hava haqqindaBakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0681
  • NEFT - 67.97
  • clouds-weather

Artan qiymətlər və nikbin baş bankir: "Oktyabr-noyabr aylarında növbəti dalğanı görə bilərik”

Artan qiymətlər və nikbin baş bankir: "Oktyabr-noyabr aylarında növbəti dalğanı görə bilərik”

Azərbaycanda hazırda ən böyük sosial problemlərdən birinin bahalaşma ilə bağlı olduğunu demək olar.

Gözlə görünən yüksək qiymət artımı baş versə də, rəsmi açıqlamalarda bu ya hiss olunmur, ya da çox az nəzərə çarpır.

Mərkəzi Bankın sədri Elman Rüstəmovun açıqlamasında olduğu kimi...

"Əsasən dövlət investisiyaları ilə dəstəklənən məcmu tələbin qısamüddətli dövrdə inflyasiyaya təzyiq yaradacağı gözlənilir". Bunu keçirdiyi son mətbuat konfransında Elman Rüstəmov bildirib.

Onun sözlərinə görə, inflyasiya gözləntilərində dəyişikliklər baş versə də, yenilənmiş proqnozlar inflyasiyanın ilin sonunda hədəf daxilində (4±2%) qalacağını göstərir: "Ötən iclasdan bəri risk balansında inflyasiyanı hədəfdən kənarlaşdıra biləcək dəyişikliklər baş verməmişdir. İnflyasiya başlıca olaraq qeyri-monetar xarakterli birdəfəlik xərc və mövsümi faktorlardan təsirlənir. Əlverşli xarici mühit fonunda valyuta bazarında sabitlik və milli valyutanın məzənnəsinin sabitliyi davamlı xarakter almış və xərc amillərinin təsirlərini balanslaşdırır. Bərpa prosesində olan məcmu tələbin təklifi üstələməklə inflyasiya təzyiqi yaradacağı gözlənilir. İnflyasiya gözləntilərində dəyişikliklər baş versə də, yenilənmiş proqnozlar inflyasiyanın ilin sonunda hədəf daxilində qalacağını göstərir".

Elman Rüstəmov əlavə edib ki, dünya ərzaq qiymətlərinin yüksəlməsi də inflyasiyaya artırıcı təsir göstərməkdədir.

"2021-ci ilin martayında 12 aylıq inflyasiya 4,1%, birinci rübdə orta illik baza inflyasiya 2,2% təşkil edib. İnflyasiyanın dinamikası qeyri-monetar xarakterli faktorlardan təsirlənib. Son bir neçə aydakı faktiki inflyasiyanın dinamikası inflyasiya gözləntilərinə də təsir edib. Real sektor üzrə monitorinqə görə, martda inflyasiya gözləntiləri qeyri-neft sənayesi, ticarət və tikinti sektoru üzrə artmış, xidmət sektoru üzrə azalmışdır. Ev təsərrüfatları arasında martda keçirilmiş sorğulara görə, respondentlərin 25%-i inflyasiyanın yüksələcəyini göstərir", - Mərkəzi Bankın sədri məlumat verib.

Mərkəzi Bank rəhbərinin inflyasiya gözləntisi nə qədər reallığı əks etdirir?

İqtisadçı Natiq Cəfərli “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, bu il investitsiya xərcləri artırılıb: “Əsasən də işğaldan azad olunmuş ərazilərdə də 2,2 milyard manatlıq əlavə investitsiya layihələri həyata keçiriləcək. Dövlət investitsiya xərcləri artdıqca, əlavə pul kütləsinin dövriyyəyə daxil olması nəticə etibarı ilə inflayasiya basqılarının çoxalması ilə müşayət olunacaq. Amma rəsmi inflyasiya rəqəmləri ilə reallıq arasında Azərbaycanda həmişə ciddi fərq olub. Ölkədə rəsmi statistika, o cümlədən də işsizlik, inflyasiya ilə bağlı rəqəmlər təəssüf ki, reallıqdan daha çox hökumətin mövqeyini əks etdirib”.

İqtisadçı bildirir ki, ümumilikdə ilin Azərbaycan əhalisi ilin əvvəlindən ölkədə ərzaq inflyasiyasının hər ay deyil, hər həftə yüksəlməsinin şahidi olur. Amma rəsmi rəqəmlərdə ölkədə ərzaq inflyasiyası 3-4 faiz civarındadır ki, bu da reallığı əks etdirmir. Ərzaq inflyasiya hər bir Azərbaycan vətəndaşının gündəlik alış-veriş zamanı qarşısına çıxır. Bu, sosial şəbəkələrdə də, mətbuatda da işıqlandırılır ki, ilin əvvəlindən ərzaq məhsullarında bir çox növlər üzrə qiymət artımı kifayət qədər ciddidir. Rəsmi statistikada bu reallıqdan daha çox hökumətin siyasətinin əksi kimi görünür. Elman Rüstəmov inflyasiyanın ən yüksək həddini 6 faiz kimi gözləyir. Amma ilin sonuna qədər rəsmi inflyasiyanın bu qədər olacağı gözlənilmir. Yəni, bu templə getsə, kifayət qədər daha ciddi rəqəmlərin, ən azı 10 faizə qədər inflyasiyanın olma ehtimalı yüksəkdir”.

Natiq Cəfərlinin sözlərinə görə, indi yay ayları olduğundan inflyasiyanın sürəti azalacaq: “Çünki yerli məhsulların yay aylarında bazara daxil olması inflyasiyanın zəifləməsinə səbəb olur. Amma təqribən oktyabr-noyabr aylarından növbəti inflyasiya dalğası görə bilərik”.

Xatirə Nəsirli

Cebhe.info


Oxunma sayı: 1816