hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

Avropa ilə saziş: Azərbaycan nə qazanacaq?

Avropa ilə saziş: Azərbaycan nə qazanacaq?

Xəbər verildiyi kimi, oktyabrın 11-də Avropa İttifaqının (Aİ) yüksək səviyyəli nümayəndə heyəti Azərbaycana gələcək. 

Bildirilir ki, Avropa Komissiyasının qonşuluq və genişlənmə müzakirələri üzrə baş direktorluğunun regional proqramlar bölməsinin rəhbəri Vasilis Maraqosun başçılığı ilə nümayəndə heyəti Bakıda "Şərq Tərəfdaşlığı" proqramının gələcəyinə dair struktur məsləhətləşmələrində iştirak edəcək.

Ümumiyyətlə, Azərbaycanla Avropa İttifaqı arasında imzalanması gözlənilən strateji sazişlə bağlı məsələ ciddi müzakirə olunur. Avropa İttifaqı ilə danışıqların gedişi ilə bağlı fikirlər müxtəlifdir. Bəzi siyasilər bu sazişin imzalanmasının Azərbaycan üçün uğurlu, bəziləri isə uğursuz olacağını bildirir. 

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev hesab edir ki, Avropa İttifaqı və Azərbaycan arasında tərəfdaşlıq haqqında sazişin imzalanması Azərbaycanda demokratiya və insan haqları məsələsinə də müsbət təsirini göstərəcək. O, bildirib ki, Avropa İttifaqının Azərbaycanla daha yaxın əlaqələr qurması barədə qərarı və 1996-cı ildə qəbul edilmiş əməkdaşlıq barədə sazişin əvəzlənməsi çox mütərəqqi və demokratiyaya da müsbət təsir göstərəcək addımdır:

“İki ilə yaxın idi ki, Avropa İttifaqı ilə Azərbaycan arasında ciddi məsləhətləşmələr aparılmırdı və bu illər ərzində vəziyyət heç də yaxşılığa doğru getməyib. Avropa İttifaqı ilə məsləhətləşmələr aparılmadığı müddətdə ölkədə demokratiya sahəsində vəziyyət mənfiyə doğru inkişaf etdi. Danışıqların sürətlənməsinin və sonda saziş bağlanmasının demokratiyaya da müsbət təsir göstərəcəyini söyləmək olar. İndi deyərdim ki, hər iki tərəf daha sağlam və iddiasız düşünməyə başlayıb. Avropa İttifaqı Azərbaycan iqtidarının iradəsini sındırıb özü istədiyi formatda əməkdaşlıq qəbul etdirə bilmədi. Azərbaycan da bu birliklə münasibətləri korlamaqla özünü vacib sərmayə və iqtisadi imkanlardan məhrum etdi. Avropa İttifaqı ilə danışıqlar demokratik inkişaf üçün də müəyyən stimullar yaradacaq. Azərbaycan Avropa İttifaqı ilə danışıqlarda sonda müəyyən güzəştlər etməli olacaq. Çünki, hazırkı ağır sosial durumda Azərbaycanın Avropa İttifaqı ölkələrinin sərmayəsinə, köməyinə və banklarının dəstəyinə ehtiyacı var. Avropa İttifaqı ilə danışıqlara həm demokratik, həm siyasi, həm də iqtisadi baxımdan imkan kimi baxmaq lazımdır. İmzalanması gözlənilən saziş isə konkret olaraq Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətləri tənzimləyəcək”.

Ümid Partiyasının sədri İqbal Ağazadə sazişin imzalanmasının cəmiyyət üçün uğurlu olacağını düşünür:

“Sazişin imzalanması çox uğurlu olacaq. Hər halda, bu, Azərbaycanın yerini bəlli edir. Azərbaycan strateji əməkdaşlıq sahəsində Avropa coğrafiyasının, siyasi düşərgəsinin yanındadır. Təbii ki, əskiklər var, nələrsə imitasiya edilir, bu, zamanın işidir. Cəmiyyət olaraq da bunun üzərinə gedib həll etmək mümkündür. Amma Avropa İttifaqı ilə saziş imzalanmalıdır və cəmiyyət də bunun üçün mütləq mənada dəstək verməlidir”.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu da sazişin imzalanmasına tərəfdardır. Onun fikrincə, bu cür inteqrasiyalar müstəqilliyin möhkəmlənməsinə təminat verən amillərdir:

“Hesab edirəm ki, bu sazişin imzalanması vacibdir. Çünki Avropa İttifaqı siyasi deyil, iqtisadi birlikdir. Doğrudur, Avropa İttifaqı müəyyən şərtlər qoyur, amma Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası olduqca vacibdir. Bu, həm də bizim müstəqilliyimizi möhkəmləndirir. Bir məsələni bilmək lazımdır ki, biz dünyada gedən proseslərə iki aspektdən yanaşmalıyıq: Azərbaycan dövlətinin müstəqilliyi və suverenliyi və insanların hüquq və azadlıqları bəzi hallarda bu iki ideya bir-biri ilə ziddiyyət təşkil etdiyindən bir qayda olaraq üstünlüyü müstəqilliyin və suverenliyin qorunmasına, möhkəmlənməsinə verməliyik. Ona görə də təbii ki, vətəndaşların azadlığı da müstəqilliyin şərtlərindən biridir, amma beynəlxalq təşkilatlara üzv olmaq və qarşılıqlı öhdəliklər götürmək Azərbaycanın müstəqilliyini möhkəmləndirən bir faktdır. Yəni bizim BMT, Avropa Şurası, Avropa Birliyinin üzvü olmağımız müəyyən mənada müstəqilliyimizə təminat verir. Ona görə də iki siyasəti əsas götürərək bu cür inteqrasiya meyillərindən imtina etmək doğru deyil”.

