hava haqqindaBakı
Bu gün 30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.9097
  • NEFT - $ 62.51
  • clouds-weather

Avropa Birliyini dağıdanlar parlamenti ələ keçirdi - TƏHLİL

Avropa Birliyini dağıdanlar parlamenti ələ keçirdi - TƏHLİL

Avropa parlamentinə seçkilərin nəticələri qeyri-adi nəticələri ilə diqqəti cəlb edir. 

İttifaqın əsas qanunverici orqanında daha çox mandat qazananlar daha çox mərkəzdənqaçma tərəfdarı olanlardır. Səsvermə prosesində 420 milyon avropalı seçicinin 52 faizi iştirak edib. Brüsseldə yerləşən “European Policy Centre” analitik mərkəzin eksperti Yanis Emanuilidis hesab edir ki, iqlim dəyişikliyinə etirazlar, məktəblilərin tətili və avroskeptik sağçı populist partiyalardan müdafiə zərurəti insanları seçkiyə səfərbər edib.

AB-nin rəqabət məsələləri üzrə komisarı Marqrete Vestagerin fikrincə, insanlar seçkilərin onlara güc verdiyini dərk ediblər. “Seçkilərdə AB-ni dağıtmaq istəyən partiyalar təmsil olunub. Özünü millətçi adlandıran partiyalar əslində, öz ölkələrini ruslara satırlar. Yəqin, bu məsələ insanları düşünməyə və bu dəfə seçkilərə getməyə məcbur edib”, - deyə o bildirib. Avropa Komisiyasının sədri vəzifəsinə sosial-demokratların namizədi Frans Timmermans da seçici fəallığının yüksək olmasını sevindirici adlandırıb. O, bunu “işlək demokratiyaya əla mesaj” adlandırıb.

“Avropa naminə liberallar və demokratlar alyansı” və “Yaşıllar” - “Avropa azadlıq alyansı” fraksiyaları bu seçkilərdə nəzərəçarpan uğur qazanıblar. Almaniyada “yaşıllar” 20 faizlik nəticə ilə Angela Merkelin mühafizəkar XDİ/XSİ blokunun ardınca ikinci yerdə qərarlaşaraq ASDP-ni geridə qoyub. Bu, partiya tarixində ümum-Almaniya seçkilərində ən yaxşı nəticədir. XDİ və ASDP seçkiqabağı kampaniyada iqlim dəyişikliyi ilə mübarizə mövzusunu layiqincə qiymətləndirmədiklərini artıq etiraf ediblər.

Avropa Parlamentinə seçkilərdə Avropa Xalq Partiyasının əsas namizədi, almaniyalı siyasətçi Manfred Veber ilkin nəticələr elan edildikdən sonra Avropa Komisiyasının başçısı olmaq ambisiyalarını xatırladıb: “Biz yüksək dərəcəli qələbəyə nail olmadıq, amma hələ də Avropa Parlamentdə ən böyük qrupu formalaşdırırıq”.

İlkin nəticələrə əsasən, AXP-dən olan xristian demokratlar yeni parlamentdə 179 mandat ala bilər. Bu da ötən dəfəki seçkilərin nəticələrindən 42 yer azdır. Sosial-demokratlar 150 yerə iddialıdır. “Avropa naminə liberallar və demokratlar alyansı” fraksiyası, əksinə, artacaq. Fransa prezidenti Emmanuel Makronun “İrəli, Respublika” partiyasının mandatlarını nəzərə alsaq, liberallar 107 yerə ümid edə bilər. “Yaşıllar” - “Avropa azadlıq alyansı” fransiyası da 70 yerədək artacaq. İndi AXP və sosial demokratlar ikilikdə Avropa Parlamentində çoxluğu formalaşdıra bilməyəcək. Onlara liberalların, ya da “yaşıllar”ın dəstəyi lazım olacaq. Veber bununla əlaqədar artıq sonunculara müraciət edib: “Ötən axşamın qalibləri sırasında “yaşıllar” da var, ona görə onlar bizim mümkün tərəfdaşlarımızdır. Birlikdə oturub, gələcək beş il üçün layihə işləyib hazırlamaq lazımdır”.

