın ali tədbiri öncəsi vəziyyətlə bağlı nə deyə bilərsiz?

-Qurultaya hazırlıq işləri sürətlə davam edir. Artıq təxminən 60 rayon təşkilatından qurultay nümayəndələri seçilib. Qurultaya hazırlıq üzrə təşkilat komitəsi nizamnaməyə və proqrama əlavə və dəyişikliklər məsələlərini müzakirə edir, bir sıra təkliflər hazırlayır. Qurultayın keçirilməsi ilə bağlı yer götürülməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişik. Eyni zamanda, qurultayda istifadə olunacaq texniki vəsaitlər hazırlanır. Qurultayda seçkilər olacaq və bu seçkilərdə Müsavat Partiyasının başqanı, Mərkəzi Nəzarət Təftiş Komissiyası və  partiyanın sərbəst Məclis üzvləri seçiləcək. Bununla bağlı prosedur qaydalar müəyyənləşib. Hazırda həm namizədlərin irəli sürülməsi, həm də təşviqat kampaniyası davam edir. Müsavat Partiyası başqanlığına üç, Mərkəzi Nəzarət Təftiş Komissiyasına ona yaxın, sərbəst Məclis üzvlüyünə isə 80-dən artıq namizəd irəli sürülüb. Namizədlərin irəli sürülməsi oktyabr ayının 10-dək davam edəcək. Əslində, partiya təşkilati-texniki və nizamnamə müddəalarına əməl olunması baxımından demək olar ki, qurultaya hazırdır. 

-Qurultaylarda hər zaman ən vacib məsələ başqan seçkiləri olur. Bu dəfə də üç namizəd var və hər kəsə maraqlıdır ki, növbəti başqan kim olacaq...

-Partiyadaxili seçkilər digər seçkilərdən fərqlənir. Çünki bu seçki kampaniyası digər seçki kampaniyalarından o baxımdan fərqlənir ki, seçkilərdən sonra biz yenə bir partiyada, eyni hədəflər uğrunda mübarizəni davam etdirəcəyik. Ona görə də başqanlıq uğrunda mübarizə o qədər də kəskin olmayacaq. Yəni, prezident, parlament seçkilərində olduğu kimi sərt mübarizə aparılmayacaq. Qurultay nümayəndələri namizədlərin kim olduğunu bilirlər. Namizədlərin hər birində qurultay nümayəndələrinin siyahısı var və hansı rayon təşkilatından nə qədər qurultay nümayəndəsi seçilib və onlar kimlərdir, bu barədə aşkar məlumat mövcuddur. Namizədlər öz təbliğat kampaniyasını təşkil edərkən Müsavat Partiyasına aid bütün resurslardan - Mərkəzi Qərargahdan, telefondan, partiya strukturlarından, onların yardımından istifadə etmək hüququ var və bu hüquqdan istifadə olunur. Biz seçkilərin şəffaf və demokratik keçməsini, nümunəvi seçki olmasını hədəf götürmüşük. Çalışacağıq ki, budəfəki qurultayda daha bir demokratik nümunə yaradaq və Azərbaycan cəmiyyətinə, eyni zamanda partiya tarixi üçün təqdim edək. 

-Başqanlığa namizədlər bəllidir. Budəfəki rəqiblərlə başqanlıq uğrunda mübarizə çətin olmayacaq ki?

-Mən əsasən partiyanın təbliği və özümün məramlarım barədə həm cəmiyyətə, həm partiya üzvlərinə məlumatlar verirəm. Seçki kampaniyam əsasən bu istiqamətə yönəlib. Bu seçkilərdə oppenentim olan şəxslərə qarşı hər hansı bir kampaniya aparmaq və onalara qarşı əks mövqe tutmaq niyyətində deyiləm. Bir daha deyirəm ki, biz bir partiyada fəaliyyət göstəririk. Mənim bu qurultayda ən böyük marağım bu seçkilərdən sonra Müsavat Partiyasının nüfuzunun daha da artması, 9-cu qurultaydan sonra partiyanın daha güclü təşkilat kimi fəaliyyətinin davam etməsidir. İstər başqan, istər Məclis seçkilərində bir müsavatçının digər müsavatçı üzərində əzici qələbə çalmasını, bu qələbənin hansısa tərəfdə acı duyğular buraxmasının tərəfdarı deyiləm.  Müsavat Partiyasının üzvlərinə də tövsiyyəm ondan ibarət olub ki, bu, müharibə deyil, seçkidir. Bu seçkilər dostcasına, qarşılıqlı hörmət şəraitində keçirilməlidir. Seçkilərdən sonra da hərə öz seçildiyi müvafiq strukturda işini davam etdirməlidir.

- Arif bəy, başqanlığa namizəd kimi seçki platformasının əsas tezisləri nədən ibarətdir?

-Bununla bağlı fikirlərimi bildirmişəm. Tezilərdən biri Azərbaycanda hüquqi dövlət, azad cəmiyyət qurmaq, həm siyasi, həm də iqtisadi sahədə bərabər imkanlar şəraiti yaratmaq uğrunda fəaliyyəti davam etdirməkdir. Sonra Azərbaycanda cəmiyyəti səfərbər etmək, bu məqsədlə müxtəlif tədbirlər, siyasi aksiyalar, o cümlədən kütləvi etiraz aksiyaları təşkil etmək, təşkilati işləri daha da yaxşılaşdırmaq məqsədi ilə rayon təşkilatlarının fəaliyyətinə nəzarəti artırmaq, yeni üzvlərin, o cümlədən gənclərin, qadınların partiya üzvlüyünə cəlb edilməsi üçün tədbirlər planı hazırlayıb həyata keçirməkdir. Bundan əlavə, xarici siyasi əlaqələri gücləndirmək, Avropada və postsovet məkanında olan, demokratik dəyərlərə və prinsiplərə sadiq olan siyasi partiyalarla əlaqələrdən daha səmərəli istifadə etməyə nail olmaq, Qarabağ problemi də daxil olmaqla, ölkənin ümummilli problemlərini daim diqqətdə saxlamaq, bu problemlərin həlli üçün mövcud resurslardan maksimum istifadə etmək.

