hava haqqindaBakı
Bu gün +29 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9615
  • NEFT - 43.89
  • clouds-weather

Astroloq Səbuhi Rəhimlidən 2020-ci il proqnozları: Vəzifəsini itirəcək məmurlardan manatın taleyinədək…

Astroloq Səbuhi Rəhimlidən 2020-ci il proqnozları: Vəzifəsini itirəcək məmurlardan manatın taleyinədək…

Siyasi hadisələrlə zəngin olan 2019-cu il sona çatır.

Qarşıdan 2020-ci il gəlir. Zodiak təqvimi ilə Siçan (Siçovul) ili olan 2020-ci il bizə və dünyamıza hansı, “sürprizləri” hazırlayır? Qonağımız avestaşünas, astroloq Səbuhi Rəhimlidir. Səbuhi Rəhimli ilə 2019-cu ildə baş verənlər və 2020-ci ildə gözlənilən hadisələrlə  bağlı söhbətləşdik.

“2020-ci il narahat illərdəndir”

-Səbuhi bəy, 2020-ci ildə bizi nə gözləyir?

-İlk olaraq deyim ki, yola saldığımız iki il - İt və Qaban ilinin dünya üçün sakit il olacağını demişdim. İt ilində Yaxın Şərqdə baş verən qalmaqallar bitdi, İŞİD bəlası qurtardı. Ümumiyyətlə, münaqişəli hallar son çatdı, demək olar ki, sakitlik oldu. Söyləmişdim ki, dünyada və Azərbaycanda İt ilində münaqişələr, şəxsi zəmində, ailə müstəvisində baş verirsə, Qaban ilində mülkiyyət üstündə savaş olacaq. Bu proqnoz da özünü doğrultdu. Amma bu iki illik sabitlik dönəmindən sonra Siçan (Siçovul) ili (2020-ci il) haqqında onu deyə bilməyəcəyəm. Çünki Siçovul ili çox qarışıq ildir. Tarixi xronologiyaya nəzər salanda Siçan (Siçovul) ilində baş verənlərin heç də sakit olduğunu görmürük. Müxtəlif, istər vətəndaş qarşıdurması, istər hərbi yönümlü məsələlər, istər müharibə müstəvisində çox qalmaqallı, dərin qarşıdurmaları müşahidə edirik. Azərbaycan da narahat ölkələrdəndir, daim təhdid altında olduğuna görə bu proqnoz bizə də şamil olunur. Yəni 2020-ci il narahat illərdəndir. 

“Hərbi əməliyyat fürsəti görmürəm”

-Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nəsə gözləyə bilərik?

-Qarabağla bağlı gələn il hər hansı qeyri-adi bir şey olmayacaq. Ümumiyyətlə, statistikaya əsaslansaq, görərik ki, seçki illərində heç bir hadisə baş vermir. Amma astroloji baxımdan da bu il heç nə gözlənilmir. Məsələn, ötən il hərbi əməliyyat aparmaq üçün uğurlu olan üç dövr demişdim. Hamısına da əsas oldu- fevral, may və avqust ayları. Fevralda soyrıqım törətdikləri Xocalıda ermənilər bəh-bəhlə bağça tikdilər, açılışını qeyd etdilər, dünya mediasına yaydılar. Həmin vaxt Azərbaycan adi bəyanat belə vermədi. May ayında Paşinyan Şuşanın alınması ilə bağlı ora gəldi və “Qarabağ Ermənistandır və nöqtə” ifadəsini işlətdi. Avqust ayında da Ağdamda ermənilər böyük hərbi təlimlər keçirdi. Bu üç amil də Azərbaycanın hərbi əməliyyatlarına başlamasına əsas verə bilərdi. Hər zaman deyirəm ki, biz gedib müharibə edəsi deyilik. Sadəcə olaraq şanslı ərəfələr olduğunu deyirik. Amma 2020-ci il üçün belə fürsət görmürəm.

“23 proqnozum düz, 2-si səhv çıxdı”

-Hər zaman proqnozlarınız diqqət mərkəzində olur. 2019-cu il üçün verdiyiniz 25 proqnozdan 23-ü özünü doğrultdu. İkisi niyə səhv çıxdı?

-Hələlik ikisi niyə baş tutmayıb, aydınlaşdırılmalıdır. Həmin 2 proqnozdan biri odur ki, dünyada oliqarxlarla, mafiyalarla siyasi hakimiyyətlər arasında münaqişə olacaq. Proseslərə tam izləyə bilməmişəm deyə, politoloq dostlardan xahiş etmişəm ki, araşdırsınlar. Bəlkə də bu proqnoz da özünü doğruldub. Amma 23 proqnoz dəqiq doğru çıxıb. Biri isə səhv çıxdı. Demişdim ki, Avropa dövlətləri 20 ilin ən ağır sınağından keçəcək. Doğrudur, “sarı jiletlilər”in aksiyaları oldu, amma o, tam Avropanı əhatə etmədiyi üçün həmin proqnozu səhv kimi qəbul edirəm.

“Manat ucuzlaşmayacaq”

-Dollarla bağlı maraqlı proqnozunuz var idi, kifayət qədər müzakirə olundu. Demişdiniz ki, dollar heç vaxt 1.55-dən aşağı olmayacaq. 2020-ci ildə manatla bağlı nə gözlənilir?