Sağçı populist partiyalara gəldikdə, onlar İtaliya və Fransa kimi bəzi ölkələrdə yüksək nəticə göstərib. Ümumilikdə səsvermənin nəticələri onlar üçün proqnozlaşdırılandan aşağı olub. Sağçı partiyalar ümumilikdə təxminən 150 yer alacaq. Lakin onlar üç müxtəlif fraksiyaya ayrılıb. Analitik Emanuilidis qeyd edir ki, Avropa Parlamentində 80 yeri avropayönlü partiyalar alıb. “Qrup kimi sağçı populistlər bəzilərinin xəbərdarlıq etdiyi kimi elə də güclü olmayıb. 

Onların çoxluq əldə etməyəcəyi aydın idi, ancaq yenə də gözləniləndən daha zəif nəticə nümayiş etdiriblər”. Emanuilidisin fikrincə, Fransada Marin Le Penin başçılıq etdiyi partiyanın yüksək nəticə göstərməsi Emmanuel Makron üçün şəxsi uğursuzluğa çevrilib. “Makron Marin Le Penin birincilik əldə etməməsi üçün siyasi tərəzinin gözünə öz çəkisini qoymağa çalışıb. Amma o, istəyinə nail ola bilməyib” - deyə, ekspert bildirir.

AB ölkələrinin çoxunda böyük mərkəzi partiyalar öz mövqelərini qoruyub saxlaya bilməyib. Eyni zamanda liberalların, “yaşıllar”ın, eləcə də sağçı partiyaların güclənməsi müşahidə edilir. Brüsseldəki analitiklər Avropa Parlamentində parçalanmanın güclənməsindən bəhs edirlər. “Böyük partiyaların tüklərinin yolunduğunu görürük və çoxluğu təmin etmək üçün onlara geniş koalisiya lazımdır” - deyə, Emanuilidis qeyd edib. 

Çox güman ki, iki aparıcı fraksiyanın AXP-xristian demokratlar və sosial demokratların liberal və “yaşıllarla” koalisiyası yeganə variantdır. Sosial-demokratlar, solçu partiyalar, “yaşıllar” və liberallardan ibarət solçu mərkəzçi koalisiya heç nə verməyəcək, eynilə çoxluğu da təmin etməyəcək. Sağçı koalisiya mümkün deyil, çünki xristian demokratlar sağçı populistlər və avroskeptiklərlə alyansa getməyəcək.

“Asan olmayacaq, çünki heç kim başqalarının iştirakı olmadan Avropa Parlamentində kifayət qədər çoxluq əldə etməyəcək. Ona görə yaxın günlərdə hərəkətə keçmək üçün kimin kiminlə danışıqlar apardığını izləmək çox maraqlı olacaq” - deyə, Vestager bildirib. AB-ni tərk etmək istəyən, amma “Brexit”-i vaxtında təşkil edə bilməyən Böyük Britaniyadakı seçkilər xüsusilə qeyri-adi olub. Bu səbəbdən dolayı cümə günü Britaniyanın baş naziri Tereza Mey istefaya gedib. AB-nin əleyhdarı Naycel Faracın yeni “Brexit” partiyası gözlənildiyi kimi 31,5 faiz səslə seçkilərdə qalib gəlib. Hakim mühafizəkarlar partiyası ağır itkilər verir. Yunanıstanda solçu populist baş nazir Aleksis Sipras mühafizəkar müxalifətə məğlub olub. Ona görə baş nazir tezliklə yeni parlament seçkilərinin keçiriləcəyini elan edib. 

Avstriyada mühafizəkar kansler Sebastyan Kursun Xalq Partiyası nəticələrini əhəmiyyətli dərəcədə yüksəldib. Avstriya Azadlıq Partiyasından sağçı populistlər İbizadakı qalmaqallı video yayılmadan öncə səslənən proqnozlardan bir neçə faiz az nəticə əldə edib. Həmin videoda AAP-nin başçısı postundan istefa verən Hayns-Kristian Ştraxenin 2017-ci ildə rus oliqarxın ehtimal edilən qohumuna seçkilərdə dəstək müqabilində dövlət sifarişləri söz verdiyi qeydə alınıb. Almaniyada isə satirik “Martin Zonneborn “Partiya” adlı parodiyalılıq partiyası”nın seçkilərdəki uğuruna sevinir. O, Avropa Parlamentinin yeni tərkibində ən azı iki mandat əldə edib, hərçənd indiyədək heç bir proqram hazırlamayıb.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 1497