Bunlarla yanaşı, ölkədaxili siyasi və ictimai təşkilatlarla əlaqələri genişləndirmək, bu əlaqələrin səmərəliliyini artırmağa səy göstərmək, yeni əlaqələr qurmaq, Gürcüstan, Türkiyə və Cənubi Azərbaycanda olan ictimai-siyasi təşkilatlarla mövcud əməkdaşlığı gücləndirmək, yeni əlaqələr qurmaq. Partiya ilə bağlı da planlar var. Belə ki, Müsavatçılıq və Cümhuriyyət dəyərlərinin cəmiyyət arasında təbliğini artırmaq, Partiyanın təbliğat və informasiya işini gücləndirmək üçün müasir texnologiyalardan istifadəni artırmaq , internetdə, sosial şəbəkələrdə mövcud olan texniki imkanlardan daha səmərəli istifadəyə nail olmaq. Eyni zamanda, Partiyanın məramlarının dövlət səviyyəsində həyata keçməsinə nail olmaq üçün minimum parlament partiyası, maksimum hakimiyyət partiyası olmağa nail olmaq.

-Başqanlığa digər namizəd Yadigar Sadıqlı deyir ki, Sizin idarəçiliyinizdən narazıdır və buna görə də başqan olmaq istəyir...

-Bu iddiaların olması təbiidir. Əgər mənim idarəçiliyimdən razı olsaydılar, namizədliklərini irəli sürməzdilər. Burada qeyri-adi bir şey yoxdur. Görünür, onlar partiyanı məndən yaxşı idarə edə biləcəkləri qənaətindədirlər ki, öz namizədliklərini irəli sürüblər. İdarəçilik, siyasi fəaliyyət, ümumiyyətlə, istənilən fəaliyyətin daim yaxşılaşdırılması mümkündür. Çünki fəaliyyətin, idarəçiliyin yaxşılaşdırılmasının hər hansı çərçivəsi yoxdur. Hər bir təşkilatda davamlı olaraq, idarəçilik yaxşılaşdırıla bilər, yaxşılaşdırılmalıdır. Bu istiqamətdə müxtəlif fikirlər, təşəbbüslər var və onların bir hissəsini mən seçki platformamda qeyd etmişəm. 

-Rəqibinizin əsas arqumentlərindən biri odur ki, Arif Hacılı partiyada gəncləşməyə şərait yaratmayıb. Deyir ki, Müsavat orta yaş həddinə görə ölkədəki ən qoca partiyadır, Arif Hacılı da təfəkkürcə yaşından qoca adamdır. Bu barədə nə deyə bilərsiniz?

-Bütün bunlar mənə qarşı aparılan təbliğat kampaniyasının tezisləridir. Yaşım çox olsaydı, yaşımın çox olmasından danışacaqdılar. Gənc olsaydım, deyəcəkdilər ki, partiya başqanı olmaq üçün çox gəncdir. İndi partiya başqanı olmağım üçün yaşım uyğundur, nə çox gənc deyiləm, nə də yaşlı deyiləm. Ona görə də təfəkkürümün qocaldığını bildirirlər. Yəni, bunlar təbliğat tezisləridir. Təbii ki, Müsavat Partiyasının üzvləri bu təbliğat tezislərini əsas götürsələr, mənə səs verməyəcəklər. 

- Arif bəy, sonuncu qurultaydan sonra narazılıq yarandı, Müsavatdan qopmalar oldu. Necə düşünürsünüz, növbəti qurultayda analoji hadisələrin yaşanma ehtimalı varmı?

-Əvvəla onu deyim ki, seçkilərin nəticələrinin tanınmaması çox pis ənənədir. Xüsusilə demokratik seçkilərin, paritet əsaslarla yaradılmış komissiyalar tərəfindən televiziyalar kameraları qarşısında keçirilən və səslər sayılan seçkilərin nəticələrinin tanınmaması çox pis hadisədir. Çünki biz həmişə iddia edirik ki, Azərbaycan xalqı demokratik cəmiyyətdə yaşamağa hazırdır. Demokratiyanın əsas şərtlərindən biri seçkidir. Əgər demokratik, şəffaf seçkilərdə məğlub olan tərəf öz məğlubiyyətini qəbul etmirsə, bununla bağlı adekvat olmayan qərarlar qəbul edibsə, bu, çox pis hadisədir. Mən hesab edirəm ki, Müsavat Partiyası üzvləri bundan nəticə çıxaracaq və qurultaydan sonra partiyanın itkiləri olmayacaq. Əksinə, qurultayın şəffaf demokratik keçirilməsi Müsavat Partiyasının qurultayında keçirilən seçkilərin bir nümunə olması bizə diqqəti daha da artıracaq. Bundan sonra Müsavat Partiyasına daxil olanların sayı daha da çoxalacaq.

Cebhe.info


Oxunma sayı: 1035