-2020-ci il avqust ayının sonuna qədər hər hansı bir devalvasiya gözlənilmir. İndiki gedişat göstərir ki, manat sentyabra qədər ucuzlaşmayacaq. Amma indi sentyabrdan sonrakı dövrü təyin etmək çətindir. Ötən il də demişdim ki, mart ayına qədər devalvasiya olmayacaq, elə də oldu. Bu il də avqust ayının axırına qədər devalvasiya olmayacaq.

“Onların 40 faizi parlamentdə olmayacaq”

-2019-cu ilin proqnozunda demişdiniz ki, növbədənkənar heç bir seçki olmayacaq. Amma 2020-ci ildə növbədənkənar seçki olacaq. Köhnə deputatlardan qalanlar olacaq?

-Parlamentin buraxılması məsələsini deməmişdim. Amma növbədənkənar seçki, doğrudan da, olmadı. Köhnə parlament üzvlərindən hamısının bir-bir nəzərdən keçirmişəm. Onlardan minimum 40 faizi yeni parlamentdə oturmayacaq. Onsuz da Milli Məclisdə 11 yer boş idi. Yaşlılar var, rəhmətə gedənlər var. Yəni 50-dən çox deputat yeni olacaq.  
-Demişdiniz ki, 2019-cu ildə 6 böyük məmur istefaya göndəriləcək.
-Bəli, Əli Həsənov getdikdən sonra bu proqnoz tamamlandı, dediyim kimi, 6 məmur istefaya göndərildi. Yaxın günlərdə bütün proqnozların nəticələrini açıqlayacağam.

“Yuxarı eşalondan da istefalar olacaq”

-2020-ci ildə də bu proses davam edəcəkmi?

-Üzümüzə gələn il də istefaya göndərilənlər olacaq. Yuxarı eşalondan da istefaya gedənlər olacaq, amma əsasən köhnələrə bağlı olan məmurlar gedəcək. Onların da böyük episentri icra hakimiyyətlərinə düşəcək. Ən azı 25 icra başçısı birdəfəlik vəzifəsindən uzaqlaşdırılacaq. Yəni yerdəyişmə olmayacaq, birbaşa vəzifəsini itirəcək. Bu da artıq 25 rayon, yeni struktur deməkdir. Yəni ənənəvi islahatlar davam edəcək.

-Struktur islahatları necə, gözlənilirmi? Qurumların birləşdirilməsi, ləğv edilməsi olacaqmı?

-Bu məsələ bizi aşır, onu dəqiq deyə bilmərəm. Bəzən bir naziri çıxarmaq üçün bütövlükdə qurumu ləğv edirlər. 

“Siçan (Siçovul) ilində dini qarşıdurmalar mümkündür”

-Dediniz ki, Siçan (Siçovul) ili sakit keçmir. Ölkədə qarşıdurmalar gözlənilirmi?

-Siçovul ilində, adətən, dini zəmində qarşıdurmalar olur. Ölkə olaraq buna da diqqət yetirməliyik. Xüsusi xidmət orqanlar nəzarət etməlidir ki, dini və etnik qarşıdurmalar olmasın. Bundan hər zaman istifadə olunub. Tarixi xronologiyanı araşdıranda da bunu görmək olar.

Qarşısını ala bilməsək, tədbirli olmasaq, hər zaman təhlükə var. Amma nəzərinizə çatdırım ki, astronomik il yanvarın 25-i başlayacaq, 11 fevral 2021-ci ilə qədər davam edəcək. Yəni söhbət 25 yanvara qədər olan dövrdən getmir. Çünki o dövr hələ Qaban ilidir. Amma ondan sonrakı müddətdə diqqətli olmaq lazımdır. Səlahiyyət sahibləri gərək buna diqqət etsin.

“Media dirçələcək”

- Siçan (Siçovul) ili mediaya, ictimai sektora nə gətirəcək?

-Sizə verdiyim proqnozun biri də o idi ki, Azərbaycan mediasında dirçəlişin şahidi olacağıq. Yeni internet televiziyaları yarandı, hətta rəsmi televiziyalarda artıq tənqidi fikrə daha çox yer verirlər. İctimai kanalda “3D” proqramı, yəni Dadaşlinski televiziya məkanına yenilik gətirdi. Görünür ki, hələ də insanların siyasi təfəkkürü tam ölməyib, ona görə də o verilişə maraq göstərirlər. Əgər əvvəllər şou yönümlü verilişlərə çox baxılırdısa, artıq adi bir siyasi çıxışa daha çox baxılır. Qarabağla bağlı bir videosüjetim var, artıq baxış sayı 100 mini keçib. Bu artıq insanlarda siyasi şüurun inkişaf etməsidir. Siyasi şüur inkişaf etdikdə isə mediaya da maraq çox olur. Hər bir ilin özünün inkişaf etdirdiyi sahələr var. Onlardan biri mediadır, biri də fərdi sənətkarlıqdır. Gələn il də bu sahələr inkişaf edəcək. Hüquqi baxımdan da inkişafın şahidi olacağıq. 2020-ci ili də medianın inkişafı baxımından qənaətbəxş hesab edə bilərik.

Vilayət Muxtar

Cebhe.info


Oxunma sayı: 29965