hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0229
  • EURO - 2.0661
  • NEFT - 65.30
  • clouds-weather

Avropada yaşayan soydaşlarımız siyasətə atılır: “Diasporumuz taktikanı dəyişməlidir”

Avropada yaşayan soydaşlarımız siyasətə atılır: “Diasporumuz taktikanı dəyişməlidir”

May ayında Britaniya paytaxtının sakinləri London Məclisinin üzvlərini və şəhərin bələdiyyə başçısını seçəcəklər. London meri vəzifəsi uğrunda mübarizə aparan 20-dək namizəddən biri də azərbaycanlı Kamran Balayevdir. Onun namizədliyini 2017-ci ildə yaradılmış "Renew" mərkəzçi partiyası irəli sürüb.

Kembric və London iqtisadiyyat və siyasi elmlər məktəbinin məzunu olan 39 yaşlı hüquqşünas seçkilərdə çox ciddi namizədlərlə qarşı-qarşıya gəldiyini deyir.

Belə ki, ənənəvi olaraq, London iki iri partiyanın - Leyboristlərlə Mühafizəkarların siyasi rəqabət səhnəsinə çevrilir.

Hazırda şəhərə Leyboristlərin nümayəndəsi Sadiq Xan rəhbərlik edir. O, bu vəzifədə hazırkı Baş nazir, Mühafizəkarlar Partiyasının lideri Boris Conson əvəzləyib.

Maraqlıdır, Avropada və Amerikada siyasətə atılan, seçkiyə qatılan nə qədər siyasi fəal soydaşlarımız var? Onların bu istiqamətdə şansı nə qədərdir?

Mövzu ilə bağlı Cebhe.info-ya danışan "Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi" İctimai Birliyinin sədri Fuad Hüseynzadə bildirib ki, əlbəttə ki, xaricdəki soydaşlarımızın seçkili orqanlarda təmsil olunmaları, yaşadıqları ölkələrin rəsmi qurumlarında məmur olaraq çalışmaları təqdir olunası haldır:

"Bu, yeni nəsil diasporumuzun əsas strateji hədəfi olmalıdır. Çox müsbət haldır ki, son zamanlar müxtəlif ölkələrdə keçirilən meriya, parlament və bələdiyyə seçkilərində azərbaycanlılar da iştirak edirlər. Eyni zamanda soydaşlarımız siyasi partiyalara üzv olaraq fəaliyyət göstərirlər. Amma bu istiqamətdə fəaliyyətin daha da gücləndirilməsinə ehtiyac var.

Xaricdəki soydaşlarımızın siyasi fəallıqlarını artırması yerli cəmiyyətlərə inteqrasiya baxımından müsbət nəticə verəcək. Artıq istər fərdi, istərsə də ümumi ictimai-siyasi fəaliyyətlər yeni dövrün tələblərinə uyğun qurulmalıdır. Bu baxımdan dünya azərbaycanlılarının üzərinə böyük məsuliyyət düşür. Xüsusən, xaricdə yaşayan soydaşlarımız, Azərbaycan diasporunun inkişafında və xaricdə yaşayan azərbaycanlıların, xüsusilə diaspor nümayəndələrinin Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında çevik addımlar atmalıdırlar".

Fuad Hüseynzadə qeyd edib ki, bu baxımdan internetin gücündən istifadə edilməsi vacib amildir:

"Bu məsələ dövlətin diaspor siyasətinin əsas strateji xəttini təşkil edir. Xatırlayırsınızsa, Prezident İlham Əliyev Dünya azərbaycanlılarının III qurultayındakı çıxışında bu istiqamətdə xaricdəki soydaşlarımıza öz tövsiyələrini verib: “Xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarımız o ölkələrin daxili siyasətinin amilinə çevrilməlidir. Artıq bunun vaxtı gəlib çatıb. Həm ölkəmizin inkişafı, həm diaspor təşkilatlarımızın güclənməsi qarşımızda indi belə imkanlar açır.

Soydaşlarımız - azərbaycanlılar yaşadıqları ölkələrdə dövlət, hökumət qurumlarında təmsil olunmalıdırlar. Onların sayı da bəzi hallarda buna imkan verir. Qanunvericilik orqanlarında təmsil olunmalıdırlar. Bunu etmək üçün azərbaycanlılar arasında qarşılıqlı dəstək və birlik daha da güclü olmalıdır”.

Biz hər zaman vurğulayırıq ki, diasporumuz öz strategiyasını həyata keçirmək üçün taktiki yollarını zamana görə dəyişməlidir. Yəni diaspor siyasətində yeni trendlərə üstünlük verilməlidir".

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 2674