hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

Avropa Məhkəməsində praktikası olan vəkildən hökumətə çağırış: “Ermənistanla bağlı müraciət göndərərkən nəzərə alın ki...”

Avropa Məhkəməsində praktikası olan vəkildən hökumətə çağırış: “Ermənistanla bağlı müraciət göndərərkən nəzərə alın ki...”

“İkinci Qarabağ müharibəsinin gedişatında və döyüşlər bitdikdən sonra Ermənistanın işğalçı siyasəti nəticəsində xalqımıza dəyən zərərlərə görə beynəlxalq məhkəmələrə, xüsusilə də Avropa Məhkəməsinə müraciət olunmasının zərurətindən çox danışılır. Hətta məlumatlar var ki, artıq bir sıra müraciətlər göndərilib. Mətbuatda çıxış edən hakimiyyət nümayəndələri, hüquqşünaslar və içtimaiyyət təmsilçiləri son 30 ildə Ermənistanın ölkəmizə vurduğu zərərin əvəzinin ödənilməsi üçün Avropa Məhkəməsinə çoxsaylı şikayətlərin göndəriləcəyini bildirirlər. Aydındır ki, belə şikayətlər ancaq hakimiyyət qurumlarının təşəbbüsü və təşkilatçılığı ilə göndərilə bilər. Çünki şikayətlərin tərtibi üçün bütün məlumatlar yalnız onlarda var”.

Cebhe.info xəbər verir ki, bunu Avropa Məhkəməsində praktikası olan vəkil Əsabəli Mustafayev deyib.

Hüquqşünas bildirib ki, hər bir vətəndaşı kimi o da belə şikayətlərin göndərilməsini alqışlayır:

“Həmin şikayətlərin kimlər tərəfindən hazırlanması haqqında məndə məlumat yoxdur. Bu mövzu barədə bəzi hakimiyyət nümayəndələrinin müsahibələri və çağırışları narahatlıq yaradır. Çünki görürəm ki, həmin şəxslərin Avropa Məhkəməsinin praktikasından və bu praktikanın dəyişmə tendensiyasından məlumatları yoxdur. Bu isə hazırlanıb və göndəriləcək şikayətlərin nəticəsizliyi ilə yekunlaşar. Məsələn, dünən bir hüquqşünas deputat mətbuta verdiyi müsahibəsində son 30 ildə Ermənistanın ölkəmizə vurduğu zərərin əvəzinin ödənilməsi üçün Avropa Məhkəməsinə artıq şikayətlərin göndərildiyini və bundan sonra da çox saylı şikayətlərin göndəriləcəyini bildirib. Görünür hakimiyyət nümayəndələri məlumatsızdırlar ki, belə şikayətlərdə zamanla bağlı Avropa Məhkəməsinin mövqeyi tamamilə dəyişib.

Belə ki, keçən həftə Avropa Məhkəməsi “Səmədov Ermənistana qarşı” işi üzrə qərar qəbul olunub və həmin şikayəti qəbuledilməz elan edib, onu siyahıdan çıxarıb. Məcburi köçkün olan Səmədov öz şikayətində işğal olunmuş ərazidə qalmış mülkiyyətindən istifadə edə bilməməsini göstərib. Məhkəmə qərarını iki amillə əsaslandırıb: Şikayət Ermənistan Avropa Şurasına üzv olunduğu 2002-ci ildən sonra verilib və şikayətin verilməsi ilə (2008-ci il)Ermənistan Avropa Şurasına üzv olunduğu il arasında müddət çox uzundur. Halbuki hamının yadındadır ki, Avropa Məhkəməsi “Çıraqov Ermənistana qarşı” (şikayət 2005-ci ildə verilib) və “Sarkisyan Azərbaycana qarşı” (şikayət 2006-cı ildə verilib) şikayətlərə mahiyyəti üzrə baxaraq ərizəçilərin xeyrinə qərarlar qəbul edib. Bunu deməkdə məqsədim hökümət nümayəndələrinə çağrışdır ki, şikayətlərin effektli olması üçün onların predmetinin düzgün seçilməsinə diqqət yetirsinlər. Həm də milli maraqlara aid məsələləri siyasiləşdirməsin, bu işlərə peşəkarları cəlb etməkdən yayınmasınlar”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 1321