hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8961
  • NEFT - 59.01
  • clouds-weather

Avropadan İrana 15 milyard dollarlıq jest, YOXSA XİLAS?

Avropadan İrana 15 milyard dollarlıq jest, YOXSA XİLAS?

Avropa İttifaqı İranla ticarət üçün hazırlanan “Instex” mexanizm fonduna 15 milyard dollar vəsait köçürməyi qərara alıb. 

Ancaq bu qərarın icrası İranın nüvə proqramına dair Hərtərəfli Fəaliyyət Planına qayıtmasından asılı olacaq. Bu barədə İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komitəsinin rəhbəri Moctabə Zunnur məlumat verib. “Avropalılar “Instex”ə üç hissə ilə 15 milyard dollar fonda köçürməyi qəbul etdilər”.

Qeyd edək ki, sentyabrın 4-də Tehran administrasiyası İranın nüvə sazişinə əməl etməsi üçün Avropa İttifaqı tərəfindən irəli sürülən 15 milyard dollarlıq kredit təklifini rədd etmişdi. İran Prezidenti Həsən Ruhani bəyan etmişdi ki, yaxın günlərdə Tehranın Avropa Birliyi ilə razılığa gəlməsi real görünmür. Məlumat üçün bildirək ki, nüvə sazişi ilə bağlı İrana 15 milyard dollar kreditin verilməsi barədə təklifi ilk dəfə Fransa Prezidenti Emmanuel Makron səsləndirmişdi.

Məlum kreditin ayrılması məsələsində İran rəsmiləri fərqli mövqelər nümayiş etdiriblər. Bir müddət əvvəl İranın xarici işlər nazirinin müavini Abbas İraqçı Fransa hökumətinin nümayəndələri ilə keçirdiyi görüşdə bildirmişdi ki, əgər Avropa dövlətləri İrana 15 milyard dollar həcmində kredit ayırsalar, o zaman rəsmi Tehran nüvə sazişinə, əsasən, üzərinə düşən öhdəliklərdən imtina etməyəcək. Onun fikrincə, saziş imzalandıqdan sonra İran öhdəliklərini yerinə yetirsə də, Avropa yerinə yetirməyib. Bu səbəbdən də İran iqtisadiyyatına 15 milyard dollar həcmində ziyan dəyib və Avropa bu ziyanı ödəməlidir.

Bu açıqlamadan sonra Prezident Həsən Ruhani bildirib ki, sentyabrın 6-da İran üzərinə düşən öhdəliklərin azaldılması istiqamətində üçüncü addımını atacaq. Yəni nüvə tədqiqatları və uranın zənginləşdirilməsi davam etdiriləcək. Bununla yanaşı, Prezident Avropa dövlətlərinə əlavə 60 gün də vaxt verildiyini diqqətə çatdıraraq qeyd etmişdi ki, əgər növbəti 60 gün ərzində də Avropa öhdəliklərini yerinə yetirməyə başlamasa, o zaman İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müəyyənləşdirdiyi qaydalar çərçivəsində nüvə proqramını bərpa edəcək.

Xatırladaq ki, 2015-ci ildə ABŞ və bir sıra Avropa dövlətləri İranın nüvə proqramının məhdudlaşdırılması haqqında saziş imzalayıblar. Lakin ABŞ Prezidenti sazişdən birtərəfli qaydada çıxdıqdan sonra Fransa, Böyük Britaniya və Almaniya sazişlə üzərilərinə düşən öhdəliyi yerinə yetirmədilər. Bu dövlətlər İrandan neft almaqdan imtina etməklə yanaşı, maliyyə hesablaşmaları üçün də sistem yaratmadılar.

Bundan sonra İran da üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən qismən imtina etməyə başlayıb. Rəsmi Tehran nüvə tədqiqatlarını bərpa edib və uranın zənginləşdirilməsi işinə başlayıb. Lakin Avropanın öhdəlikləri yerinə yetirəcəyi təqdirdə İran nüvə tədqiqatlarını tam dayandırmağa söz verir.

Politoloq Natiq Miri “Cümhuriyət” qəzetinə bildirib ki, Avropa İttifaqı 5+1 nüvə müqaviləsi çərçivəsində İranın üzərinə götürdüyü öhdəliklərdən imtina etməsini və ya bütövlükdə bu müqavilədən çıxmasını istəmir:

“Artıq üçüncü mərhələdir ki, İran üzərinə götürdüyü öhdəliklərdən müvəqqəti də olsa, vaz keçir. Uranın zənginləşdirilməsi prosesini artırmaqla bərabər, həm də faizini artırır. Son mərhələdə 20-yə yaxın yeni sentrafuqa dövriyyəyə buraxılıb ki, bu da gələcək perspektivdə nüvə bombasının istehsalı üçün zəmin yaradır. Bu baxımdan, Avropanın ən böyük narahatlığı bundan ibarətdir ki, əgər İran nüvə araşdırması yönündə ciddi fəaliyyətə başlayarsa, yaxın 1 il ərzində rəsmi Tehran atom bombasına malik ola bilər. Bu da avro-Atlantik məkan üçün arzuolunan deyil. İran kimi bir ölkənin nüvə silahına malik olması, dünyada heç də sülhə təminat verməyəcək, əksinə, təhlükəsizliyi daha da artıracaq. Təbii ki, bu vəziyyət Avropa İttifaqını narahat etdir. Bu baxımdan, İranı bu qərarlardan vaz keçirmək üçün 15 milyard dollar vəsaitin ayrılmasına qərar verilib. Əsas məqsəd İranın üzərinə götürdüyü öhdəliklərə riayət etməsidir. Hələ Fransa ilə danışıqlarda İran üzərinə götürdüyü öhdəliklərindən tədricən imtina etməsi məsələsinin geri dönüşü olduğunu demişdi. Bununla bağlı şərtlərini də bəyan etmişdi ki, bunun da içərisində İrana 15 milyard dollarlıq uzunmüddətli kreditin ayrılması da vardı. Ancaq bu gün 15 milyard dollarlıq kreditin ayrılması İran üçün yetərli deyil. Doğrudur, İranın indiki iqtisadi böhran vəziyyətində bu maliyyəyə böyük ehtiyacı var. Ancaq gələcək perspektivdə İran istəyir ki, Avropa İttifaqı ABŞ tərəfindən qoyulan məhdudiyyətlərdən vaz keçsin və əvvəlki kimi ticarət əlaqələrini davam etsin. Yəni iqtisadi əməkdaşlıq yönündə Avropa İttifaqının üzərinə götürdüyü öhdəliyi davam etdirməsini istəyir. Ancaq Avropa İttifaqı ölkələrində olan böyük şirkətlər ABŞ-ın sanksiyalarına məruz qalmamaq üçün İrandakı iqtisadi fəaliyyətlərini dayandırıblar. Təbii ki, bu da onların iqtisadi və maliyyə maraqlarına yönəlib. İranı da qane etməyən məqam budur”.

Politoloq onu da qeyd edib ki, 15 milyard dollar kreditin ayrılmasına paralel olaraq, Avropa İttifaqı ABŞ-dan sanksiya və məhdudiyyətləri aradan qaldırmağı da tələb edir: 

“Avropa İttifaqı ABŞ-ın sanksiyalarından yan keçərək İranla əməkdaşlığı davam etdirmək istəyir. Ancaq bu gün Avropa İttifaqı ölkələri hələlik bu sanksiyaları yan keçən qərar qəbul etməyə hazır deyil. Çünki bu məsələdə ABŞ-la anlaşma yoxdur. Fransa Prezidenti İranla ABŞ arasında bir vasitəçilik etmək istədi ki, hələlik ortada ciddi siyasi nəticə yoxdur. Yalnız bu kontekstdə Fransanın ciddi təşəbbüsü ilə İrana 15 milyard dollarlıq kreditin ayrılmasına razılıq verilib ki, bu da hələlik İran üçün yetərli deyil. Hər bir halda bu qərardan sonra İranın reaksiyasından aydın olacaq ki, o bu krediti almağa razı olacaqmı, yoxsa əvvəl irəli sürdüyü şərtləri davam etdirəcəkmi”.

“Əgər İranla ABŞ və Səudiyyə Ərəbistanı arasında hərbi ixtilaf olarsa...”

Natiq Mirinin qənaətincə, ABŞ İrana tətbiq etdiyi sanksiyalardan vaz keçməyəcək: 

“Hazırda regionda vəziyyət gərginləşir. Yəməndə İran tərəfdarı Husi üsyançılarının Səudiyyə Ərəbistanının dövlət neft şirkəti “Saudi Aramco”nun vurması nəticəsində şirkətə ciddi ziyan dəydi. Hücumdan sonra neft istehsalında yaranmış kəsintilər qlobal neft bazarlarında böyük gərginliyə səbəb olub. İran Husilər vasitəsilə Səudiyyə Ərəbistanın “Saudi Aramco” şirkətinə zərbə vurmaqla, dolayısilə ABŞ iqtisadiyyatına və onun regiondakı geosiyasi maraqlarına zərbə vurmuş oldu. Bununla da İran ABŞ-a mesaj verdi ki, ölkəyə yönəlik sanksiyalar və təzyiqlər dayanmadıqca, regionda gərginlik artan xətlə davam edəcək. Təbii ki, bu da ABŞ-ın geosiyasi maraqlarına cavab vermir. Bu qeyri-müəyyənliyin davam etdiyi bir vaxta ABŞ-ın İrana hansısa güzəştlər edəcəyini düşünmürəm. Artıq ABŞ-ın ən nüfuzlu senatorlarının belə, İrandakı ən böyük neft buruqlarının havadan bombalanması ilə bağlı açıqlamaları var. Bu gün İrana yönəlik qısamüddətli də olsa, strateji obyektlərin vurulması ilə bağlı məsələ masada müzakirə olunur. Hələlik Səudiyyə Ərəbistanı neft şirkətinə olunan zərbənin arxasında İranı ittiham etmədikcə, bu yöndə ABŞ-ın Səudiyyəyə hərbi cəhətdən dəstək verməsini istəmədikcə, məsələ bu yöndə gərgin olaraq davam edəcək. Doğrusu, Səudiyyə Ərəbistanı bu məsələdə İranı birmənalı ittiham etmək istəmir. Əgər İranla ABŞ və Səudiyyə Ərəbistanı arasında hərbi ixtilaf olarsa, atəş altında qalan ölkə Səudiyyə Ərəbistanı olacaq. Bu məsələlərə aydınlıq gəlmədikcə, ABŞ İrana sanksiyalarla bağlı qərar verməyəcək”.

Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 1673