Məsələ ilə bağlı “Cümhuriyət”ə danışan millət vəkili, siyasi şərhçi Elman Nəsirov qeyd edib ki, ölkə başçısı İlham Əliyev və mərhum prezident Heydər Əliyevin müəyyən etdiyi milli mənafeyə söykənən xarici siyasət kursunun sayəsində Azərbaycan beynəlxalq aləmdə çox ciddi tərəfdaş kimi qəbul olunur:

“Bu siyasətin əsas istiqamətlərindən birini də Avropa İttifaqı ilə münasibətlər təşkil edir. Təsadüfi deyil ki, Azərbaycan Avropa İttifaqına daxil olan ölkələrin 900-ü ilə strateji sazişləri imzalayıb. Münasibətlərimiz ikitərəfli formatda da inkişaf tempinə malikdir. Xüsusilə də Cənub Qaz dəhlizi Avropanın meqa layihəsi hesab olunur və bu layihə çərçivəsində də Azərbaycan Avropa münasibətləri çox sürətlə inkişaf etməkdədir. Avropa enerji təhlükəsizliyində yeni, alternativ enerji mənbəyi hesab olunur. Şübhəsiz ki, münasibətlərimizin bundan sonrakı inkişafına səbəb olacaq hüquqi-normativ bazanın daha da möhkəmlənidirilməsi bu gün həmişəkindən daha aktuallıq kəsb edir. Baxmayaraq ki, hələ 1996-cı ildə Azərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlıq müqaviləsi imzalanmışdı. 1999-cu ildən bu sənəd qüvvəyə minib. Həmin dövrdən üzü bəri münasibətlərimizin inkişafı ilə bağlı bir çox ciddi sənədlər qəbul olunub. Həmçinin enerji təhlükəsizliyini özündə ehtiva edən bir çox vacib sənədlər imzalanıb”. 

Politoloqun qənaətincə, hazırki vəziyyətdə Azərbaycan və Avropa İttifaqı münasibətlərinin yeni mərhələyə qalxması üçün “Şərq Tərəfdaşlıq” sənədi əhəmiyyətlidir: 

“Bu sənədi Azərbaycan Avropa İttifaqına təqdim edib. Avropa İttifaqı bu sənədin fəlsəfəsini və mahiyyətini öyrənib. Bu məsələ ətrafında çox ciddi müzakirələr gedir. Bu sənədin imzalanması ilə bağlı fundamental məsələlərdə artıq mövqelər üst-üstə düşür. Müəyyən məsələlərlə bağlı fikir mübadiləsi davam etməkdədir. Oktyabrın 11-də Avropa İttifaqının nümayəndə heyətinin Bakıya gəlməsi də onu göstərir ki, haqqında bəhs edilən sənəd ətrafında ortaya çıxan məsələlərin bir daha müzakirəsi və ortaq məxrəcə gəlmə imkanlarının araşdırılması, tapılması ilə bağlıdır. Ümid edirik ki, belə ciddi təmaslar və müzakirələr nəticə etibarilə Avropa İttifaqı ilə Azərbaycan arasında stareji tərəfdaşlıqla bağlı sənədin daha mükəmməl səviyyədə hazırlanmasını şərtləndirəcək. Bu istiqamətdə işlər gedir və Azərbaycanın da mövqeyi belədir ki, istənilən əməkdaşlıq bərabər hüquqa əsaslanmalıdır, eləcə də qarşılıqlı faydalı olmalıdır. Eyni zamanda ikitərəfli əlaqələrin bundan sonrakı inkişafına töhfə verməlidir. Bundan əlavə həm taktiki, həm də strateji əhəmiyyət kəsb etməlidir. Hesab edirəm ki, haqqında bəhs edilən sənədin imzalanması ilə bağlı məsafənin daha da qısaldılması mənafeyinə xidmət göstərəcək”.

Siyasi şərhçi Fikrət Sadıxovun fikrincə, istənilən halda saziş Azərbaycan üçün uğurludur:

“Bu çərçivədə hər iki tərəfin maraqları nəzərə alınmalıdır. Təbii ki, biz bunu imzalayaraq əsas maddələr və maraqlarımızın əks olunmasına nail olmalıyıq. Tərəfdaşlıq proqramı format olaraq ola bilsin ki, hər hansı uğur qazanmayıb. Hər halda Avropa İttifaqı və Avropa Şurasının təşkilatları ilə əməkdaşlıq edirik. Ayrı-ayrı Avropa ölkələri ilə münasibətlərimiz də yaxşıdı. Təəssüflər olsun ki, “Şərq Tərəfdaşlıq” proqramına Ermənistan da daxildir. Çox istərdik ki, format çərçivəsində Azərbaycanın ərazi bütövlüyünə daha çox üstünlük verilsin və bu maddə həmin sazişdə öz əksini tapsın. Çünki bizim torpaqlarımız işğal altındadır. Bizi narahat edən və maraqlandıran məqam budur. Təbii ki, sazişi imzalayanda bu məqama xüsusi diqqət yetirməliyik”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 1717